Samirə Şükür qızı Quliyeva
BDU “Dədə Qorqud” ETL-in kiçik elmi işçisi
filologiya üzrə fəlsəfə doktoru
samira_guliyeva@mail.ru
XÜLASƏ
“Kitabi-Dədə Qorqud” monumental sənət abidəsi, söz gövhəri, bəşəri bir “Oğuznamə”dir. 1300 il ədəbiyyatımızı poetik enerji ilə qidalandıran bu abidə, əslində tükənməz bədii-estetik düşüncə xəzinəsidir. “Kitabi-Dədə Qorqud” dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən atalar sözü, məsəl, idiomatik ifadələrdən bol-bol, məharətlə istifadə olunmuşdur. Dastanda hər sözün, ifadənin arxasında soykökümüz olan oğuzların keçmiş tarixi durur.
Açar sözlər: mərasim, alqış, poetika, atalar sözləri, Dədə Qorqud, dastan
Ulu öndər Heydər Əliyev göstərirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” (2;7). Qədim zamanlardan bu günə qədər keşməkeşli bir inkişaf yolu keçən, xalqımızın həyatında, formalaşmasında əvəzsiz rol oynayan bu dildə zəngin ədəbi-bədii abidələr yaranmışdır ki, bunlardan biri də 1300 il bundan əvvəl yaranmış “Kitabi-Dədə Qorqud” eposudur. O, Azərbaycan xalqının milli tale kitabı, epik-milli “passportu”, yaxud prof. N.Cəfərovun adlandırdığı kimi, “Azərbaycan xalqının şah əsəri”dir. Təsadüfi deyildir ki, oğuzlar “Dədə Qorqud”u məhz “Qurani-Kərim” kimi müqəddəs sayaraq, ona “Kitab” adı vermişlər.
“Kitabi-Dədə Qorqud“un poetikasına həsr olunmuş bu məqalədə eposun boylarından çıxış etməklə xalq mənəviyyatının tərkib hissələrindən olan adət-ənənə, yuxuyozma, alqış-qarğış, atalar sözləri, and-dua, islami ünsürlər dastanda poetik fiqur kimi araşdırılır.
“Poetika” sözü yunan dilindən tərcümədə poetik incəsənət mənasını verir. Bu termin habelə şairin, yazıçının bədii üslub xüsusiyyətlərini, onun istifadə etdiyi bədii təsvir vasitələrinin məcmusuna deyilir (1;185).
Məhşur rus filosofu R.Yakobson göstərir ki, poetik dili “təsadüfi” digər nitq strukturlarını “təsadüfi olmayan” hesab etmək doğru deyildir, çünki dildə təsadüfi heçnə yoxdur. Hər şey məqsədlidir (9). Onu da demək lazımdır ki, bəzi tədqiqatçılar poetika ilə üslubiyyatı eyniləşdirməyə çalışır. V.M.Jirmunski yazır: “Dilin poetikası haqqında elmi biz ənənə üzrə “üslubiyyat” adlandırırıq. Lakin üslubiyyat poetika məzmununu tam ehtiva etmir; buraya habelə poetik tematika və kompozisiya daxildir” (3; 122). R.Yakobson poetikanı dilçilikdən ayıranlara cavab olaraq göstərir ki, poetik funksiya dilin başqa funksiyalarından təcrid olunmamışdır. Bu baxımdan dilçilik poetik funksiya ilə məşğul olduqda təkcə poeziya ilə məhdudlaşa bilməz (9). Bu isə o deməkdir ki, poetik funksiya daha geniş sahəni əhatə edir, buraya yalnız şeir deyil, nəsr də daxildir.
Əcdadlarımızın məişət həyatını, etik-estetik düşüncəsini tam halda əks etdirən Azərbaycan qəhrəmanlıq eposu sayılan “Kitabi-Dədə Qorqud” dastanının tarixi çox qədimdir. Dastan dil və bədii təsvir vasitələrinə görə şifahi xalq ədəbiyyatının deyil, yazılı əsəbiyyatın xüsusiyyətlərinə daha çox uyğun gəlir. Şifahi xalq ədəbiyyatı nümunələri, xüsusən də dastanlar aşıqlar və digər söyləyicilər tərəfindən ağızdan-ağıza söylənilərək yaradıldığı, təkmilləşib inkişaf etdirildiyi, hətta bəzən müasirləşdirildiyi üçün onlarda ilkin orijinalın dilini olduğu kimi qoruyub saxlamaq mümkün deyildir. Nağılların, rəvayətlərin, dastanların dilində toplama vaxtına və şəraitinə görə müəyyən əməliyyatlar aparılır, hər söyləyici, dastançı ona az və ya çox dərəcədə əlavələrini edə bilir. “Kitabi-Dədə Qorqud”un isə dövrümüzə qədər gəlib çatan əlyazma nüsxəsinin dili leksik tərkib baxımından da, bədii təsvir vasitələri cəhətdən də sabit bir ölçüdə yaranmış ədəbi abidədir. Dastanın ayrı-ayrı boyları arasında leksik tərkibinə görə dil fərqləri yoxdur. Deyə bilərik ki, “Kitabi-Dədə Qorqud”un dili onun mənsub olduğu xalqın zəngin danışıq dilinin geniş imkanlarının güzgüsüdür. Dastan təsvir və ifadə vasitələri baxımından da konkret bir müəllifin bədii təfəkkürünün məhsuludur. Abidənin bütün boylarındaki obrazlı nəsr təhkiyəsi isə məcazlarla zəngin olan şeir nümunələri, lirik parçalar bir-birini tamamlayır.
“Kitabi-Dədə Qorqud” dastanının dili canlı və əlvandır. Bu poetik zənginlikləri yaradan amillərdən biri dastanın dilində atalar sözləri, alqış-qarğış, and-dua ifadə edən kiçik janrların işlənməsidir. Müşahidələr göstərir ki, atalar sözü və məsəllər, alqış-qarğış, and-dua, inanc və digər perimik vahidlər dastanda ibtidai formada deyil, yaranıb inkişaf etdiyi və xalqın dilində özünü tam təsdiqlədiyi şəkildə əksini tapmışdır. Dastanda rast gəldiyimiz ilk janrlardan biri atalar sözü və məsəllərdir. Onlar xalq arasında qanadlı sözlər, ibrətamiz ifadələr və başqa adlar altında yayılmışdır.
Rus atalar sözü və məsəllərdən bəhs edərkən V.İ.Dal göstərirdi ki, “Məsəl xalq arasında gəzən, lakin hələ tamam atalar sözü təşkil etməyən, səlis, qısa danışıqdır, xalq dilində, şivələrdə qəbul olunmuş nəsihətlər, şərti danışıq tərzi, adi ifadə üslubudur” (8; 395).
Dastanın müqəddiməsində 38 atalar sözü, 11 məsəl verilmiş, qalan nümunələr isə müxtəlif boylara səpələnmişdir. Dədə Qorqudun verdiyi xəbərlər məhz atalar sözləri janrındadır, bunun səbəbi oğuzlarda atalar sözlərinin müqəddəs sayılması, onlara hətta Quran ayələri kimi hörmət edilməsi ilə bağlıdır. 15-16-cı əsrlərə aid oğuz atalar sözlərindən ibarət məcmuə bu deyimlə başlayır:
Ataların sözü Qurana girməz,
ancaq Quran yanınca yalın-yalın yalı suz. ( 6; 18)
Mətndən aydın olur ki, oğuzlar atalar sözlərini adi hikmətlər, nəsihətlər kimi deyil, müqəddəs bilgilər kimi qəbul etmişlər. Oğuz eli bu atalar sözləri vasitəsilə idarə olunurmuş. Müqəddimə İslam dininin qaydalarına uyğun olaraq başlayır:
Allah-Allah diməyincə işlər onmaz.
Qadir Tənrı verməyincə ər bayımaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vədə irməyincə kimsə ölməz.
Ölən adam dirilməz.
Çıxan can gerü gəlməz.
Bir yigidun qara tağ yumarısınca malı olsa,
Yığar, dərər, tələb eylər,
Nəsibindən artuğun yeyə bilməz. (4; 31)
Aydın olur ki, bütün işlərin başa gəlməsi, həyata keçməsi üçün ilk növbədə Allah/ Tanrını çağırmaq, ondan kömək diləmək lazımdır. Adamın var-dövlət sahibi olması, onun özündən asılı deyildir. İnsana var-dövləti, mal-mülkü, xoş həyatı yenə Allah/Tanrı qismət etməlidir. İnsanın ölümü də öz başına baş vermir. Ölüm bütün hallarda Allahın əmri ilə baş verir. Heç kəs qismətdən artıq yeyə bilməz.
Dastanda verilən atalar sözü və məsəllər insan tərbiyəsinə təsir göstərən, onun cəmiyyətdə yeri və mövqeyini müəyyənləşdirməkdə mühüm rol oynayan cəhətlərlə, xalqımızın əski etik-estetik dünyagörüşü ilə bağlıdır. Sadəlik, səmimilik insanı xoşbəxtliyə aparan mənəvi dəyərlərdəndir. Burdaki atalar sözləri mənən kamil insan xarakterinin formalaşmasını şərtləndirən əxlaq qaydalarıdır, onu həyatı gözəlləşdirməyə sövq edən yüksək mənəvi amallardır: “Təkəbbürlük eyləyəni Tanrı sevməz”, “Qız anadan görməyincə ögüd almaz” kimi atalar sözləri böyük tərbiyəvi əhəmiyyətli nümunələr kimi eposa daxil olmuşdur.
Xalq məişətində, eləcə də xalq yaradıcılığı nümunələrində alqış və qarğışlar daha çox adamların arzu və istəklərinin həyata keçəcəyinə inamı ifadə edir. Alqış və qarğışlar çox qədimdən folklor janrları tərkibində fəal yer tutsa da, onların toplanması və öyrənilməsinə 80-ci illərdə başlanmışdır. Bu kiçik janrların təkcə şifahi yaddaşda deyil, eyni zamanda bir sıra yazılı mənbələrdə, o cümlədən “Kitabi Dədə Qorqud” boylarında, nağıl, dastan və aşıq şeiri nümunələrində də mühafizə edildiyi göstərilir (7; 85).
Alqış və qarğışlar süjet və obrazın ideya və qayəsinin, arzu və istəyinin bütöv şəkildə dərk edilməsinə kömək edən janrlardan biridir. “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda deyilir: “O zamanlar, bəylərin alqışı alqış, qarğışı qarğış idi” (4; 52 Burdan belə başa düşürük ki, Dədə Qorqud bəyləri nahaq qarğış etməzdilər. Alqış isə yaxşılara, müqəddəslərə, xeyirxahlara edilərdi. Xalq arasında onların özünəməxsus inam tutumu var idi. Edilən alqış, yaxud qarğış yerdə qalmaz, öz sahibini gedib tapardı. Alqışlar dastanda xeyir qüvvələr qütbünü əhatə edir. Dastanda alqışların sayı 95-ə çatır. Onlara nəzər salaq:
Azıb gələn qəzayı Tanrı savsun, xanım hey!
Ol igidim uca tanrı dost oluban mədəd irsün, xanım hey! (4; 32-33)
Yerli qara tağların yığılmasun!
Kölgəlikcə qaba ağacın kəsilməsün!
Qanadların ucları qırılmasun!
Çaparkən ağ-boz atın büdrəməsün!
Qadir Tanrı səni namərd möhtac etməsün, xanım hey! (4; 41)
Bütün boylarda alqışlar təkrar olunur.
Tayfanın ağsaqqalı olan, hər yerdə sözü keçən Dədə Qorqud öz alqışlarını xalqdan əsirgəməmiş, alqışa layiq olanları alqışla, qarğışa layiq olanları qarğışla mükafatlandırmışdır. Dastanda qarğışlar da geniş əks olunmuşdur. Şifahi nitqdə geniş yayılmış bu nümunələri ozanlar tez-tez işlətmiş, katiblər də ozan söyləməsinə sadiq qalmış və onları dastan mətninə daxil etmişlər. Nümunələrə baxaq :
Yarımasun-yarçımasun, bu çoban bizim həpimizi qırar olamı?
Ağzın qurusun çoban. Dilin çürüsün, çoban.
Qadir sənin alnuva qara yassun, çoban.
“Ay əməl azmış, feyli dönmüş, qadir Allah ağ alnına qada yazmış.
Əlün qurusun.
“Yarımasun-yarçımasun Dəli Qarcar eylə mal istədi ki, heç bitməsün” (4; 56)
Qarğışların erkən təsnifatı bu nümunələrin mərasimlərlə, məişət həyatı ilə bağlı yarandığını göstərir. Digər oğuznamələrdə olduğu kimi, dastandaki qarğışlar da öz kökü etibarilə daha əski qaynaqlarla bağlıdır və katiblər həmin nümunələri xalqın canlı danışıq dilindən götürüb eposa daxil etmişdir.
Oğuznamələrdə gördüyümüz alqış və qarğışlar müxtəlif dialekt və şivələrdə yaşamaqdadır. Bu kiçik janrlar bütün poetik tələblərini qoruyub saxlamaqla şifahi və yazılı qaynaqlarda paralel şəkildə yaşaya bilmişdir.
Eposda şifahi ədəbiyyatımızın janrlarından olan andlara da təsadüf edilir. “And” qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə bağlı yaranmışdır: Ay haqqı, Yer haqqı, Torpaq haqqı, İşıq haqqı və s. Qədim insanlar arasında anda inam böyük olmuşdur. Andlar şifahi yaradıcılıqda inam və etiqad bildirir, insanın erkən təsəvvür və görüşlərini, daha konkret çalarlarla əks etdirir. Andın dastandaki nümunələri göstərir ki, o da digər janrlar kimi hələ çox çox əvvəl xalq arasında yaranıb təkamül mərhələsi keçmişdir. Ozanlar bu nümunələrdən istifadə etməklə oğuznamələrə daha böyük poetik siqlət verməyə çalışmışlar.
Abidədə folklorumuzun kiçik janrı kimi dualar da sıx-sıx yer alır. Boylarda Dədə Qorqudun dilindən söylənilən dualar çox vaxt alqışlarla qoşa işlənilir : “Ağ birçəkli anan yeri behişt olsun”, “Ağ saqqallı baban yeri uçmaq olsun”, “Haqq yandıran çırağın yana dursun”, “ Qadir Tanrı səni namərdə möhtac etməsin” və s.
Bir sıra məqamlarda alqışla dua büsbütün eyniləşdirilir. Əvvəldə xatırlatdığımız “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu” söylənilir və bununla da alqışla duanın funksiyası birmənalı olur. Lakin, diqqətli müşahidə yolu ilə dualarla alqışları bir-birindən seçmək olur.
Abidədəki alqış-qarğışlar, and və dualar “Kitabi-Dədə Qorqud”un poetik dünyasının sirlərini öyrənməkdə mühim dəyər daşıyır.
İlk cümləsi Rəsuləleyhissəlamın adıyla başlayıb, son cümləsi də elə bu müqəddəs şəxsin- Həzrət Məhəmməd Mustafa Səlləllahın adıyla qurtaran “Kitabi-Dədə Qorqud” boylarında islami görüş və ənənələr asanlıqla seçilir.
Müqəddimədəki atalar sözləri istər Tanrıçılıq, istərsə də İslam dininin qaydalarına uyğun olaraq Allah/Tanrının adı və tərənnümü ilə başlayır:
Allah-Allah diməyincə işlər onmaz.
Qadir Tənrı verməyincə ər bayımaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz (4; 31).
Soylamadaki ilk atalar sözündə Allah və Tanrı adları paralel işlənmişdir. Bunun səbəbi “Dədə Qorqud” dastanının oğuzların İslam dinini qəbul etməsi prosesini əks etdirməsi ilə bağlıdır. Oğuzlar İslamı qəbul edənə qədər Tanrıçılıq dinində idilər. Oğuzların Tanrısı İslam dinindəki Allahla eyni varlıq olmasa da, oğuzlar Tanrını da varlıq aləminin vahid yaradıcısı kimi qəbul etmişlər.
Oğuzların İslam dinini qəbul etdikdən sonra öz əski dinləri olan Tanrıçılığı asanlıqla yaddan çıxartmamaları “Dədə Qorqud” dastanının təkcə müqəddiməsində deyil, bütün boylarında açıq şəkildə müşahidə edilir. Prof. Nizami Cəfərov buna görə də təsdiq edir ki, Tanrıçılıq dinindən İslam dininə keçid “Kitabi-Dədə Qorqud” dastanının əsas mövzusudur (5; 62) . “Kitabi-Dədə Qorqud” da bir olan Allaha “Üstümüzdə Allah”, “Qadir”, “Qəhhar”, “Haqtaala”, “Yaradan Allah”, “Ucalardan uca”, “Əziz”, “Cabbar”, “Səttar”, “Əhəd”, “Səməd”, “Ulu” və başqa adlarla müraciət olunur. Oğuzların bir olan Allahı islami istiqamətdə qavramaları abidədə Dəli Domrulun, Bəkil oğlu İmranın dilindən söylənilmiş, az qala üst-üstə düşən poetik örnəklərdə, eləcə də Qazlıq qoca oğlu Yeynəyin dediklərində belə təsvir olunmuşdur:
Ucalardan ucasan, uca Tanrı!
Kimsə bilməz necəsən, görklü Tanrı!
Sən anadan doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu yerdə Əhədsən,
Allahü-Səmədsən… (4; 81)
Ulu Allahın “Kitabi-Dədə Qorqud”dakı adlarının əksəriyyəti islamın müqəddəs kitabı, elə abidədə də “Yazılıb-düzülüb göydən endi tanrı elmi” adlandırılan, vəhy yolu ilə Məhəmməd peyğəmbər əleyhissəlama yetişən, Osman Üffan oğlu tərəfindən kitab halına salınan “Qurani-Kərim”dən götürülmüşdür və bu məsələ böyük Qorqudşünas Orxan Şaiq Gökyayın da düqqətindən yayınmamışdır. O, “Dədə Qorqud dastanlarında islami ünsürlər” adlı yazısında bu haqqda yazmışdır. Dediklərimizdən belə qənaətə gəlmək olar ki, islami görüş və ənənələr “Kitabi-Dədə Qorqud”un poetik sirlərinin açılmasında mühüm səciyyə daşıyır.
ƏDƏBİYYAT
- Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı: Maarif, 1988, s. 265
- Heydər Əliyevin dil siyasəti. Bakı: Şirvannəşr, 2009,s. 136
- Жирмунский В.М. Tеория стиха. Ленинград : Советский писатель. 1975, с. 664
- “Kitabi-Dədə Qorqud” dastanı. Bakı: Yazıçı, 1988, s. 265
- Nizami Cəfərov. Eposdan kitaba. Bakı: Maarif, 1999, s. 220
- Oğuznamə S.Əlizadə. Bakı: Yazıçı, 1987, s. 223
- Paşa Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992, s. 477
- В.И.Даль. Толковый словарь. III ч, 1912, с. 797
- https://cyberleninka.ru.article/n/o-spetsifike
POETIC FIGURES IN “KITABI-DEDE GORGUD
Samira Shukur Guliyeva
BSU “Dede Gorgud” ETL, junior scientist
Phd in Philology
SUMMARY
Key words: ceremony, applause, poetics, proverbs, Dada Gorgud, epic
«Kitabi-Dede Gorgud» is a monumental literary monument, a verbal treasure-house «Oguznom», of all mankind. For 1,300 years now, an inexhaustible artistic and aesthetic source of poetic energy has fueled our literature. The poetic language of Dastanov is rich in artistic forms of expression. In this epic, proverbs and sayings, idiomatic expressions, are used with particular skill. In «Kitabi-Dede Gorgud» behind every word spoken there is a former memory of our ancestors «Oguz».
ПОЭТИЧЕСКИЕ ФИГУРЫ В «КИТАБИ-ДЕДЕ ГОРГУД»
Гулиева Самира Шюкюр кызы
БГУ, НИЛ “Деде Горгуд”младший научный сотрудник
доктор философии по филологии,
РЕЗЮМЕ
Ключевые слова: церемония, аплодисменты, поэтика, пословицы, Дед Горгуд, эпос
«Китаби-Деде Горгуд» является монументальным литературным памятником всего человечества, словесной кладезью «Огузнаме». Вот уже на протяжении 1300 лет неиссякаемый художественно-эстетический источник, своей поэтической энергией подпитывает нашу литературу. Поэтический язык дастанов богат художественными формами выразительности. В данном эпосе с особым мастерством употреблены пословицы и поговорки, идиоматические выражения. В «Китаби-Деде Горгуд» за каждым сказанным словом кроется былая память наших предков «огузов».
Şərh yazın