AZƏRBAYCAN-TÜRK DİL ƏLAQƏLƏRİ: “KİTABİ-DƏDƏ QORQUD”UN  LÜĞƏVİ MİRASI

https://doi.org/10.36719/2791-3732/9/49-53

Aynur Məmmədova

Bakı Dövlət Universiteti,

Filologiya üzrə fəlsəfə doktoru,

yunur77@gmail.com

Xülasə

Bu məqalədə “Altay dilləri” ilə “Kitabi-Dədə Qorqud” dastanlarının leksikası arasındakı əlaqəni araşdıraraq dil tarixi və qohumluq məsələlərinə diqqət yetirilir. Məqalədə “Altay dilləri” ailəsinə aid türk, monqol, tunqus-mancur, hətta müəyyən mənada koreya dillərinin qohumluq səviyyəsi əsas götürülərək müqayisələr aparılır. Qeyd olunur ki, Altay dillərindəki bir çox oxşarlıqlar həm qədim ümumaltay pradilinin təsiri, həm də bu dillərin uzunmüddətli əlaqələri ilə bağlıdır. Məqalədə vurğulanır ki, Altay dillərində müşahidə olunan leksik paralellər bir neçə əsas amillə bağlıdır. Birincisi, bu dillərin hamısının qədim ümumaltay pradilindən irsən gələn ortaq xüsusiyyətlərə malik olmasıdır. İkincisi isə, bu dillər arasında tarixin müxtəlif dövrlərində baş vermiş uzunmüddətli qarşılıqlı təsirlər nəticəsində formalaşan oxşarlıqlardır. Belə ki, bu dillərin coğrafi yaxınlığı, mədəni mübadilələri və tarixi əlaqələri onların leksik sistemində ortaq elementlərin yaranmasına səbəb olmuşdur. Məqalə həm dilçilik sahəsində çalışan mütəxəssislər, həm də Altay dilləri ilə maraqlanan oxucular üçün maraqlı və faydalı məlumatlar təqdim edir. Xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanlarının leksikası ilə Altay dilləri arasında qurulan əlaqələr bu dastanın və ümumilikdə türk dilinin tarixi mənşəyi barədə yeni baxışlar təklif edir. Bu yanaşma Altay dillərinin ümumi mənşəyi və təkamülü ilə bağlı müasir türkoloji tədqiqatlara dəyərli töhfə verir.

Açar sözlər: tarixi-linqvistik tədqiqat, etimologiya, türkoloji araşdırmalar Altay köklü sözlər, dil əlaqələri, praaltay mənşəli sözlər, praturk

 

Aynur Mammadova

Baku State University,

PhD in Philology

                                                                                                             yunur77@gmail.com

 

AZERBAIJAN-TURKISH LANGUAGE RELATIONS: THE LEXICAL HERITAGE OF THE BOOK OF DEDE KORKUT

 

Abstract

Altaic-Turkic Language Connections: The Lexical Heritage of the Book of Dede Korkut. This article explores the lexical connections between the Altaic languages and the Book of Dede Korkut epic, with a focus on historical linguistic relationships and shared vocabulary. The article examines the degree of linguistic relationship among the languages traditionally classified within Altaic language family, including Turkic, Mongolic, Tungusic-Manchu, and, to some extent, Korean. It is noted that many observed similarities among these languages can be attributed both to a hypothesized common origin in the ancient Proto-Altaic language and to prolonged historical contact and interaction. The article emphasizes that the lexical parallels observed in Altay languages are linked to two main factors. First, these languages share common features inherited from the ancient Proto-Altay language. Second, the similarities were formed through long-term mutual influences between these languages at different periods in history. The geographical proximity, cultural exchanges, and historical interactions of these languages contributed to the creation of shared elements in their vocabulary systems. This article provides interesting and valuable insights for both linguistics specialists and readers interested in the Altaic languages. In particular, the connections drawn between the lexicon of the Book of Dede Korkut epics and the Altaic languages offer new perspectives on the historical origins of these epics and the Turkic language in general. This approach makes a significant contribution to contemporary Turkic studies concerning the common origins and evolution of Altaic languages.

Keywords: historical-linguistic research, etymology, Turkic studies, Altay-rooted words, language connections, Proto-Altay-origin words

 

Giriş

Altay dillərinin -türk, monqol, tunqus-mancur və koreya dillərinin qohumluğu bu dillərdə eyni və yaxın kökdən kifayət qədər çox sözün qeydə alınması əsasında irəli sürülmüşdür. V.L.Kotviç monqol və türk dillərindəki yaxınlığının ümumaltay pradilinin təsiri ilə deyil, pratürk və pramonol dillərinin çox minillik sıx əlaqələri ilə bağlamışdır [5, 349]. Altay dillərindəki dil vasitələrinin oxşarlıq və yaxınlıq faktlarının tədqiqi hər iki nöqteyi-nəzər – praaltay dilinin təsiri və uzunmüddətli dil əlaqələri fonunda geniş şəkildə öyrənilsə də, mövzu elmi aktuallığını itirmir. Şübhəsiz ki, türk və altay leksik paralelləri dilin qədim qatlarına dair abidələrdə daha geniş yayılmışdır. “Kitabi-Dədə Qorqud” dastanlarının leksikasının da bu müstəvidən öyrənilməsi xüsusi maraq doğurur. Türklərin etnik əcdadları olan oğuzlar Mərkəzi Asiya ərazilərindən 1,5 min il əvvəl çıxması onların dillərinin monqol dilləri ilə sonrakı birbaşa dil əlaqlərinə son qoymuşdur. Bu baxımdan qədim oğuz abidəsi

“Kitabi-Dədə Qorqud” dastanlarının, eləcə də müasir oğuz qrupu dillərinin leksikasındakı Altay köklülüyün tədqiqinin elmi əhəmiyyəti mühümdür.  

Altay dili türk dillərinin şərqi-hun qoluna, qırğız-qıpçaq qrupuna, altay dilinin şimal dialektləri

(tubalar, çelkan, kumandin) uyğur-oğuz qrupunun xakas yarımqrupuna aiddir. Müasir monqol dili xalxa-monqol qrupunun (şərq arealı) xalxa qrupuna, buryat dili buryat-monqol, kalmık dili oyratmonqol qrupunda yer alır. Bütün bu dillər Altay dil ailəsinin türk və monqol budaqlarını təmsil edir [3, 20].

V.L.Kotviç qeyd edilən dillərin müqayisəli tədqiqindən sonrakı hesablamalarına görə, leksikada

25%-lik eynilik müşahidə olunur. Leksik oxşarlıq qohum olmayan dillərdə də özünü göstərir [5, 351].  Altay dillərinin “Kitabi-Dədə Qorqud” dastanlarındakı izlərini ayrı-ayrı leksik vahidlərdəki yaxınlıq və eynilik əsasında izləmək mümkündür. Bu zaman bir çox sözlərin praaltay və ya pratürk mənşəli olmasını, təbii ki, tam aydınlaşdırmaq hələ ki, müəyyən çətinlik yaradır. Buna baxmayaraq, ümumiyyətlə, belə təhlilin vacibliyi aşkar hiss olunur.

Bütün bu sadaladığımız fikirləri abidənin dilində işlənmiş bir neçə Altay kökənli konkret  nümunələr  üzərində əsaslandırmağa çalışacağıq.

Ağız. Tədqiqatçılar bu sözün ümumaltay mənşəli olmasını qeyd edirlər. A.Axundov eyni mənalı tunqus-mancür “ama” sözü ilə ümumiliyinin əlavə sübut tələb etdiyini göstərmişdir. Monqol dilindəki ang “yarıq”, angya “əsnəmək”, angğath/angaux “üstünü açmaq”, “açmaq”, buryat anqayka “üstü açılmaq, “əsnəmək”, tunqus-mancur ana “aralamaq, açmaq”, ana “ağız”, “yarıq”, ağız “yarıq”, “dimdik”, “dəlik” sözlərindəki semantik yaxınlıq göz qabağındadır.

A.Axundov Azərbaycan dilinin tarixi-etimoloji lüğəti ilə bağlı tədqiqatlarında göstərir ki, müasir Azərbaycan dilində a:ğ -ın “aşağı çənə” mənasında anq, ana, anqa, əng genetik korrelyatları vardır. O, bu sözü anqız şəklində bərpa etmişdir [1,300].

“Kitabi-Dədə Qorqud”da ağız sözü fonetik tərkibcə şəklini, demək olar ki, dəyişməmişdir. “Ağız açıb ögər olsam, üstümüzdə Tənri görklü! [6, 32], “Ağzın qurusun çoban!” [6, 45]. Bununla belə, dastanda “ağuz” fonetik variantında da işlənir. Onu da qeyd edək ki, bu söz “sərhəd, sınır” mənasında da işlənmişdir: “Anlar elə digəc Atağuzlu Uruz qoca iki dizinin üstinə çökdi. Aydır: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?” [6, 42].

Monqol dilindəki ang və bir sıra başqa sözlərdəki “ng/nq” [Ŋ] səsi altay dilləri üçün xarakterik səsdir. Bu səsin olduğu sözlərin mənşəyinin araşdırılması da əhəmiyyət daşıyır.

Dil əlaqələri və qarşılıqlı təsirlər. Qeyd olunduğu kimi, altay və türk dillərində paralelliyə malik bir çox leksik vahidlərin ilkin olaraq hansı pradildə işlənməsini aydınlaşdırmaq çətinlik törədir. Monqol dilində olan tomuu “qrip”, kalmık tomu “soyuqdəymə” qədim türk ştayi “soyuqdəymə”, torn “soyuq” tomil- “soyumaq” qırğız Tumoo “soyuqdəymə”, kumık “tumav”, noqay qımav “soyuqdəymə”, türk dumagi, tomagi “soyuqdəymə”, xalxa monqol, buryat dillərində tono-, kalmık dilində ton- “soymaq, var-yoxunu əlindən almaq, talamaq” leksik vahidlərinin qədim türk dilində ton “paltar”, Azərbaycan dilində don “paltar”, qırğız tono- “ dəvənin yununu çıxarmaq”, məcazi mənada soymaq, oğurlamaq”, tonoo “oğurluq, talan”, kumık tona- “talamaq”, tonav “talamaq”, tonağçu “soyğunçu”, tatar tuna- “dərisini soymaq, dərisini çıxarmaq”, məcazi mənada “lüt qoymaq” çuvaş tum, tumtir “paltar”, türk don “paltar” leksik vahidlərindəki paralellər ilkin əsasın ümumtürk “ton/don” sözünün olduğunu təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanında “ton” don, paltar mənasında işlənir: Yedi qız qardaşı ağ çıqardılar qara tonlar geydilər [6, 57]. Dastanda tonatmaq “geyindirmək” feli də işlənir: Beyrəgə qaftan geyindirib tonatdılar [6,62]; Ac görsəm toyurdum, yalınçaq görsəm tonatdım [6,73]. Fikrimizcə, KDQ-də işlənmiş “kaftan” sözünün “tan” elementi də də “paltar” mənasındadır. Eyni zamanda Tondar//Tondaz antroponiminin etimologiyasında da bu leksik vahidin izi görünür.

A.V.Dıbo   müasir çin dilində bo., qədim Çin dilində ba:k və orta Çin dilində “nazik” anlamında qalan kha: ba:k çin kimi ayrılıb oxuna bilən şəxs adının monqol “bağlamaq” kağa-, pramonqol qağa-, orta monqol qa`axalxa monqol xa:-, buryat xa:-, kalmık xa:- ordos xa:- və s. kağa-gçi, orta monqol qağa-ğçi, xalxa monqol xaaqç “bağlayan” paralellərini gətirdikdən sonra onun tabğaçdakı kap-ug sözündən olan kpag-çi turkizmi sayır və Orxon-Yeniseydə qapığ, qədim uyğurda qapağ, orta uyğurda qapuğ, kumanda kabak, qədim qıpçaqda qapı, qapu, yeni uyğurda qapuq, turk dilində kapı, Azərbaycan dilində qapı, türkməndə gapu, karaimdə, noqayda, qaraqalpaqda qapı, tatarda qapka, çuvaşda xarxa variantları ilə tutuşdurur [4,25]. Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanlarında “qapaq” şər hansı bir şeyin ağzını və ya üstünü örtmək vasitəsi anlamında işlənir. Dastanda göz qapağı birləşməsi də vardır: “Qalqanını ovatdı, tuğulqasını yoğurdu, qapaqlarını sıyırdı, oğlanı alımadı [6,108]. “Qapağ qaldırdı (göz qapağı), Dirsə xanın yüzünə baqdı [6,38]. “Nagah gözi qapağına qılıs toqundı [6, 76].

Türk dillərində bitən, əkilən və inkişaf edən ağacın üç əsas adı qeydə alınır: 1) ağac; 2) terek; 3) daraxt [7, 137].

Ağac geniş yayılma arealına malik əsas addır. Bu söz müxtəlif fonetik dəyişmələrlə türk dillərinin əksəriyyətində işlənir: turk, tatar, Azərbaycan – ağac, qaqauz aaç, qaraqalpak ağaş, başqırd, xakas ağas, tuva ıyaş, çuvaş ıyaş, qırğız cığaç. Söz qədim yazılı abidələrdə də istifadə edilmişdir.

Monqol dillərində ağac adı kimi bir söz – mod(on) kiçik fonetik dəyişmələrlə istifadə edilir. Monqol mod(on), buryat modon, kalmık modn. Tunqus-mancurda even, evenk və nanay dillərində moo sözü bu mənada işlənir. Monqol və tunqus mancür dillərində sözün əvvəlinin oxşarlığı onun çin dilindəki mu/mo, koreya moi, yapon mori “ağac” sözü ilə əlaqəsinə dəlalət edir. Lakin monqol və tunqus mancur dillərindəki fonetik yaxınlıq türk dilləri ilə fonetik tərkib yaxınlığını göstərmir. Ağac sözünün polisemantikası planında monqol, tunqus-mancur dilləri ilə türk dilləri arasında əlaqə yaxınlığı hiss olunur.

Türkologiyada “ağac” sözünün etimologiyasına dair müxtəlif fikirlər vardır. Onlardan bəzilərini nəzərdən keçirək.

A.Axundovun fikrinə görə, bir sıra türk dillərində, o cümlədən Azərbaycan, başqırd, qazax, noqay, oyrot, tatar, türk və xakas dillərində ağ/aq və ac-/ab- olmaqla iki hissədən ibarətdir. Ağ-/aq- ağmaq felinin kökü kimi “çıxmaq”, -ac/-ab feldən isim düzəldən qədim şəkilçi olduğunu göstərən müəllif “ağac” sözünün vaxtı ilə bitən//çıxan mənasını ifadə edən söz olması qənaətinə gəlmişdir [2, 448].

E.Quliyevin fikrinə görə, türkoloji ədəbiyyatda ağac/yığac sözü, əsasən, ı/i “dən, əkin, meşə, kol, bitki” kökündən və -ğac/-quç böyütmə, çoxaltma şəkilçisindən ibarət olması qeyd olunur.  Bu fikirdən çıxış edərək o, türk yazılı abidələrində işlənmiş ı/i “bitki” sözünün Şumer dilindəki u “bitki”, “ot” sözü ilə leksik paralel təşkil etdiyini vurğulayır. Müəllif -caç/-ğuç hissəsini müstəqil söz sayır və onu Şumer dilindəki “qiş” “ağac”, “meşə”, “bitki” sözünün fonetik variantı hesab edir. E.Quliyev qiş sözünün evenk dilinin dialektlərində qiş, qis, qiç “dəyənək”, “toxmaq” anlamında, Koreya dilində kaci “budaq”, monqol dilində qaçi, Azərbaycan dilində qıcı, qıç (ayaq) sözlərində də özünü göstəridiyini bildirmişdir [8, 154].

Ağac sözü Azərbaycan dilinin yazılı abidələrində dəyişikliyə məruz qalmadan işlənmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarında “ağac” iki mənada işlənmişdir.

1) ağac. Gəl bu ağac dibində enəlüm, yeyəlüm, – dedi [6, 46]. Ağac gəmiləri oynadan su! [6, 44]. 2) Məsafə ölçüsü. Kafərlər yedi ağac yer qarşu gəldilər [6,87].

Qeyd etmək lazımdır ki, Ağac sözü 6-7 verstə bərabər ölçüdür. Türk dillərində işlək olmuşdur.

KDQ-nin dilində çox işlənən və etimologiyasına görə geniş mübahisə obyektinə çevrilmiş sözlərdən biri də marə\\ mərə  sözdür. Aydır: “Mərə bazırganlar, bu ayğırı   və bu gürzi mana verin”!-dedi [6,54]; Qız aydır: “Mərə yigit, mənim atumu kimsə keçdüğü yoq”[6,56].

Həmin mənanı bildirən söz formasının türk dillərində olmaması səbəbilə tədqiqatçıları sözün mənşəyini yad dillərdə axtarmağa yönəltmişdir. KDQ-nin yeni izahlı lüğətində söz (müraciət mənasında, “ötən”, “keçən”, “ay ötən” kimi izah edilir.Bu xitab qıza müracətlə də işlədilir: (Mərə qız, nə aglarsan-bozlarsan, “aga” deyü [6, 61]. Araşdırmalar göstərir ki, “marə//mərə sözü daha qədim çağlarda “göz qoyulan, nəzər dikilən, zəndlə baxılan yer” məna çalarında işlənmişdir ki, buna misal olaraq “mara(maq)” felinin uyğur dilində müşahidə etmək, baxmaq, pusmaq, ğöz qoymaq”, qırğız dilində diqqətlə baxmaq, göz gəzdirmək, “ğörmək,pusmaq, müşahidə etmək” mənalarını göstərmək olar. Uyğur dilində həmin sözün “mara(maq)” fonetik variantinda “gözləmək, gözdən qoymamaq” mənası işlənir.

Bu sözə “ətrafına baxmaq”, “boylanmaq” mənasını bildirən “maraş” (mara-n) felinin “müşahidə məntəqəsi”, “pusqu” mənasında işlənən “marak” (mara-k) və “pusquçu, kəşfiyyatçı mənasını ifadə edən “maraqçı (mara-q-çı) isimlərinin tərkibində də rast gəlmək olur. Yakut dilində “sərrast atan, sərrast atıcı” və “nişan almaqda sərrastlıq mənalarinda işlənən “marqan” sözünün də bu arxaik fellə bağlı olduğu inkaredilməzdir. Müasir altay və qazax dillərində həm “mere”, həm də “mörön” fonetik variantında “nişangah, göz qoyulan yer” mənasında işlənməsi də həmin ilkin məna ilə baglıdır. Bu arxaik fel müasir Azərbaycan dilində işlənən bəzi sözlərin tərkibində də daşlaşmış şəkildə yaşamaqdadır. Belə ki, qədim “mara(maq)” feli son saitin qapalı saitə keçməsi nəticəsində formalaşan “marı(maq) felindən düzəlmiş “zəndlə baxmaq, gözünü zilləmək” mənalı “marıt(maq(-t felindən fel düzəldən şəkilçidir)

“Kitabi-Dədə Qorqud” dastanlarında “gənc” sözü “cavan, yeniyetmə mənalarında işlənmişdir.: Toqsan tümən gənc, oğuz söhbətinə dərilmişdi [6, 68]. Xalxa monqolda xənz, buryatda xənzə “ikinci ot; birinci biçindən sonra bitmiş ot”, “payızda doğulmuş heyvan”, kalmık dilində kenz “gec doğulmuş, payızda doğulmuş heyvan”, çox güman ki, türk dillərindəki gənc sözü ilə paralelə malikdir. Qədim türk dilində kens “uşaq”, “inək balası”, “gec doğulmuş heyvan balası”, Qədim türk dilində ken, kecin, kedin “sonra”, “gənc; sonuncu mənasında, qırğız, qazax dilində kence

“gənc, uşaqlardan kiçiyi”, türk dilində geng “gənc”, noqay dilində kence “uşaqlardan kiçiyi”, Azərbaygan dilində gənc qeyd olunan leksik vahidlə səsləşir.

Şülən/şilan (plov, aş) – “Beyrək şülən yeməginən üzərinə gəldi. Qarnını toyurdıqdan sonra qazanları dəpdi-tökdi, çevirdi [6, 64].

Qədim yazılı abidədə işlənmiş bu sözə müasir dildə rast gəlinmir. Azərbaycan dilçisi Q.Voroşil həmin sözün udin və gürcü dillərində işlədildiyini qeyd edir.

Şülən adətən böyük məclislərdə bişirilən yemək növü olmuşdur. Düyü və qoyun ətindən hazırlanan bu yeməyin toylarda bişirilməsi təsdiqlənir. Udin dilinin dialektində indi də işlənən şilan sözü plovu, aşı bildirir. Buradan belə nəticəyə gəlmək olar ki, şilan doğrudan da plovun, aşın adıdır. Sözün özü dildən çıxmişdırsa da, onun bildirdiyi predmet istifadə olunur və müasir Azərbaycan dilində plov, aş sözləri ilə adlandıırılır.Q. Voroşil şilanın plov növlərindən biri olan “şilə plov”u bildirməsini qeyd edir.Şilan sözünün təkcə KDQ-də işlənməsi onun qədimliyinə dəlalət edir. Əlbəttə, bu sözün dilimizin daha qədim qatlarına aidliyi heç bir şübhə doğurmur. Şilan sözünün Azərbaycan dilinin qədim qatlarına aidliyi heç bir şübhə doğurmur. Bu leksik vahid Azərbaycan dilinin yazıyaqədərki dövründə də işlənmişdir.

 

Nəticə

Məqalə Altay dilləri ilə “Kitabi-Dədə Qorqud” dastanının leksikası arasında qurulan əlaqələrin dil tarixi və türkoloji tədqiqatlar üçün mühüm əhəmiyyət daşıdığını təsdiqləyir. Araşdırmalar göstərir ki, Altay dillərindəki ortaq leksik vahidlər qədim pradil irsinin və uzunmüddətli mədəni əlaqələrin nəticəsidir. Xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanındakı leksik elementlər Altay dillərinin türk dilləri ilə qohumluğunu anlamaq üçün yeni perspektivlər təqdim edir. Bu nəticələr türkoloji tədqiqatlarda Altay dilləri və qədim türk dillərinin mənşəyi barədə dəyərli töhfələr verir.

 

Ədəbiyyat

  1. Axundov, A. (2003). Azərbaycan dilində “z” ilə bitən bədən üzvləri adları. Dil və ədəbiyyat (I cild), 294-303. Bakı: Gənclik.
  2. Axundov, A. (2003). Azərbaycan dilinin tarixi-etimoloji lüğətinə aid materiallar. Dil və ədəbiyyat (I cild), 424-481. Bakı: Gənclik.
  3. Баскаков Н. А. (1979). Введение в изучение тюркских языков. Москва: «Наука».
  4. Дыбо, А. В. (1984). К вопросу о пратюрко-монгольских языковых контактах. Вестник Вятского государственного университета, 4(36), 20-37.
  5. Котвич, В. (1962). Исследование по алтайским языкам. Москва:«Иностранная литература».
  6. Kitabi-Dədə Qorqud. (1988). 265 s. Bakı: Yazıçı.
  7. Мусаев, К. М. (1984). Лексикология тюркских языков. Москва: «Наука».
  8. Quliyev, E. (1984). Azərbaycan dilində “meşə” və “ağac” anlayışlı sözlər haqqında. Azərbaycan

filologiyası məsələləri, 150-156. Bakı: Elm.

 

 

 

 

Daxil oldu: 18.11.2024

Qəbul edildi: 27.11.2024