“KİTABİ-DƏDƏ QORQUD” DASTANI DÜNYA TƏDQİQATLARINDA

https://doi.org/10.36719/2791-3732/9/14-20

Almara Nəbiyeva

Bakı Dövlət Universiteti, 

Filologiya üzrə fəlsəfə doktoru

nebiyevaalmara@mail.ru

Dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə baxımından Azərbaycan xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir. (Heydər Əliyev)

 

Xülasə

       Məqalədə ümumtürk “Kitabi-Dədə Qorqud” eposunun dünya ədəbiyyatşünaslığında öyrənilməsi məsələlərindən bəhs edilir. Epos ümumtürk ədəbi abidəsi kimi türk xalqlarının tarixini, qəbilə, tayfa adət-ənələrini özündə əks etdirirərək, Azərbaycan türklərinin qəhrəmanlıq səhifəsidir. Çünki eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir. Burada vətənə, yurda bağlılıq, qəhrəmanlıq, sədaqət, nifrət, məhəbbət, ayrılıq, ölüm və s. məsələlər əks olunur.  “Kitabi-Dədə Qorqud” dastanında baş verən hadisələrin, əsasən, qədim Azərbaycan torpaqlarında cərəyan etdiyi eposdan gətirilmiş nümunələrlə əsaslandırılır. “Kitabi-Dədə Qorqud” həm də bizim əxlaq kodeksimizdir.

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, dastan, türk xalqları, tədqiqat, əlyazma

 

 

Almara Nabiyeva

Baku State University,

PhD in Philology

nebiyevaalmara@mail.ru

 

THE BOOK OF DEDE KORKUT EPIC IN THE WORLD LITERARY CRITICISM

 

Abstract

In the article, we discuss the study of the Book of Dede Korkut epic in the context of world literary criticism. This epic, regarded as a pan-Turkic literary monument, reflects the traditions of clans and tribes. It also represents the heroic history of an entire nation – the Azerbaijani Turks since its essence is the ideology of heroism. The Book of Dede Korkut epic serves not only as a heroic narrative but also as a book of ethics and a moral codex. It portrays themes such as devotion to homeland, heroism, loyalty, love, separation, death, and other fundamental human emotions and values. The study of this epic began in the early 19th century and continues to this day.

Keywords: The Book of Dede Korkut, epic, Turkish people, investigation, manuscript

 

Giriş

Dünya elm aləminə bəlli olduğu zamandan etibarən, bu günədək dünyanı dolaşan bu möhtəşəm abidənin ilk olaraq aşkara çıxarılması alman şərqşünası Yakob Reyskenin əvəzsiz xidmətləri ilə bağlıdır. Üzərində “Kitabi-Dədəm Qorqud əla lisan-i taifey-i Oğuzan” yazılmış və sonralar “Dədə Qorqud”, “Dədəm Qorqud”, “Dədəm Qorqudun kitabı”, “Kitabi-Dədə Qorqud” və s. adlarla nəşr olunan abidəni ilk dəfə on səkkizinci yüzillikdə tanınmış alman şərqşünası, ərəbşünaslıq üzrə mütəxəssis Yakob Reyske Almaniyanın Drezden şəhərindəki Kral kitabxanasının əlyazmaları saxlanılan bölməsində görmüş və adını kataloqa salmışdır. “Ərəb əlifbası ilə yazılmış bu əlyazmanın ərəb dilində olmaması, ikinci tərəfdən isə abidənin üstündə (1a vərəqində) öz adı ilə yanaşı, Bayburtlu Osman paşanın ölüm tarixinin qeyd olunması (hicri 993, miladi 1585) Yakob Reyskeni bu yazının qədim olmaması qənaətinə gətirmişdir. Buna görə də o, abidəni adi bir əlyazma kimi qeydə almaqla kifayətlənmişdir” [8, s.25-26]. Y.Reyskedən sonra H.O.Fleyşer kitabxanada üzərindəki Osman paşanın ölüm tarixinə diqqət yetirən biblioqraf onu XVI yüzilliyə aid əlyazmalar kataloquna daxil edir. Daha sonralar Fleyşer “Catalogus codicum Manuscriptorum orientalum Bibliothecae Drezdensis, Dresden, 1831, №86” adlı kataloqda bu əlyazma haqqında  məlumat vermişdir: “152 vərəqəlik türkcə məcmuə; kiçik 40, nəsr yazılı, əski şərq türkcəsi və ya Oğuz şivəsi ilə yazılmış “Kitabi-Dədəm Qorqud”dur. İç Oğuz və Daş Oğuz qəbilələrinin Məhəmməd peyğəmbər dövründəki macəralarının hekayələridir” [12, s.30]. Elm aləminə isə Fridrix fon Ditsin əvəzsiz əyani tanışlığı nəticəsində olmuşdur. O, Drezden kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanlarını aşkara çıxarmış, dastanın səkkizinci boyu olan “Basatın Təpəgözü öldürdüyü boy”unu alman dilinə tərcümə edərək “Asiyadan incəsənət və elmə aid xatirələr” kitabının ikinci hissəsində dastanın əhəmiyyətini geniş şəkildə şərh etmişdir [21, s.12].  Həmin boyu Homerin “Odisseya” əsəri ilə müqayisə etmiş, özünün elmi-nəzəri münasibətlərini şərh etməyə çalışmışdır. F.Ditsin “Kitabi-Dədə Qorqud”a həsr etdiyi məqaləsi əlli bir sətirdən ibarət olub belə adlanır: “Homerin Siklopu ilə müqayisədə yeni aşkar edilmiş Oğuz Siklopu”. İmza yerində göstərilir: “Gizli missiyanın məsləhətçisi və prelatı Haynrix Fridrix fon Dits tərəfindən, Halle və Berlin, 1815. Halle Yetimlər evi kitabxanasının komissiyasında” [4, s.3].

Müqayisələr aparan Dits “Dədə Qorqud” hekayələrinin Yunanların Şərqdən aldığını vurğulamışdır.  Dits hələ 1811-ci ildə “Dədə Qorqud”a aid atalar sözləri və hikmətli sözlərin əlyazmasını araşdırmış, onun tərtibçisi və yaxud toplayanı haqqında müəyyən fikirlər söyləmişdir. Lakin kitabda nə “ön söz”, nə də “giriş”ə rast gəlməyən alim başlıqda göstərilən “Oğuz” adı üzərində dayanaraq araşdırmalarını bu istiqamətdə davam etdirir. “Oğuz” adından yola çıxan Dits burada ilk əvvəl oğuzların soykökünün banisi Oğuz xanın dövrünü müəyyənləşdirməyə çalışır. Beləliklə atalar sözlərini dəyərli bir abidə kimi qiymətləndirən Dits, onları (iki yüz atalar sözünü) alman dilinə tərcümə etmiş və onların strukturu, semantikası, fəlsəfi-didaktik məzmunu haqqında orijinal fikirlər söyləmişdir. Müəllif hikmətli sözləri barəsində yazır: “Az sözlə həqiqətin cəzbedici ifadəsi olan bu sətirlər böyük kitablardan çox işıq verir” [6, s.37-38].

Ditsdən sonra dastan üzərində araşdırma aparan Hind-Avropa folklorunun kamil bilicisi Valter Rubendir. O, 1944-cü ildə Helsinkidə çap etdirdiyi “Ozean der Marchenstrome” əsərinin birinci hissəsində “Kitabi-Dədə Qorqud”un təhlilinə həsr olunmuş tədqiqat işi yazmışdır. Tədqiqatçı folkorşünas müqayisəli təhlil prosesində bu abidənin” əxlaqi-səciyyəvi xüsusiyyətlərini, poetik dəyərini, milli keyfiyyətlərini və özünəməxsusluğunu məharətlə aşkara çıxarıb orijinalda olan ən incə mətləbləri də imkan daxilində təhrif edilmədən alman oxucularına çatdırmışdır” [7, s.221].  “Kitabi-Dədə Qorqud” eposunun bütövlükdə tam nəşri Y.Hayna məxsusudur.Alman şərqşünas eposu 1958-ci ildə Sürixdə “Manessa” nəşriyyatında çap etdirmişdir. “Dədə Qorqudun şəxsiyyəti, dastanların tarixi-coğrafi təhlili üzərində dayanan alim özünə qədər olan araşdırmalara tənqidi yanaşmış və onu dünya ədəbiyyatının nadir nümunələri sıralarına layiq hesab edir. [13, s.20].  Y.Hayndan  sonra dastanı alman dilinə  nəşr etdirən Əhməd Şimidedir. O dastanın Drezden nüsxəsini əvvəlcə türk dilinə, 1995-ci ildə alman dilinə tərcümə edir və dörd il sonra  dastanın tənqidi mətnini hazırlamışdır. Bundan sonra “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsi Ə.Şimide tərəfindən tədqiqata cəlb edilərkən, müəllif onun həm türkcə tərcüməsini, həm də əlyazmanın orijinal variantını birlikdə çap etdirmişdir [10, s.280]. Sonralar 2001-ci ildə  ikinci nəşri F.Ditsin dastanla bağlı fəaliyyətini müəyyən etməklə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanı ilə alman qəhrəmanlıq dastanı olan “Nibelunqlar nəğməsi”ni müqayisə etmişdir [21, s.13-14].

XIX əsrin ilk rübündən Fridrix fon Ditsdən başlayaraq, Rusiyada V.V.Bartold, V.M.Jirmunski,

A.A.Divayev, A.N.Kononov, İ.V.Aniçkov, A.Y.Yakubovski, A.N.Samolyoviç, X.Koroğlu kimi alimlər bu ölməz abidə haqqında monoqrafiyalar, məqalələr yazmış və ya mətni çap etdirmişlər.

V.V.Bartoldun dastanla tanışlığı İran eposşünaslığı üzrə tanınmış müəllimi Teodor Nöldekesin sayəsində olmuşdur. Lakin “Kitabi-Dədə Qorqud” dastanlarının surətini çıxarıb alman dilinə çevirən alman şərqşünası T.Nöldeke qarşıya çıxan çətinliklərdən dolayı onu çap etdirə bilmir və həmin materialları istedadlı tələbəsi V.V.Bartolda (1892) verir. Elə həmin vaxtdan Bartold dastanla ciddi məşğul olmağa başlayır. Əvvəlcə V.V.Bartold 1894-cü ildə “İmperator Rus Cəmiyyəti Şərq bölməsinin məcmuəsi” adlı toplunun VIII cildində bu əsər haqqında ilkin olaraq ümumi məlumat vermiş və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nu ruscaya tərcüməsi ilə birlikdə nəşr etdirir və “Türk eposu və Qafqaz” məqaləsində dastanla bağlı fikirlərini  yazır: “Yadımdadır, bir dəfə mən keçmiş türkmən yaradıcılığının yüksək dəyərləri haqqında, xüsusən də adı N.Y.Marrın qeydlərində rastlanan, bir çox mahnılar müəllifi kimi Qafqaz türkmənləri arasında məşhur olan Koroğlu adlı qəhrəman haqqında danışmalı oldum. Ancaq bu poeziya hər hansı mənada yalnız bir nüsxəsi qalan, hansı yollasa Drezdenə gedib düşən orta əsr türkmən abidəsi ilə müqayisə edilə bilməzdi.

Əlyazmanın adı belə idi: “Oğuz tayfalarının dilində Dədə Qorqud kitabı” [3 s.109] adlanır.

“Kitabi-Dədə Qorqud”dastanın boylarını tədqiq edən V.M.Jirmunskinin də “Qorqudşünaslıq”da zəhməti danılmazdır. Onun “Oğuz qəhrəmanlıq eposu və “Qorqudun kitabı” bunun bariz nümunəsidir. [21, s.51].

V.M.Jirmunskinin tədqiqatında “Qanturalının boyu”, “Dəli Domrulun boyu”, “Basatın boyu”,

“Bamsı Beyrəyin boyu”, “Salur Qazan” haqqında bir neçə boyun üzərində daha geniş dayanır və  tarixi-müqayisəli metoddan istifadə edərək maraqlı təhlillər aparır. Məs: “Bamsı Beyrək boyu” və “Alpamış” dastanının müqayisəsini misal gətirmək olar. Rus dilli xalqlar arasında dastanın öyrənilməsi Alla Axundovanın tərcüməsi ilə bağlıdır. “Eposun rus dilinə tərcüməsinə ötən əsrin 60-cı illərində başlayan şairə-mütərcim onu 1989-cu ildə nəşr etdirmişdir [1.s.3]. Bu baxımdan alman əsilli rus şərqşünası V.V.Radlovun Altaylar arasından topladığı nümunə çox əhəmiyyətlidir “(Ölü desəm, ölü deyil, diri desəm, diri deyil. Qorqud ata övliya). Dədə Qorqud haqqında mövcud şaman duasını yazıya alıb nəşr etdirən alim “Türk ədəbiyyatından örnəklər” adlı əsərində Peyğəmbər və Oğuz xan haqqında şəcərə də təqdim edir” [14, s.258]. Cənubi Azərbaycanlı tədqiqatçı Xalıq Koroğlunun yazdığı “Oğuz qəhrəmanlıq eposu” (1976) kitabı qorqudşünaslıqda xüsusi çəkiyə sahibdir [22, s.46-53]. Bu gün də aktuallığını itirməyən bu kitabında alim oğuzların yayılma və yerləşmə arealını tam təfsilatı ilə şərh etmişdir. “Xalıq Koroğlunun araşdırmalarında “Kitabi-Dədə Qorqud” adlı məqaləsində türkoloqun tədqiqatlarını dəyərləndirən L.D.Quluzadə yazır: “…Oğuz qəhrəmanlıq eposu” kitabından başqa X.H.Koroğlu bu qəhrəmanlıq dastanına həsr olunmuş məqalələrin müəllifidir. Həmin çap əsərlərinin icmalını aparsaq, qeyd etməliyik ki, X.H.Koroğlu on iki boyun ədəbi-tənqidi və bilavasitə linqvistik araşdırması ilə yanaşı, dastanın tərcümə məsələləri ilə də məşğul olmuşdur” [9, s.59].

Uluslararası ümumtürk təfəkkürünün möhtəşəm abidəsi dünyanın bir çox aparıcı dillərinə tərcümə olunaraq nəşr edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarının boyları italyan alimi E.Rossinin müstəsna xidmətləri sayəsində italyan dilinə tərcümə edilərək (“Kitab-i Dede Qorqut”) nəşr olunmuşdur. Eposun Vatikan nüsxəsini aşkara çıxaran alim Vatikan nüsxəsindəki altı boyu çevirmiş, sonra isə Drezden nüsxəsindəki digər altı boyun tərcüməsini verməklə, kitab dörd bölümdən (giriş, “KDQ”dakı on iki boyun tərcüməsi, Vatikan əlyazmasının faksimilesi, indeks və lüğət) ibarətdir.

1815-ci ildən “Dədə Qorqud” kitabı Avropa şərqşünaslarının, eləcə də ingilisdilli şərqşünas alimlərin marağına səbəb olub. İlk dəfə 1956-cı ildə C.S.Mandi “Polifem və Təpəgöz” adlı məqaləsi ilə ingilisdilli oxuculara məlumat verir. Daha sonra F.Sümər, A.Uysal və V.Uolker 1972ci ildə “Kitabi-Dədə Qorqud” əsərini ilk dəfə tam şəkildə ingilis dilinə tərcümə ediblər. “Dədə Qorqud” kitabı qısa bir müddətdə daha iki dəfə ingilis dilinə tərcümə edilib. 1974-cü ildə C.Lyuis dastanı ikinci dəfə, həm də çox böyük uğurla ingilis dilinə tərcümə edib. Dastan ingilis dilinə üçüncü dəfə P.Mirabil tərəfindən tərcümə edilib. “Ön söz, on iki boy tərcüməsi, qeydlər və biblioqrafiyadan ibarət olan kitab qorqudşünaslığa böyük bir töhfədir. Hər üç tərcümənin müəllifləri çap etdikləri kitablara yazdıqları ön sözdə “Dədə Qorqud” kitabı, dastanın yaranma tarixi və yeri, onların dünya mədəniyyətindəki mövqeyi haqqında oxuculara qiymətli məlumatlar veriblər” [11, s.14]. C.Lyuisin 1974-cü ildə “Pinqvin” nəşriyyatı tərəfindən çap olunmuş tərcüməsinin orijinalla müqayisəsi göstərir ki, “C.Lyuis dastanların dilini və üslubunu diqqətlə tədqiq etmiş, əsərdə cərəyan edən orta əsrlər tarixini öyrənmiş, dastan haqqında elmi-tədqiqat işlərinin bir çoxunu gözdən keçirmiş və tərcümə işinə böyük məsuliyyətlə yanaşmışdır [14, s.146].

Dastanın ingilis dilinə üçüncü tərcüməsi P.Mirabilə (“The Book of the Oghuz Peoples or Legends Told and Sung by Dede Korkut”) məxsusdur. O girişdə tədqiqatçılar arasında zamanzaman polemikaya səbəb olan “Dədə Qorqud kimdir?” sualına cavab axtarır: “Dədə Qorqud elə əzəmətli aktyordur ki, onun niqabı, nəyi ifadə etdiyini başqasına anlamağa imkan vermir, lakin başqası onun etdiyinə inanır. Aşıq, məsləhətçi, şaman, peyğəmbər və hətta cəngavər kimi onun fəaliyyəti bəşəridir. Bir mənəvi ata kimi o, maddi baxımdan əbədi olan həyatın təminatçısıdır, təbiət sirlərinin bilicisi kimi səma ilə yer arasında ən əvəzsiz vasitəçidir” [15, s.23].

Dastanın fransız dilinə tərcüməsi ilk dəfə olaraq Drezden və Vatikanda saxlanılan XV əsrin iki əlyazmasına istinad edən İstanbul Universitetinin professoru M.Ergin tərəfindən 1997-ci ildə Türkiyədə çap olunmuş kitab əsasında görkəmli türkoloq, akademik Lui Bazen və professor Altan Gökalp tərəfindən tərcümə edilmiş və 1998-ci ildə Parisdə “Qallimar” nəşriyyatında “Lʼaube des peuples” (“Xalqların sübh çağı”) silsiləsində çapdan çıxmışdır. Görkəmli türkoloq, akademik Lui Bazen Drezdenin qədim Saks şahzadə kitabxanasında 1831-ci ildən etibarən 86-cı nömrədəki kataloqda saxlanılan nüsxəsinin daha qədim, daha bütöv və əhəmiyyətli olduğunu bildirir. “O, dastanın əlyazmasının 152 vərəq, 304 səhifə və hər səhifənin 13 sətirdən ibarət olduğunu, ərəb əlifbası ilə naksi stilində çox iti xətlə XVI əsr qərbi-türk qaydalarına əməl etmədən yazıldığını göstərir [2, s.24].

“Kitabi-Dədə Qorqud” eposu səksəninci illərdə Yuqoslaviyada serb-xorvat dilində də nəşr olunmuşdur. Abidəni serb-xorvat dilinə Belqrad Universitetinin professoru Slavolyub Cindiç tərcümə etmişdir. Dastan Belqraddakı “Xalq kitabı” nəşriyyatında nəşr edilmişdir. Dastanın tərcüməçisi həm də kitaba böyük müqəddimə yazmışdır. “Müqəddimədə daha sonra dastanın iki nadir əlyazma nüsxəsi haqqında məlumat verilir. Müqəddimədə mütərcim, həmçinin Dədə Qorqud və Bayındır xan başda olmaqla bütün oğuz qəhrəmanlarının şəxsiyyəti məsələsi üzərində dayanır. Dədə Qorqudun bütün dastanın, yoxsa onun ayrı-ayrı qollarının müəllifi olması, habelə onun real şəxsiyyət kimi mövcudluğu məsələsinə toxunan S.Cindiç belə bir nəticəyə gəlir ki, Dədə Qorqud əsatir yox, real şəxsiyyət olmuşdur, özündə “qədim türk həyatının ruhunu təcəssüm etdirən ənənəvi ozan” kimi məşhurlaşmışdır [18, s.35-36].

Ümümi türk abidəsi olan “Kitabi-Dədə Qorqud”un tanıdılmasında, “Qorqudşünaslıq”da böyük əməyi olan üç araşdırmacı – Kilisli müəllim Rifət, Orxan Şaiq Gökyay və Məhərrəm Ergindir. Türkiyədə “Qorqudşünaslığ”ın əsasını Kilisli  Rifət qoymuş və dastanı ilk dəfə olaraq 1916-cı ildə ərəb əlifbası ilə Türkiyədə nəşr etdirmişdir. Kilisli Rifət tərəfindən qoyulan bu ənənə daha sonralar digər alimlərin M.Cövdət, M.F.Köprülü, A.İnan, P.N.Boratav, Z.V.Toğan, F.Kırzıoğlu, F.Sümer tədqiqatlarında davam etdirilir. Bunlardan xidmətləri ilə “Qorqudşünaslığ”a xüsusi töhfələr verən türkoloq alimlər Orxan Şaiq Gökyay və Məhərrəm Ergindir. Dastanın ilk dəfə latın əlifbası ilə nəşri O.Ş.Gökyayın adı ilə bağlıdır. Onun nəşrə hazırladığı “Dədə Qorqud” [İstanbul, 1938] adlı əsəri Berlin nüsxəsinə dayanmaqla bərabər Drezden nüsxəsindəki şəkillərlə qarşılaşdırılmışdır.Ömrünü dastanın tədqiqinə həsr edən alim bu nəşrdən 35 il sonra Drezden nüsxəsini əsas götürərək Vatikan nüsxəsindəki əlavələrlə birləşdirirək geniş bir tədqiqat aparmış və 1032 səhifəlik “Dədəm Qorqudun kitabı” (1973) adı ilə İstanbulda nəşr etdirmişdir. Bu kitab nəinki türk qorqudşünaslığı, habelə dünya  qorqudşünaslığı üçün təkrarsız bir töhfədir. Belə ki, “O.Ş.Gökyaydan sonra dastan üzərində araşdırma aparan tədqiqatçılar dəfələrlə alimin fikirlərinə müraciət edərək, ondan əvəzsiz mənbə kimi istifadə etmişlər. Hətta dastanın gürcü dilinə tərcüməçiləri və araşdırma müəllifləri Elizbar Çavelidze və Qeorqi Şaqulaşvili qorqudşünaslığın böyük başbiləni O.Ş.Gökyayın 1973-cü ildə çap etdirdiyi “Dədəm Qorqudun kitabı” nəşrinə daha çox əsaslanıblar [19, s.6]. 1018 səhifədən ibarət olan bu kitabda alim dastanla bağlı bütün xırda detalları tədqiqata cəlb edərək fikirlərini elmi faktlarla sübuta yetirmiş və 1980-ci ildə “Dədə Qorqud hekayələri” adlı digər kitabını çap etdirir.

“Qorqudşünaslıq”da xüsusi xidmətləri olan türkoloq alimlərdən biri də Məhərrəm Ergindir. 1958-ci ildə “Dədə Qorqud Kitabı” adlı əsərini Ankarada nəşr etdirdiyi kitaba yazdığı ön sözdə Kilisli Rifət və Orxan Şaiq Gökyayın fikirlərinə münasibət bildirmişdir: “Dədə Qorqud Kitabı bu günə qədər tam halında iki dəfə nəşr edilmişdir. Bunlardan biri 1916-cı ildə K.Rifət tərəfindən ərəb hərfləri ilə hazırlanan nəşr olub təxminən bir nəqldən ibarətdir. İkincisi isə, 1938-ci ildə O.Ş.Gökyay tərəfindən hazırlanan nəşrdir. Hər iki nəşr də “Dədə Qorqud Kitabı”nın əsl nüsxəsinə deyil, o nüsxənin yararsız kopyasına əsaslanmaqdadır. Əsl nüsxəsinə əsaslanmamasına baxmayaraq, O.Ş.Gökyayın nəşri uğurlu olmuş və uzun zaman yaranan ehtiyacı qarşılayaraq son zamanlara qədər bu sahənin başlıca əsəri olaraq öz şərəf və dəyərini saxlamaqdadır” [5, s.13].

Sonralar tədqiqatçı E.Rossi tərəfindən Vatikan nüsxəsinin ortaya çıxması (1952) isə Ergin üçün xoş bir təsadüf olur.  E.Rossi dastanı 1952-ci ildə nəşr etdi və burada hər iki nüsxədəki fərqləri göstərməklə on iki boyun hamısını italyan dilinə tərcümə edir. Təqribən 100 səhifədən artıq giriş hissəsində əvvəlki elmi tədqiqatların nəticələri nəzərə alınmaqla hərtərəfli fəlsəfi, filoloji və tarixilinqvistik və ədəbi şərhlər verilmişdir. 1958-ci ildə nəşr etdirdiyi “Dədə Qorqud” kitabında hər iki nüsxədən bəhrələnən alim çoxlu müqayisələr aparmış və bunları kitabda nömrələr şəklində qeyd etmişdir.

Dastanın digər türk dillərinə, o cümlədən türkmən və qazax dillərinə tərcümə olunaraq nəşr edilməsi Əhməd Axundov, Məti Kosayev və Bəyməhəmməd Karrıyevin adı ilə bağlıdır. Türkmən folklorunun araşdırıcısı olan Əhməd Axundov “Qorqud Atanın kitabı” adlı məqaləsini hələ 1942 ildə və təkrar “Türkmənistan” qəzetində 1994-cü ildə nəşr edilmişdir. İki il sonra Məti Kosayev “Qorqud Ata” eposunun 10 boyunu, eyni adlı məqaləsini “Sovet Türkmənistanı” qəzetində (1945) çap etdirmiş, hətta bəzi boyları orta məktəb dərsliklərinə daxil etdirməyə nail olmuşdur.”1946 ildə SSRİ EA-nın Türkmənistan filialının elmi xəbərlərində [№3,4] “Qorqud Ata” kitabı haqqında yazıları dərc edilmişdir. Sonra o, B.Karrıyevlə birlikdə KDQ abidəsini bütövlükdə Türkmənistan SSR-nin 25 illiyinə hədiyyə olaraq nəşrə hazırlamış, lakin o dövrün “Dədə Qorqud” üzərindəki qadağa və yasaqları müəlliflərə sevinc gətirməmişdir [16, s.92-93]. “Kitabi-Dədə Qorqud” eposunun Qazax dilinə nəşri isə Ə.Konıratbaev ilə M.Baydildaevin adı ilə bağlıdır. Eposun təbliği, yayılması baxımından bu nəşrin böyük əhəmiyyəti vardır.

Eposun İran və İraq İslam Respublikalarında tədqiqi və nəşri yalnız Ərdəbildə “Təpəgöz” nağılı “Təkgöz” adı ilə, eləcə də Marağada “Dəli Domrul” nağılı “Dəli Dümrül” adı deyilirdi. 1968-ci ildə ölməz şairimiz Bulud Qaraçorlu Səhəndin “Sazımın sözü” mənzum əsəri ilk dəfə olaraq “Dədə Qorqud” sözü dillərə düşdü. Dastanın ilk nəşri Həriri Əkbəri və xanım Fəriba Əzəbdəftəri tərəfindən 1976-cı ildə fars dilinə tərcümə olunmuşdur. İranda “Kitabi-Dədə Qorqud” dastanları tam və mükəmməl şəkildə yalnız 1973-cü ildə fars dilinə tərcümə edilərək nəşrə hazırlanmışdır. İranda bu əsəri doğma dilimizdə nəşr etmək isə ancaq islam inqilabından sonra mümkün ola bilmişdir. Belə ki, “Kitabi-Dədə Qorqud” dastanı islam inqilabından (1978) dərhal sonra 1979-cu ildə soydaşımız naşir Məhəmmədəli Fərzanənin müqəddiməsi ilə işıq üzü görmüşür [17, s.46-47].

Bu ölməz abidəyə İraqda ərəb dilinə tərcümə edilərək “Hekayət Dədə Qorqut” adı altında çap edilmişdir. Kitaba ön sözü ədəbiyyatımızın böyük dostu Dr. Əbdüllətif Bəndəroğlu yazmışdır. ”Əsəri ərəb dilinə İraqda və Türkiyədə tərcüməçi, tədqiqatçı, eləcə də yazıçı kimi tanınan Cəlal Polad tərcümə etmiş, ona maraqlı və çox geniş giriş məqaləsi yazmış, indiyə qədər aparılmış tədqiqatlardan və “Kitabi-Dədə Qorqud”un  dünya şöhrətindən söz açmışdır. Ümumiyyətlə, “KitabiDədə Qorqud” İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb edilən əsərdir” [20, s.4]. XIX əsrin əvvəllərindən eposun tədqiqi bu günə qədər davam edir. Dastanın boylarında əks olunmuş süjetləri müxtəlif xalqların əsərlərində görmək mümkündür.

 

Nəticə

Əski dövrün möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” Azərbaycan türkünün qədim tarixini, qəhrəmanlığını, məişətini, adət-ənənəsini, etik-estetik görüşlərini, mifik baxışlarını, bir sözlə, maddi və mənəvi dünyasını bütöv şəkildə əhatə və əks etdirən ensiklopedik bir eposdur. Bu qəhrəmanlıq dastanı xalqımızın əsl tarixi minillikləri aşan ulu əcdadlarımızın, qədim oğuzların yalnız qəhrəmanlıq salnaməsini əks etdirən boylar toplusu olmayıb, bu əski türk etnosunun özünəməxsus həyat və düşüncə tərzi ilə qazandığı dəyərləri sonrakı nəsillərə ötürmək tükənməz abidədir. İki yüz ildən artıq tarixə malik olan Türk (Azərbaycan) dünyasının möhtəşəm epik abidəsi olan “Kitabi-Dədə Qorqud” zamanın hər dövrü üçün aktualdır. Eposun əlyazmalarının hansı dövrə aidliyi, boyların ardıcıllığı, nə zaman yazıldığı, kim tərəfindən qoşulması, Dədə Qorqudun şəxsiyyəti müəyyən mübahisələrə səbəb olsada, əlimizdə olan iki əsas əlyazma nüsxəsi bunu təsdiq edir.

 

Ədəbiyyat

  1. Adıgözəlov H. “Kitabi-Dədə Qorqud” dastanı rus dilində // Kredo, 1 may 2015, səh. 3.
  2. Allahverdiyev Ə. “Kitabi-Dədə Qorqud” dastanları Fransada // filol. e. n. a. dər. al. üçün təq. ol. dis. Naxçıvan: 2004, 130 səh.
  3. Бартольд B.B. Турецкий эпос и Кафказ // Книга моего Деде Коркута. Санкт-Петербург, Наука, 2007. 304 с.
  4. Dədə Qorqud əlyazmasının kəşfindən 200 il ötür. H.F.fon Dits. Homerin Siklopu ilə müqayisədə yeni aşkar edilmiş Oğuz. Gizli missiyanın məsləhətçisi və prelatı Haynrix Fridrix fon Dits tərəfindən. Tərcümə edən: T.İ.Kazımov // Folklor və Etnoqrafiya, 2014. № 3-4, səh. 317.
  5. Ergin M. Dədə Qorqud kitabı, Giriş-mətin-faksimilə. Ankara, Türk Tarih Kurumu Basım Evi, 1989, I, 251 səh.
  6. Əlimirzəyeva F. “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi // filol.
    1. d-ru a. dər. al. üçün təq. ol. Dis. Bakı: 2008, 245 səh.
  7. Əlimirzəyeva F. “Dədə Qorqud” dastanlarının müqayisəli təhlili (Valter Rubenin tədqiqatı əsasında) // Dədə Qorqud 1300. Bakı., 1999, səh. 220-231
  8. Əlimirzəyeva F. “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi // filol.
    1. d-ru a. dər. al. üçün təq. ol. Dis. Bakı: 2008, 245 səh.
  9. Əliyeva S. “Kitabi-Dədə Qorqud”un dili Xalıq Koroğlu tədqiqatlarında // Dilçilik İnstitutunun əsərləri, №1. Bakı: Elm və təhsil, 2014, 59-63 səh.
  10. Fərhadova H. “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsi alman alimi Əhməd Şimidenin tədqiqatında // “Kitabi-Dədə Qorqud” və Türk dünyası” Beynəlxalq elmi konfransının materialları. Bakı: Araz, 2015, səh. 279-282.
  11. İbrahimova V. “Kitabi-Dədə Qorqud” dastanı ingilisdilli alimlərin tədqiqatlarında // Xalq Cəbhəsi, 2016, 29 sentyabr, səh. 14
  12. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası. İki cilddə. Bakı: Yeni Nəşrlər evi, 2000, I cild, 622 səh. Dədə Qorqud əlyazmasının kəşfindən 200 il ötür. H.F.fon Dits. Homerin Siklopu ilə müqayisədə yeni aşkar edilmiş Oğuz. Gizli missiyanın məsləhətçisi və prelatı Haynrix Fridrix fon Dits tərəfindən. Tərcümə edən: T.İ.Kazımov// Folklor və Etnoqrafiya, 2014. № 3-4, səh. 317.
  13. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası. İki cilddə. Bakı: Yeni Nəşrlər evi, 2000, II cild, 568 səh. 14. “Kitabi-Dədə Qorqud” Ensiklopediyası. İki cilddə. Bakı: Yeni Nəşrlər evi, 2000, II cild, 568 səh.
  14. Mirobil P. Dədə Qorqud kimdir? // Dədə Qorqud. Elmi-ədəbi toplu. Tərcümə edəni: S.Əliyev. Bakı: Səda, 2007, I cild, səh. 20-49.
  15. Məmmədli B, Çingizoğlu Ə. Oğuz-Türkmən tayfaları orta əsr qaynaqlarında. Bakı: SDU, 2012, 115 səh. 17. Nağıyeva Ş. Bədii tərcümə: nəzəriyyə və praktika. Bakı., 2009. 246 səh.
  16. Orucova S. “Kitabi-Dədə Qorqud”un tərcümələri // “Kitabi-Dədə Qorqud” və Türk dünyası” Beynəlxalq elmi konfransının materialları. Bakı: Araz, 2015, səh. 5-7.
  17. Paşayev Q. “Dədə Qorqud kitabı”, İraq Türkman ləhcəsi və dilimizin lüğət tərkibi. Dədə Qorqud // Elmi-ədəbi toplu. Bakı: Nurlan, 2011, II (39), 162 səh.
  18. Rüstəmov A., Əliyeva G. “KDQ” və Henrix Fridrix fon Dits. Bakı: Mütərcim, 2016, 72 səh.
  19. Жирмунский В.М. «Огузский героический эпос» и «Книга Коркута» // Книга моего Деде Коркута. Санкт-Петербург, Наука, 2007. 304 с. 22. Məmizadə İ. İranda Qorqudşünaslıq // AMEA Naxçıvan bölməsinin “Xəbərlər”i, 2016, №1, səh. 46-53.

 

 

Daxil oldu: 10.09.2024

Qəbul edildi: 02.10.2024