“DƏDƏ QORQUD” ELMİ-TƏDQİQAT LABORATORİYASININ 25   İLLİK FƏALİYYƏTİ

Xalqımız  özünün  ədalətli  mübarizəsini,   milli   xüsusiyyətlərini    əsrlərdən  əsrlərə,  nəsillərdən  nəsillərə  keçirmiş  və  qoruyub  saxlamışdır.  “Kitabi-Dədə  Qorqud” dastanı hər zaman bəşər  mədəniyyətinin  xəzinəsinin   zənginləşməsinə xidmət etmişdir. “Kitabi-Dədə Qrqud” qəhrəmanlıq eposudur, həm də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə ehtiva edən eposdur. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı dünya mədəniyyəti tarixinə “Kitabi-Dədə Qorqud” eposunu töhfə verərək özünün yüksək mənəvi-əxlaqi dəyərlərə malik olduğunu  sübut etmişdir. Milli mənəviyyatımız olan  “Kitabi-Dədə Qorqud” eposu təkcə öz yarandığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə  də folklorumuzun ideya bünövrəsi olaraq qalır.“Kitabi-Dədə Qorqud” dastanının milli tariximizin  öyrənilməsində, milli şüurumuzun formalaşmasında danılmaz rolu vardır. Bütün  siyasi təzyiqlərə  baxmayaraq  dastan sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək  öz millik ruhunu və dəyərini saxlamışdır. 1922-40 –cı illər tədqiqatçıları  Ə.Abid, H.Araslı, Ə.Dəmirçizadə, M.Rəfilinin, “Kitabi-Dədə Qorqud” eposunu araşdırmış, bir çox nüanslara aydınlıq gətirmişlər. Bütün  siyasi təzyiqlərə  baxmayaraq  dastan sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək  öz milli ruhunu və dəyərini saxlamışdır.

“Kitabi-Dədə Qorqud (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan”) dastanı uzun illər təzyiqlərə məruz qalaraq qadağan olunmuş ədəbiyyat siyahısında olmuş, siyasi mühitin dəyişilməsi ilə yeni mərhələyə qədəm qoymuşdur. Artıq qabaqcıl elm xadimləri və ziyalılarımız hər bir vəchlə zamanı eposun xeyrinə dəyişməyə səy göstərirdilər. Bu şərəfli missiyanın ilk nümayəndələri “H.Araslı, Ə.Dəmirçizadə, M.A.Dadaşzadə və M.H.Təhmasib 1957-ci ildə “Kommunist” qəzetində” (06, 26 mart) bəraət məqaləsi ilə çıxış etdilər. Elə həmin ildə H.Araslının “Xalq ədəbiyyatının qiymətli abidəsi – Dədə Qorqudun yeni əlyazması” adlı məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü gördü.

Sonrakı illərdə qorqudşünaslar sırasına qoşulan Ə.Qarabağlı, E.Əlibəyzadə, T.Hacıyev, M.Seyidov,  S.Əlizadə, F.Zeynalov, K.Vəliyev, K.Abdulla, A.Hacıyev, P.Xəlilov, F.Əlimirzəyeva, C.Nağıyev və s. tədqiqatçılar öz araşdırmaları ilə xeyli işlər görmüşlər. Daha sonra dastanın tədqiqi və təbliği istiqamətində V.Vəliyev, P.Əfəndiyev, A.Nəbiyev və b.elm xadimlərinin ali məktəb tələbələri üçün hazırladıqları dərsliklərdə, həmçinin yazdıqları məqalələrdə dastanın əhəmiyyəti, tədrisi məsələləri xüsusi vurğulanır.

Bir nüansı da qeyd edək ki, ümummilli lider H.Əliyevin hakimiyyətə gəlişi, bütün elm sahələrində olduğu kimi ədəbiyyatda da öz təsirini göstərib. Onun hakimiyyəti illərində “Kitabi-Dədə Qorqud” dastanına, onun genişmiqyaslı, hərtərəfli tədqiqinə xüsusi diqqət artırılır. 1999-cu ildə H.Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalamışdır. H.Əliyevin 14 aprel 2000-ci ildə keçirilən yekun iclasında qeyd etdiyi kimi, “hər bir kollektivdə, hər bir şəhərdə, hər bir rayonda, hər bir qəsəbədə, kənddə Dədə Qorqud yada salındı, təbliğ olundu, “Kitabi-Dədə Qorqudun” tanınması üçün xeyli işlər görüldü”. Həmin dövrdə ikicildlik “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının hazırlanaraq nəşr olunması çox mühüm hadisəyə çevrilmişdir. 2000-ci il aprelin 9-da Bakı şəhərində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

         “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi mütəfəkkirlər laboratoriyada fəaliyyət göstərmiş və dastanı müxtəlif istiqamətlərdə araşdırmış, eposla bağlı bir çox elmi yeniliklərə imza atmışlar. “Kitabi-Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində olduqca önəmlidir. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposuna böyük önəm vermiş, türk xalqlarının birliyi üçün böyük əhəmiyyət  kəsb etdiyini vurğulamışdır. Bütün bu sərəncamlar “Kitabi-Dədə Qorqud” dastanına olan marağı artırmış, eyni zamanda beynəlxalq arenada eposun tanıdılmasına böyük təkan vermişdir. “Kitabi-Dədə Qorqud” dastanı 2018-ci ildə UNESCO-nun beynəlxalq mədəni irs siyahısına daxil edilmişdir. Ulu öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyev həmçinin eposa yüksək dəyər vermiş onunla bağlı bir çox sərəncam imzalamışdır. İlk dəfə dastan latın qrafikası ilə çap olunmuşdur, 2004-cü ildə Brüsseldə Dövlət Gömrük Komitəsinin qarşısında  Dədə Qorqud  heykəlinin qoyulması, Bakı şəhəri Nərimanov rayonunda Dədə Qorqud parkının salınması və s. kimi məqamlar Cənab Prezident İlham Əliyevin dastana verdiyi dəyərin bariz nümunəsidir.

Bu baxımdan, laboratoriyada əsas məqsəd yalnız Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olan eposu eyni zamanda elm aləminə yeni məlum olan boyun (13-cü boyun) qaranlıq qalan hissələrini araşdırmaqdan ibarətdir. Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin bildirişinə əsasən 2022-ci ildən laboratoriyada elmi seminar keçirilir, həm əməkdaşlar, həm də tanınmış folklorşünaslar, xüsusən “Kitabi-Dədə Qorqud” tədqiqatçıları seminarda dastanın mifik qaynaqları, coğrafi arealı, sonrakı dastanlarımıza təsiri haqqında məruzələr edirlər.

Bu illər ərzində neçə-neçə əməkdaşlarımız elmi yeniliklərə nail olmuş və bir çox təhsil müəssisələrdə aparıcı vəzifələrə təyin olunublar. Bununla yanaşı BDU-nun və digər ali məktəblərin elmi konfrans və seminarlarında iştirak etmişlər. Həmçinin “Dədə Qorqud” ETL-in əməkdaşları və Gənc istedadlar liseyinin müəllim və şagird kollektivi ilə görüş keçirilmişdir. Görüş “Kitabi-Dədə Qorqud” və Azərbaycan  adlı mövzuya həsr olunmuşdur. Burada şagirdlərə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı geniş məlumat verilmiş və eposun milli mənsubiyyətimiz ilə bağlılığı geniş şərh edilmişdir.

Laboratoriyanın elmi fəaliyyətini yüksək qiymətləndirən “Dədə Qorqud” milli fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq  jurnalının redaktoru Eldar İsmayılov H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” adlı elmi seminarında iştirak edərkən öz çıxışında “Dədə Qorqud” ETL-in genişmiqyaslı tədqiqatlarının yüksək qiymətləndirmiş  və bunun nəticəsi olaraq laboratoriyaya “Dədə Qorqud” mükafatını təqdim etmişdir.

Onu da qeyd edək ki,  2010-cu ildən “Dədə Qorqud Dünyası” adlı elmi-nəzəri junal təsis edilmişdir. Filologiya üzrə fəlsəfə doktoru “Dədə Qorqud” ELT-in müdiri A.V.Nəbiyevanın rəhbərliyi ilə jurnalın nəşri 2021-ci ildən yenidən bərpa edilmiş və 2023-cü ildən beynəlxalq indeks almışdır. Jurnalda  eposun tarixinə və tarixi qaynaqlarına, oradakı etnoqrafiyaya, həmçinin dastanın dilinin müqayisəli öyrənilməsi kimi bir çox məsələlərə diqqət yetirirlir. Dastanın daha geniş və linqvistik istiqamətdə öyrənilməsi proqramlaşdırılmışdır. Onu da qeyd edək ki, jurnalın VI sayı Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olnub. Hal-hazırda jurnalın VIII sayı çapdadır.

Artıq “Kitabi-Dədə Qorqud” dastanının 1325 illiyi, “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının isə 25 illiyi qeyd olunur. Bu münasibətlə jurnalın elmi fəaliyyəti genişləndirilir, o cümlədən respublika daxili və beynəlxalq elmi əlaqələrin yaradılmasına çalışılır.