https://doi.org/10.36719/2791-3732/9/8-13
Adil Babayev
Bakı Dövlət Universiteti,
Filologiya elmləri doktoru, Professor
adilbabayev@bsu.edu.az
Xülasə
Məqalədə Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü N.Cəfərovun elmi yaradıcılığından bəhs olunur. Burada alimin elmi fəaliyyətindən, yazdığı maraqlı elmi əsərlərindən və s. söhbət açılır. Müəllif qeyd edir ki, akademik Nizami Cəfərovun yaradıcılığı çoxşaxəli olduğu kimi çox da məhsuldardır. Alim öz istedadı, zəkası, zəhmətkeşliyi, dərin düşüncəsi, güclü intellektual potensialı, böyük vətəndaşlıq qeyrəti və cəsarəti ilə hamını heyran qoyur. Belə ki, o Azərbaycançılıq məfkurəsini müstəqil elm sahəsi səviyyəsinə qaldırmış, başqa sözlə desək, öz tükənməz enerji və intellekti sayəsində yeni bir elm sahəsi yaratmışdır.
Açar sözlər: N.Cəfərov, alim, Azərbaycançılıq məfkurəsi, elmi əsərlər, intellekt
Adil Babayev
Baku State University,
Doctor of Philology, Professor
adilbabayev@bsu.edu.az
SCIENCE AND SCIENCE DEVOTION
Abstract
This article discusses the scientific work of Nizami Jafarov, a Doctor of Philological Sciences Professor, and a member of ANAS. It highlights the scholar’s scientific activities, remarkable academic works, and other contributions. The author notes that academician Nizami Jafarov’s creative work is multifaceted and highly productive. He impresses everyone with his talent, intellect, diligence, deep thinking, strong intellectual potential, great civic spirit, and courage. Notably, he has elevated the ideology of Azerbaijani identity to the level of an independent scientific field. In other words, through his boundless energy and intellect, he has established a new branch of science.
Keywords: scientist, N. Jafarov, scientific works, the ideology of Azerbaijan, studies, intellect.
Giriş
Çox məmnunam ki, mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərir.
Mən çox böyük bir professoru həmin Mərkəzə başqan təyin etdim. O, bizim Parlamentin Milli vəkilidir. Onlara çox gözəl və tarixi bir bina verdim. (Heydər Əliyev)
Ulu öndərin bu sözləri insanda qəribə fikirlər oyadır. Düşünürsən ki, bu xoşbəxt adamın adını çəkməsə belə Respublika rəhbəri kimin haqqında danışır. Nizami müəllim Allahın ən sevdiyi bəndələrindəndir ki, öz potensialını reallaşdıra bilib. Xoşbəxtliyi hərə öz səviyyəsinə görə izah edir. Bəzisi öz xoşbəxtliyini külli miqdarda pulu olmasında, bəzisi layiq olmadığı vəzifəyə sahib olmasında…Hətta bəzisi maşının nömrəsinin bir rəqəmlə göstərilməsində görür. Nizami müəllim bunların heç birini xoşbəxtlik hesab etməz. O, özünü malik olduğu zəngin istedad, bilik, vətən və xalq məhəbbətində görür. Bəzən ona paxıllıq edənlər belə onun istedadı qarşısında boy əyməli, xoş söz deməli olurlar.
Hələ 22 il bundan əvvəl Nizami müəllim haqqında kiçik bir yazı çap etdirmişdim. 24 il ərzində Nizami müəllim elm, maarif, mədəniyyət, təhsil, beynəlxalq fəaliyyət arenasında çoxlu işlər görmüşdür. Mən bu böyük uğurlar haqqında əvvəlcədən məlumat verdiyimi nəzərə alaraq həmin yazını yenidən təqdim etmək istəyirəm.
Hər dəfə Nizami müəllim haqqında söz düşəndə və ya onu görəndə Ulu peyğəmbərimiz Məhəmməd peyğəmbərin bir kəlamı yadıma düşür: “Nə xoşbəxtdir təbiəti yumşaq olmaqla bərabər, qazancı təmiz, xasiyyəti gözəl olan, daxili varlığının gözəlliyi üzündən də sevilən, şər işlərlə işi olmayan, hamının, hər kəsin etibarını qazanan adamlar”
Artıq heç nə əlavə etməyə ehtiyac yoxdur. Sanki bu sözlər elə Nizami Cəfərov haqqında deyilmişdir. Nizami Cəfərov peyğəmbərimiz demişkən, xoşbəxtdir bir də ona görə ki, onda nadir istedadla zəhmətkeşlik üzvi surətdə birləşmişdir. Həyatda elə adamlar olur ki, onun istedadı olur, amma zəhmətkeşlik çatışmır. Belə adamlar heç nəyə nail ola bilmirlər.
Ümumi dilçilik kafedrasının bərpasına çox böyük səy və zəhmət sərf edən Nizami müəllim, bu sahədə onunla həmfikir olanların yaxından köməyi ilə 2001-ci ildə məqsədinə çatdı. Ümumi dilçilik kafedrası öz əvvəlki dərsləri ilə yenidən açıldı. Fakültə kollektivinin ümumi razılığı və BDU-nun böyük elmi şurasının qərarı ilə Nizami Cəfərov yekdilliklə Ümumi dilçilik kafedrasının müdiri seçildi. Nizami Cəfərovun yaşı çox deyil, amma qazandığı, layiq görüldüyü titulların sayı çoxdur.
Nizami Cəfərov 1959-cu ildə Ağstafada anadan olmuşdur. 1967-ci ildə orta məktəbin birinci sinfinə gedərək 1977-ci ildə orta məktəbi bitirmişdir. 1977-ci ildə o vaxt kı, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, tələbə ikən özünün gələcəyin görkəmli alimi və ictimai xadimi olacağını göstərə bilmişdir. 1982-ci ildə filologiya fakültəsini fərqlənmə dıplomu ilə bitırərək elə həmin il aspiranturaya daxil olmuşdur. 3 il ərzində aspiranturanı bitirmiş və namizədlik dissertasiyasını (Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı) müdafiə etmişdir. Elmi axtarışlar sahəsində çox ardıcıl və səmərəli iş öz nəticəsini verdi. Namizədlik dissertasiyası müdafiəsindən cəmi 6 il sonra-1991-ci ildə “XVIII əsr Azərbaycan ədəbi dili” mövzusunda yazdığı əsəri uğurla müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alır. Beləliklə, 32 yaşında elmlər doktoru olur. 199293-cü illərdə onda türkçülük ideyaları daha da güclənir. 1992-1993-cü illərdə “Turan” qəzetinin baş redaktoru kimi onun fəaliyyəti bunu bir daha sübut edir. Azərbaycan ədəbiyyatı üzərində apardığı uğurlu tədqiqatlar onun Azərbaycan yazıçılar birliyinə üzv qəbul edilməsi ilə nəticələndi. Yazıçılar Birliyinin üzvü kimi onun elmi fəaliyyəti daha qabarıq şəkildə özünü göstərdi. Azərbaycan Yazıçılar Birliyinin katibliyi birliyin son qurultayında ədəbiyyatımızın mühüm problemlərindən biri haqqında məruzə etməyi Nizami müəllimə tapşırdı. Qeyd etmək lazımdır ki, bu məruzə Nizami müəllimin daha da irəli getməsi üçün bir stimul rolu oynadı.
1999-cu ildə o, əməkdar elm xadimi kimi yüksək fəxri ada layıq görüldü. Bir ildən sonra – 2000-cı ildə Ağstafalılar öz istedadlı həmyerlilərinə etimad göstərərək onu (Nizami Cəfərovu) Azərbaycan Milli Məclisində özlərinin nümayəndəsi (millət vəkili) seçdilər. Bir ildən sonra 2001-ci ildə Nizami müəllim Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildı. Bu respublika filoloji ictimaiyyətinin (xüsusilə dilçilərin) sevincinə səbəb oldu. Elə həmin il Azərbaycanda Atatürk mərkəzinin müdiri təyin edildi. Cəmi bir ilin sürəcində Nizami müəllim, bu mərkəzin müdiri kimi çox böyük işlər görmüşdür. Bu, o deməkdir ki, Nizami müəllimin potensialını reallaşdırmaq üçün gözəl şərait yaranmışdır. 1998-ci ildən Nizami müəllim Bakı Dövlət Universiteti nəzdində filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Təhsil Nazirliyi və Elmlər Akademiyasının ixtisaslaşdırılmış şurasının sədridir. Eyni zamanda (1998-ci ildən) Respublika Təhsil Nazirliyi Elmi Metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin sədridir.
Hətta gənc yaşlarından alim, onlarla kitab və kitabçanın, elmi məqalənin müəllifidir. Onlarla alimin elmi rəhbəri və opponenti olaraq elm aləminə gəlməsinə səbəb olmuşdur.
Nizami müəllimin elmi fəaliyyətinə nəzər salanda M.F.Axundovun Puşkin haqqında dediyi sözlər yada düşür. Çünki adi adamın necə illər ərzində keçdiyi yolu Nizami müəllim çox qısa müddətdə gənc yaşlarında keçə bilmişdir. M.F.Axundov da Puşkin haqqında demişdi:
Əgər şeir mülkünü Derjavin tutmuşsa da,
Puşkin cavan yaşında sahib olub bu ada [1, s.24].
Nizami müəllimin ömrünün gənc çağlarında yüksək zirvələri fəth etməsi heç kəsə qəribə görünmür. Çünki o bu zirvəni öz istedad və zəhməti sayəsində fəth etmişdir. Bır dəfə 1985-ci ildə Ü.Hacıbəyovun yubileyində rus yazıçılarından biri öz çıxışında belə dedi: “Sizin xalqda hamıya, hər şeyə ağız büzmək dəbdədir. Mən bütün şair və yazıçılarınıza ağız büzdüklərini görmüşəm. Təkcə bir Üzeyir Hacıbəyova ağız büzən yoxdur” [10, s.24].
Eyni sözləri Nizami müəllim haqqında da demək olar. Heç kəs Nizami müəllim haqqında ağız büzmürsə, bu onun xoşbəxtliyidir. Bütün bunlar bizə tam əsas verir deyək ki, Nizami müəllimin rəhbərliyi ilə ümumi dilçilik kafedrası Muxtar müəllimin və “Ağamusa müəlimin vaxtındakı şöhrətini özünə qaytaracaq” [2, s.164-168].
Bu yazı çap olunandan sonra 22 il ərzində N.Cəfərovun istər şəxsi həyatında, istəsə də elmi fəaliyyətində çoxlu inkişaf-yeniliklər olmuşdur. Bu yeniliklər N.Cəfərovun həyat şəcərəsidir. Onlara qısaca nəzər salaq:
1985-ci il, Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi 1987-ci il, “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri
1991-ci il, BDU Türkologiya kafedrasının müəllimi, professoru.
1994-2001-ci illər, BDU Filologiya fakültəsinin dekanı
2001-2015-ci illər, BDU Ümumi dilçilik kafedrasının müdiri
2019-cu ildən bu günə qədər Ümumi dilçilik kafedrasının müdiri
Yenilikçi alim kimi ADA Universitetində yeni fənn “Azərbaycançılıq” adlı kurs tədris edir.
Tədrisdən kənar işlər
1997-ci il, AAK filologiya üzrə Ekspert Şurasının üzvü
1997-ci il, AAK filologiya üzrə İxtisaslaşmış doktorluq şurasının üzvü
1997-ci il, Respublika Təhsil Nazirliyi “Azərbaycan dili və ədəbiyyatı” üzrə elmi-metodik şurasının sədri
1999-2003-cü illər, BDU Filologiya fakültəsi nəzdində “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri
2003-cü il, AAK filologiya elmləri üzrə Ekspert Şurasının sədri Mükafatları və ictimai fəaliyyət
2001-ci il, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
2008-ci il, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir
2000-ci il – II çağırış, 2005-ci il – III çağırış, 2010-cu il – IV çağırış, 2015-ci il – V çağırış, 2020-ci il – VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
2004-cü il, Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev medalı” ilə təltif edilmişdir.
2000-ci il, Azərbaycan Respublikası “Əməkdar elm xadimi” fəxri adını almışdır
2019-cu il, 20 sentyabrda Respublika Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdu [7, s.360-375].
Respublikamızda çox dar çərçivədə elmi fəaliyyət göstərən, amma zamanın, arxa-köməyin və çoxlu başqa motivlərin hesabına Elmlər Akademiyasının üzvü – akademik olanlar olmuş və vardır. Amma Nizami Cəfərov öz istedadı, zəkası, zəhmətkeşliyi, dərin düşüncəsi, güclü intellektual potensialı böyük vətəndaşlıq qeyrəti və cəsarəti ilə hamını heyran qoyur.
Belə ki, o, Azərbaycançılıq məfkurəsini müstəqil elm sahəsi səviyyəsinə qaldırmış, başqa sözlə desək, öz tükənməz enerji və intellekti sayəsində yeni bir elm sahəsi yaratmışdır. Onun yaradıcılıq imkanları geniş olduğu qədər də çox şaxəlidir: “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi”, “Ümumi türkologiya”, “Azərbaycan dilinin inkişaf yolları”, “Azərbaycanşünaslıq – onun bütövləşməsi, tarixi və problemləri”, “Türk ədəbiyyatı və ədəbiyyatşünaslığı”, “Azərbaycan mədəniyyətşünaslığı” və s. Qeyd edim ki, bu sahələrin hər biri haqqında böyük alimin çoxlu araşdırmaları vardır ki, onların hər birinə aid kitab və dissertasiyalar yazılacaqdır.
Bir neçə misalla fikrimizi yekunlaşdırmaq istədik, çünki bir məqalədə geniş məlumat vermək olmaz.
Azərbaycan dilinin tarixi problemi. Bu barədə çoxlu fikirlər yayılmış, hər müəllifin öz mövqeyi ortaya qoyulmuşdur. Belə ki, bəzi alimlər savadsızlığı ucbatından, bəziləri də qəsdən Azərbaycan dilini, onun tarixini saxtalaşdırmağa çalışmışlar. Belə ki, bütün fars baş alimlər kimi, başda Seyid Əhməd Kəsrəvi olmaqla bir sıra Cənubi Azərbaycan “Alimləri” azərbaycanlıların fars-ariya dilli olduğunu, XIXII əsrdə bura gələn oğuzların təsiri ilə “Türkləşib, türkdilli olduğunu” iddia etmişlər. Onlar başa düşməmişdirlər ki, dil paltar deyil, bunu çıxarıb onu geyəsən.
Azərbaycanda eramızın ilk əsrlərindən etibarən türkçülüyün mövcudluğu nümayiş olunur. Və həmin əsrlərdən I minilliyin sonu II minilliyin əvvəllərinə qədərki dövrdə Azərbaycanın həm Şimalında, həm də Cənubunda türklüyün, həmçinin genişlənməsi, türkcənin həmin regiondakı İran, İber-Qafqaz dillərini sıxışdırması müşahidə edilir ki, bu mənada eramızm I minilliyi Azərbaycanın türkləşməsi dövrüdür.
Bir sıra tədqiqatçılar Azərbaycanın türkləşməsi prosesini daha çox linqvistik bir proses hesab etməyə, həmin hadisənin mürəkkəb etnososial təbiətini nəzərə almamağa meyllidirlər – onların fikrincə, Azərbaycanın türkləşməsi artıq müəyyənləşmiş qeyri-türk mənşəli Azərbaycan cəmiyyətinin, yaxud xalqının türkcəni buraya köçən (inkişaf səviyyəsi yerlilərinkindən aşağı olan) türklərdən qəbul etməsi şəklində olmuşdur. Həmin qənaətlə razılaşmaq ona görə çətindir ki,
- türklər Azərbaycana təxminən min illik bir dövrdə müəyyən fasilələrlə, bununla belə, böyük kütlələrlə gəlmiş, V-VII əsrlərdə (yəni İslamın yayıldığı ərəfədə) ölkə əhalisinin həm əksəriyyətini, həm də sosial-siyasi baxımdan fəal hissəsini təşkil etmişlər;
- türklərin meydana çıxmasına qədər Azərbaycanda mövcud olmuş İber-Qafqaz (Şimalda) və İran (əsasən Cənubda) etnosların Azərbaycanın Şimalını və Cənubunu əhatə edəcək Azərbaycan şuperetnosunu yaratmış olduqlarını güman eləmək nəinki çətindir, hətta demək olar ki, qeyrimümkündür;
- Azərbaycana gələn hun türkləri, qıpçaqlar, oğuzlar da həmin regiondakı qeyri-türk mənşəli etnoslarla daha çox “diplomatik əlaqadə” olmuş, xüsusilə oğuzlar tarixin onlara verdiyi böyük səlahiyyətdən istifadə edərək, nəinki qeyri-türk mənşəli etnoslara, özlərinə qədər Azərbaycanda yaşamış türk mənşəli etnoslara xüsusi iddia ilə yanaşmışlar [5, s.15-16].
Akad. N.Cəfərov ümumi türkologiyanın bir sıra mübahisəli məsələlərinə aydınlıq gətirmişdir. Belə ki, o, türk etnoslarının meydana gəldiyi – tarixə qədəm qoyduğu dövrlərin yeni eradan əvvəl II əsrə aid olduğunu faktlarla təsdiq edir. Hətta türk etnoslarına qohum olan monqollardan, tunquslardan, ümumiyyətlə Altay türklərinin tarixi haqqında inandırıcı faktlar təqdim edir və haqlı olaraq göstərir ki, Türk dünyası türkün dünyasından başlanır. Bu, o deməkdir ki, türklərin tarixi ən azı üç fundamental fakta, yaxud göstəriciyə dayanır.
Ümumtürk tarixini geniş araşdıran alim türk xalqları içində öz qəhrəmanlığı, milli mütəşəkkiliyi, intellektual səviyyəsi ilə seçilən Azərbaycan türkləri və onların tarixi haqqında da bəhs edir. Alim bu haqda “Türkologiyaya giriş” adlı əsərində deyir: “Sayca ikinci böyük türk xalqı azərbaycanlıların və ya Azərbaycan türklərinin təşəkkülü isə başqa şərtlər altında baş verir…
Azərbaycan coğrafiyasında türklərin məskunlaşmasının tarixi eramızdan əvvəlki minilliklərə gedib çıxır. Lakin Azərbaycan xalqı və ya Azərbaycan türklərinin elmə məlum olan formalaşma prosesi e.ə.-ki son əsrlərdə hun-qıpçaqların Xəzər dənizinin qərb sahillərinə hücumu ilə başlayır. Və onu sonrakı əsrlərdə uzun zaman davam edən oğuz yürüşləri tamamlayır.
Azərbaycan türkləri ilə Türkiyə türklərinin müstəqil xalqlar olaraq ayrılması orta əsrlərin sonlarına düşür. Və siyasi proseslərlə bağlıdır. XVI əsrin ilk illərində yaranan Azərbaycan səfəvilər dövləti Azərbaycan xalqının həm siyasi coğrafiyasını müəyyənləşdirir, həm də etnik konsolidasiyasını təmin edir. Şah İsmayıl Xətainin liderliyilə təşəkkül tapan bu dövlətin mövcudluğu dövründə Azərbaycan xalqı formalaşır. Azərbaycan dilinin Şah İsmayıl Xətaidən (XVI əsrdən) başlayan özünəməxsusluq axtarışları Molla Pənah Vaqiflə (XVIII əsr) yekunlaşır ki, artıq bundan sonra Azərbaycan dili (türkcəsi) barədə inamla danışmaq mümkündür.
XVIII əsrin ortalarında Azərbaycan kiçik xanlıqlara parçalanır, XIX əsrin əvvəllərindən isə Şimalı Rusiya imperiyası tərəfindən işğal olunur, Cənubu isə İranın tərkibinə düşür. Və beləliklə, bu günə qədər Şimali və Cənubi olmaq üzrə iki Azərbaycan, ancaq bir xalq (və) mövcuddur. “Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra ölkədə müəyyən mədəni inkişafın getməsi, şübhəsiz, etiraf edilməlidir. Lakin o da etiraf edilməlidir ki, xalqın siyasi iradəsi bütünlüklə əlindən alındı” [6, s.121].
Mədəniyyətşünaslıq da alimin araşdırmaları arasında xüsusi yer tutur. Bu sahədə çoxlu fikirləri sırasında 1992-ci ildə Xeybər Göyallıya verdiyi müsahibə də maraqlıdır.
Sual: Millət birinci özünə güvənməlidir. Özünə güvənməyən xalq başqasına “yem” olur. Bir vaxtlar rus mədəniyyətinə söykəndik. Sonra diksindik. İndi də Türkiyəyə meyl edirik.
Cavab: Azərbaycan mədəniyyəti türk mənşəli mədəniyyətdir, lakin elə bu başdan deyək ki, müəyyən özünəməxsus əlamətlərə də malikdir – həmin əlamətlər tarixi inkişaf prosesində qazanılmış, XVI-XVII əsrlərdən etibarən kifayət qədər sistemli şəkildə təzahür edir. Və Azərbaycan milli mədəniyyətinin (ümumiyyətlə, Azərbaycan millətinin) təşəkkülü də həmin dövrə düşür… Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan millətinin təşəkkülü, hər şeydən əvvəl, mədəniyyət aktı olmuşdur: millət “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” ilə, Qurbani, Aşıq Abbas Tufarqanlı, xəstə Qasım ilə, Molla Nəsrəddin lətifələri ilə bir dövrdə yaranmışdır. Bu mədəniyyətin “təzyiq”i ilə formalaşan milli təfəkkürün bu gün tənəzzül dövrü keçirməyə mənəvi haqqı yox idi… Lakin otuzuncu illərdən başlayaraq, Azərbaycana yeridilən “Ümumdünya mədəniyyəti” millətin estetik təfəkkür enerjisinin “boş yerə sərf olunmasına” gətirib çıxardı: heç kimə lazım olmayacaq romanlar, tablolar, simfoniyalar, heykəllər “yaradıldı” [7, s.43]. Göründüyü kimi akad. N.Cəfərov Azərbaycan xalqının mədəniyyət tarixini gözəl bildiyi kimi, mədəniyyətşünaslıq elmimizin tarixində öz böyük imzası ilə əbədi yaşayacaq. Yuxarıda dediyimiz kimi, bir məqalədə neçə kitab yazıla biləcək bir mövzuda hər şeyi demək olmur. Ona görə də onun kitabları haqqında bir neçə söz demək istərdik. Əvvəlcə onu qeyd edək ki, Nizami müəllimin yaradıcılığı çoxşaxəli olduğu kimi çox da məhsuldardır. Son olaraq onun kitabları haqqında bir neçə kəlmə demək istərdim.
Alimin 2018-ci ilə qədər 115 kitabı çap olunmuşdur. Bunlardan:
- Dilçilik – 7
- Ədəbiyyatşünaslıq – 41
- Türkologiya – 10
- Azərbaycanşünaslıq – 11
- Publisistika – 17
- Dərsliklər – 20
- Proqramlar – 2
- Seçilmiş əsərləri – 7 [7, s.360].
Bundan əlavə, Azərbaycanda Atatürk mərkəzinin əhəmiyyəti və fəalyyəti haqqında da geniş danışmaq olar [8, s.360]. Nizami müəllim 20 il Respublika Milli Məslisinin deputatı kimi, möhkəm əqidəli bir türk oğlu türk kimi öz sahəsində uğurlu işlər görmüşdür.
Nəticə
2001-ci ildən Azərbaycan Atatürk Mərkəzinin direktoru kimi bütün türk dünyası üçün çox böyük işlər görmüşdür. Buna görə də bu sahədə Prezidentin etimadının necə yüksək olduğunu onun təbriki ilə yekunlaşdırmaq istərdik. Prezident İlham Əliyev böyük etibarla deyirdi: “Mən ümid edirəm və əminəm ki, burada Azərbaycanda fəaliyyət göstərəcək Atatürk Mərkəzində Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcəkdir. Mən Atatürk Mərkəzinə uğurlar arzulayıram. Sizin hamınızı bu tarixi hadisə münasibətilə təbrik edirəm” [2, s.332].
Ədəbiyyat
- Axundov M.F., A.S.Puşkinin ölümünə şərq poeması. Bakı, “Azərnəşr”, 1937.
- Babayev, A. “Dilçiliyimizin məbədi” (Об истории кафедры Общего языкознания кафедрой руководит Н.Джафаров) / A.Babayev. – Bakı: BDU, “Azərnəşri” – 2002.
- Babayev, A. N. Cəfərov “Seçilmiş əsərləri” / A.Babayev. – Bakı: “MSV” nəşr, 2023, s. 332.
- Babayev A., “Seçilmiş əsərləri” / Bakı: “MSV” nəşr, 2023.
- Babayev A., “Azərbaycan dilçiliyinin tarixi”/ I cild, Bakı: “MSV” nəşr, 2015.
- Cəfərov N. “Türkologiyaya giriş”- Bakı, 2016.
- Cəfərov N. “Azərbaycan mədəniyyəti məsələləri”, BDU nəşri – Bakı, 2000.
- Джафаров, Н. Избранные труды (в пяти томах) / Н.Джафаров. – Баку: – 2007. – Том 1.
- Джафаров, Н. Введение в тюркологию/ Н.Джафаров. – Баку: Наука, – 2016.
- Слово об Узеире Гаджибекове (выступление в 100 летнем юбилее), в 1985
Daxil oldu: 05.09.2024
Qəbul edildi:25.09.2024