YAZILI KOMMUNIKASİYADA DURĞU İŞARƏLƏRİ

https://doi.org/10.36719/2791-3732/9/29-36

İlhamə Hacıyeva

Bakı Dövlət Universiteti,

          Filologiya elmləri doktoru, Professor

ilhame.haciyeva1964@mail.ru

           Aysel Hacıyeva

                                                                                                              Bakı Dövlət Universiteti,

                                                                                                           ayselhajiyeva@gmail.com

 

Xülasə

Dilçilikdə durğu işarələri, birincisi, durğu işarələrini, ikincisi, onların yazıda düzülməsini öyrənən bölmədir. Durğu işarələri olmadan yazılı nitq vahid nitq axınına birləşəcək, onu başa düşmək asan olmayacaq. Və bəzi hallarda durğu işarələri olmadan mətndə qeyri-müəyyənlik yaranacaq. Durğu işarələri yazı dilimizi nizamlı, aydın, anlaşılan və aydın etmək üçün nəzərdə tutulmuşdur. Durğu işarələri yerinə yetirdiyi funksiyaya görə iki yerə bölünür: ayırıcı və fərqləndirici (məhdudlaşdırıcı). Birincilərə bəzən nöqtə, sual, vergül, bəzən isə, nöqtə, sual, nida, qoşa nöqtə, nöqtəli vergül və çox nöqtə aid edilir. Fərqləndirici (məhdudlaşdırıcı) durğu işarələrinə mötərizə, dırnaq və vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək məqsədilə işlədilən iki vergül və iki tire də daxil edilir. Durğu işarələrinin məntiqi prinsipi mətnin başa düşülməsini, onun semantik hissələrə bölünməsini və durğu işarələrinin düzgün yerləşdirilməsini təmin edir. Semantik prinsip xüsusilə cümlənin kiçik üzvlərini təcrid edərkən, eləcə də konstruksiyaları birləşdirən və aydınlaşdıran zaman nəzərə çarpır.

Açar sözlər: punktuasiya, durğu işarələri, tire, defis, nöqtə, vergül, qrammatik mətnlərdə durğu

işarələri

 

Ilhama Hajiyeva

Baku State University,

Doctor of Philology, Professor ilhame.haciyeva1964@mail.ru

Aysel Hajiyeva

                                                                                                                  Baku State University,

                                                                                                           ayselhajiyeva@gmail.com

 

PUNCTUATION IN WRITTEN COMMUNICATION

 

Abstract

Punctuation in linguistics is a section that studies, firstly, punctuation marks, and secondly, their arrangement in writing. Without punctuation marks, written speech will merge into a single stream of speech, which will be difficult to understand. And in some cases, without punctuation marks, the text will be ambiguous. Punctuation marks are designed to make our written speech orderly, clear, understandable and distinct. Punctuation marks are divided into two parts according to the function they perform: dividing and differentiating (limiting). The former are sometimes called periods, questions, commas, and sometimes periods, questions, exclamation marks, colons, semicolons and several periods. Different (limiting) punctuation marks include parentheses, quotation marks, as well as two commas and two dashes, which are used to distinguish indirect speech, quotation marks, intermediate clauses and additional constructions. The logical principle of punctuation ensures the understanding of the text, its division into semantic parts and the correct placement of punctuation marks. The semantic principle is especially noticeable when highlighting small parts of a sentence, as well as when connecting and clarifying constructions.

Keywords: punctuation, punctuation, hyphen, hyphen, period, comma, punctuation marks in grammatical texts.

Giriş

Yazılı nitqlə şifahi nitq arasında müvazilik yaratmaq üçün şərti qrafik işarələrdən- əlifbadan istifadə edilir, lakin bu kifayət etmir. Məhz buna görə də yazılı nitqdə durğu işarələrinin rolu ön plana keçir. Punktuasiya və ya durğu işarələri adlanan bu işarələr sisteminin əsas məqsədi şifahi nitqi yazıda əks etdirmək, canlandırmaqdır.

Dilçilikdə durğu işarələri, birincisi, durğu işarələrini, ikincisi, onların yazıda düzülməsini öyrənən bölmədir. Durğu işarələri olmadan yazılı nitq vahid nitq axınına birləşəcək, onu başa düşmək asan olmayacaq. Və bəzi hallarda durğu işarələri olmadan mətndə qeyri-müəyyənlik yaranacaq. Durğu işarələri yazı dilimizi nizamlı, aydın, anlaşılan və aydın etmək üçün nəzərdə tutulmuşdur.

Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi olan punktuasiya latınca “punktum” sözündən olub, “nöqtə” deməkdir. Göründüyü kimi, bir durğu işarəsinin adından yaranmış olan bu termin öz mənasını genişləndirmiş və bütün durğu işarələrini əhatə etmişdir. Fikrimizcə, bu, təsadüfi sayılmamalıdır. “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden nüsxəsində cümlələr arasında qoyulan işarə də nöqtəyə bənzəyir. Alimlər bu işarənin cümlələri ayırmaqdan başqa, ikinci funksiyasının (şeir- nəsr məqamlarını ayırmaq) olduğunu da göstərmişlər.

Durğu işarələrinin tarixindən məlumdur ki, bu işarələr Avropa yazısında XV-XVI əsrlərdə

(Mantusi qardaşları tərəfindən), Rusiyada isə XVIII əsrdə mövcud olmuşdur; tire, çox nöqtə, dırnaq Lomonosovun durğu işarələri qaydalarında verilmişdir, amma yazıda tirenin işlədilməsini Karamzinin adı ilə bağlayırlar.

Azərbaycan yazısında durğu işarələrini işlətmək fikrini ilk dəfə M . F. Axundzadə irəli sürmüş, bu işarələrdən birinci dəfə H. Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində və A. O. Çernyayevskinin “Vətən dili” dərsliyində istifadə olunmuşdur.

Tədqiqat

Durğu işarələrinin məntiqi prinsipi mətnin başa düşülməsini, onun semantik hissələrə bölünməsini və durğu işarələrinin düzgün yerləşdirilməsini təmin edir. Semantik prinsip xüsusilə cümlənin kiçik üzvlərini təcrid edərkən, eləcə də konstruksiyaları birləşdirən və aydınlaşdıran zaman nəzərə çarpır.

Punktuasiya əsaslarının şərhindən danışarkən məntiqi, sintaktik cərəyanların və intonasiya nəzəriyyəçilərinin fikirləri bu şəkildə ümumiləşdirilir: “Bu cərəyanların hamısı belə bir məsələdə birləşir ki, punktuasiya yazılı nitqin formalaşmasında mühüm vasitə olub, kommunikativ funksiyaya malikdir” [3, 223]. Punktuasiya daha çox sintaksislə bağlı olduğu üçün nitqin üzvlənməsini əks etdirdiyi kimi, yazılı mətnləri səciyyələndirməyə də xidmət edir; məsələn, cümlənin sonundakı sual işarəsi həm cümlənin bitdiyini, həm də cümlənin kommunikativ baxımdan sual cümləsi-informasiya almaq vasitəsi olduğunu göstərir. O, intonasiyadan asılı olmasa da, vəzifəcə ona bərabərdir; hər ikisi cümlədəki qrammatik əlaqələrin ifadə vasitəsidir. Bu vəzifəni şifahi nitqdə intonasiya, yazılı nitqdə punktuasiya yerinə yetirir. Prof. A.V. Tekuçevin belə bir fikri maraqlıdır ki, durğu işarələri yazılı nitq faktıdır, intonasiya isə eşidilməklə qavranılan şifahi nitq faktıdır [13, 109].

Punktuasiyanı bəzən orfoqrafiya ilə müqayisə edirlər, lakin unutmaq olmaz ki, orfoqrafiya sözlərin düzgün yazılışı ilə bağlıdır, punktuasiya isə cümlələrin ayrı-ayrı hissələrinin fərqləndirilməsi, onların arasındakı semantik münasibətlərin müəyyənləşdirilməsinə xidmət edir. Punktuasiya bütün situasiyaları əhatə etmir, bəzən mövcud qaydalardan kənara çıxır. Müəllif öz üslubi-poetik məqsədindən asılı olaraq, durğu işarələrindən istifadə edir ki, bunlardan biri də “müəllif vergülü” və ya “müəllif durğu işarəsi” adlanır. Bu işarədən mübtədanın özündən sonrakı üzvün təyini kimi anlaşılması ehtimalı olduqda istifadə edilir. Problemə xüsusi məqalə həsr edən prof. M.Həsənov “Usta, Tahirə aşağı düşməyi təklif etdi” tipli cümlələri nümunə gətirərək, göstərir ki, bu qayda hələ XX əsrin 60-cı illərindən elmi-metodiki ədəbiyyatda [8] öz əksini tapdığı halda, proqram və dərsliklərə daxil edilməmişdir [14, 175]. O bu qaydanı çətin hesab edir və yazır ki, “başqa cümlə üzvü vəzifəsində işlənən söz və ya söz birləşməsi mübtədanın ikinci tərəfi kimi anlaşılan zaman mübtədadan sonra vergül qoymağa aid möhkəm vərdişlər yaratmaq lazımdır” [14, 177].

Prof. Q. Kazımov durğu işarələrinin digər vasitələrlə (vurma, bölmə, paraqraf işarəsi və s.) birlikdə kommunikasiyaya xidmət etdiyini qeyd edir [16, 486].

Azərbaycan dilçiliyində durğu işarələri barədə elmi və metodiki istiqamətdən bir çox tədqiqatlar aparılmışdır. Bu tədqiqatçılara Z. Budaqova, R. Rüstəmov, C. Əfəndiyev, M. Şirəliyev, M. Hüseynzadə, M. Adilov, M. Həsənov, M. Həmzəyev, A. Abbudllayev, H. Balıyev və digər araşdırmaçıları nümunə göstərə bilərik. Xüsusən, metodik ədəbiyyatda bu məsələyə geniş yer ayrılmışdır. Hələ keçən əsrdə durğu işarələrinin tədrisi və əhəmiyyəti haqında yazılırdı: “Əgər şifahi nitqdə fikir, intonasiya, fasilə vasitəsilə başa düşülürdüsə, yazıda bu məqsəd üçün durğu işarələrindən istifadə olunur” [7, 169].

Durğu işarələrinin yaxşı öyrədilməsi üçün onların “oxunması” və bu işarələrlə bağlı qaydaların çalışmalarla möhkəmləndirilməsi, bir sözlə, həm yazılı, həm də şifahi kommunikasiya bacarıqlarının möhkəmləndirilməsi üçün durğu işarələrindən yerli-yerində istifadə etmək hazırda bir tələb kimi irəli sürülür.

Durğu işarələrinin intonasiyadan asılı olmadığı fikrini irəli sürən prof. A.Abdullayev şifahi nitqdə hər fasilənin durğu işarələri ilə verilə bilməyəcəyi vurğulayır [1, 202-203].

Durğu işarələri yerinə yetirdiyi funksiyaya görə iki yerə bölünür: ayırıcı və fərqləndirici (məhdudlaşdırıcı). Birincilərə bəzən nöqtə, sual, vergül, bəzən isə, nöqtə, sual, nida, qoşa nöqtə, nöqtəli vergül və çox nöqtə aid edilir. Fərqləndirici (məhdudlaşdırıcı) durğu işarələrinə mötərizə, dırnaq və vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək məqsədilə işlədilən iki vergül və iki tire də daxil edilir.

Durğu işarələrinin növləri say etibarilə 10-12 göstərilir. Bunun səbəbi odur ki, prof. K.Əliyev defis işarəsini onların sırasına qatır və ?! (suallı nida) işarəsini ayrıca qeyd edir [10, 148; 153].

Yeri gəlmişkən deyək ki, defis işarəsi orfoqrafik norma kimi təqdim olunur və o, durğu işarələrinin siyahısına daxil edilmir. Defis işarəsi yazıda istifadə olunan ən qısa üfüqi bir xəttdir. O, bəzən durğu işarələri siyahısına daxil edilsə də, işlənmə məqamına, mahiyyətinə görə orfoqrafik işarədir” [9,229].

Durğu işarələri sırasında birinci olaraq nöqtə qeyd edilir. Onun işləndiyi yer ilk növbədə cümlənin sonudur. Nöqtə bütün cümlə növlərindən sonra işlənir. Bura nəqli cümlə, adi intonasiya ilə deyilən əmr cümləsi və digər cümlə növləri daxildir. Məsələn:

Azad mənim uşaqlıq və gənclik yoldaşım idi (M. İbrahimov); Papağını qoy qabağına, yaxşıyaxşı fikirləş (F.Kərimzadə).

Bəzən qeyri-müəyyən şəxsli cümlələrdən sonra nöqtə işarəsinin qoyulmasından danışılır. Lakin burada bir məqamı nəzərə almaq lazımdır. Həmin cümlələr tək işlənmədiyi vaxt onlardan sonra vergül qoyulur. Nöqtədən isə mürəkkəb cümlənin sonunda istifadə olunur. Məsələn, “Deyrilər, ancaq o tənqidlər illər uzunu Cavidin özünə qarşı edilmişdir” cümləsi qeyri – müəyyən şəxsli cümlədən sonra nöqtənin qoyulmasına nümunə olaraq verilmişdir və yanlışdır [18,407]. Bu cümlənin yalnız birinci komponenti qeyri-müəyyən şəxsli cümlədir, ikinci komponent isə müəyyən şəxsli cümlədir; ikisi bir yerdə işlənir, kommunikasiyanın verilməsində əsas ağırlıq ikinci komponentin üzərinə düşür.

Nöqtə insiallardan sonra və sair, və bu kimi ünsürlərin ixtisarı zamanı, şəxs adı gizli saxlandıqda, rəqəm və hərf sıra bildirdikdə, söz – “cümlə”lərdə, adlıq cümlələrdən sonra, dram əsərlərində personaj adından sonra, ədəbiyyatın mənbəyi göstərilərkən istifdə olunur. Məsələn:

“Hacı Qara. Bura baxın görüm, nə deyirsiniz?”; “Bilirsən bu nə mahnı idi Zaur? – Yox.”

Vergül cümlə daxilində kiçik fasiləli ayırmadır. O, əsasən həmcins üzvlər, tabeli və tabesiz mürəkkəb cümlənin komponentləri arasında, əlavələr, xitablar, ara söz və birləşmələrdə işlənir, bəzən bağlayıcılarla da əlaqəli olur; bəzən bağlayıcılardan sonra, bəzən isə əvvəldə işlənir. Bəzən vergülə uyğun olmayan qeydlərə də rast gəlinir: “Vergül (fransızca qol-budaq, hissə) daha çox işlənən, rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir” [6, 583].

Göründüyü kimi, bu tərifdə “cümlə sərhədi ilə bağlı olmayan” ifadəsi yerində deyil. Çünki mürəkkəb cümlənin tərkib hissələrini bağladıqda o məhz həmin vəzifəni yerinə yetirir. “Ki” bağlayıcısı işlədilən yer də əslində cümlə sərhədidir. Məsələn:

Fikirdəyik sən də, mən də, O tifil də, o çəmən də (S.Vurğun); Uşaq dartınıb düşmək istəyirdi, ana buraxmırdı (Ə. Vəliyev); Ancaq o yadımdadır ki, Vahid mənim kim olduğumu biləndə sevindi (İ.Hüseynov).

O, bu əvəzliklərindən sonra vergülün qoyulması qaydası da çox geniş yayılmışdır. Məlumdur ki, o, bu əvəzlikləri mübtəda yerində işləndikdə onların hər hansı birindən sonra feil (feili sifət istisna olmaqla), əvəzlik və köməkçi nitq hissəsi (modal söz istisna olunmaqla) işləndikdə vergül işarəsi tələb olunmur. Digər hallarda isə vergül qoyulur. Bu zaman intonasiyanın da böyük rolu vardır. Məsələn, O Kürqırağı meşələri tez-tez xatırlayırdı ~ O Kürqırağı meşələri tez-tez xatırlayıram. İntonasiyaya əsasən, birinci əvəzlikdən sonra vergül işarəsi qoyulmalıdır. Son qaydaya uyğun olaraq, istisna edilən köməkçi nitq hissələrinin siyahısına nida da artırılmışdır, lakin ona dair nümunə verilməmişdir [5, 135].

Feili bağlamadan sonra vergülün qoyulması məsələsi də metodik ədəbiyyatda bir problem olaraq qalmaqdadır. Məlumdur ki, -ıb, -ib, -ub, -üb, bəzən -araq, -ərək şəkilçili feili bağlamalardan sonra vergül işarəsi qoyulur. Yazılı kommunikasiyada – bədii əsərlərdə, qəzet və jurnallarda bu şəkilçilərlə formalaşan feili bağlamalardan sonra vergül qoyulur. Lakin bu, həmişə baş vermir. Sual verilir ki, “Bəs çıxış yolu haradadır?” Məsələ burasındadır ki, adətən, vergül işarəsini feili bağlama ilə əlaqələndirirlər. Lakin feili bağlama morfoloji kateqoriyadır. Vergül və durğu işarələri isə sintaksislə və sintaktik əsaslarla əlaqədardır” [11, 194]. Ümumi qənaət isə belədir ki, əgər feili bağlama həmcins xəbər məqamında işlənirsə, ondan sonra vergül qoyulur. Məsələn:

Kitab oxuyub, şeir yazıb, şəkil çəkməliyik.

Bu cümlədəki oxuyub sözünü oxumalıyıq, yazıb sözünü yazmalıyıq şəkli ilə əvəz etsək, cümlənin mənası dəyişməz.

Xüsusiləşmiş cümlə üzvlərindən sonra da vergül qoyulması faktı geniş yayılmışdır. Bu zaman qoşmalardan və qoşmalaşmış feili bağlamalardan istifadə olunur. Məsələn:

Mahru xanımın dediyinə görə, keçən gecə Rəşidilmülkün evində müşavirə olmuş imiş. Ataanası tərəfindən verilən cəzaya baxmayaraq, Xosrov yenə inadında davam edirdi.

Nöqtəli vergül bir nöqtə ilə onun altında olan bir vergüldən ibarət olur, nöqtə ilə vergülün arasında ortaq mövqe tutur. Deməli, o, nöqtədən az, vergüldən çox fasilə tələb edir. Nöqtəli vergül haqqında Azərbaycan dilçilərindən Ə. Abdullayev, N. Cəfərov, N. Qulamoğlu bəhs etmişlər. Prof. Ə. Abdullayev nöqtəli vergülə belə bir tərif verir: “Nöqtəli vergül elə məqamlarda qoyulur ki, oradakı sintaktik-semantik bölgüdə fasilə (pauza) vergüldə olan fasilədən çox, nöqtədə olan fasilədən azdır” [2, 414]. Digər fikirlərə görə, nöqtəli vergül o yerdə istifadə olunur ki, vergül öz funksiyasını davam etdirə bilmir. Daha doğrusu, ya birinci, ya da ikinci komponentdə sadalama intonasiyası mövcud olur. (Bu daha çox ikinci komponentə aid olur). Məsələn:

Soyuq qış gecəsi idi; külək vıyıltı ilə əsir, şaxta qılınc kimi kəsirdi; Gözəl bir yaz günü idi; çəmənlər yaşıl donunu geymiş, ağaclar çiçək açmışdı.

Qrammatik mətnlərdə də verilən nümunələr arasında nöqtəli vergüldən istifadə olunur. Rəsmi və işgüzar sənədlərin dilində işlənən qarışıq tipli cümlələrdə də nöqtəli vergül geniş yayılmışdır.

Məsələn:

Hüquq Departamenti direktorunun səlahiyyətlərinə daxildir:

  1. bütün hüquqi müqavilələrin ekspertizasını həyata keçirmək;
  2. başqa təşkilatlarda bərabərhüquqlu şəxlcərlə əlaqə saxlamaq;
  3. göndəriləcək məktub və sənədlərin hüquqi statusunu müəyyənləşdirmək.

“Məsələn” və “imza” sözlərindən sonra da qoşa nöqtədən istifadə edilir. Qrammatik mətnlərdə “məsələn” sözü daha çox ixtisar şəklində yazılır: “Adətən, cümlələr iki, üç, dörd və daha artıq sözün birləşməsi nəticəsində əmələ gəlir; məs.: Adamlar haradadır? Məndən niyə gizlədirsən? (Mir Cəlal).

İki nöqtə və ya qoşa nöqtə söylənilən fikri aydınlaşdırmaq vəzifəsi daşıyır, adətən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə, ümumiləşdirici sözdən sonra, vasitəsiz nitqdə, bəyannamə, fərman, sərəncam və digər sənədlərdə ondan istifadə olunur. Məsələn:

Cəbhədə bunların xətri çox əzizdir: Biz onları maşınlarda, təyyarələrdə özümüzə lazım olan yerə aparırıq. Hər yeri: dağları, meşələri, dərələri ağappaq qar örtmüşdü; Bulud Qaraçorlu Səhənd yazır: “Başıuca yaşamaq istəsən əgər, bax gör babaların necə yaşamış”; Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  1. …Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüquqi Şəxs yaratsın (Azərbaycan Respublikası Prezidentinin fərmanından).

Üç nöqtə. Fikrin bitmədiyi, emosional gərginliyin çox olduğu yerdə bu işarədən istifadə olunur və onun işlənmə yerləri müxtəlifdir. Daha çox danışan tərəddüd etdikdə, öz fikrini sona qədər söyləməyəndə bu işarədən istifadə olunur. Bəzən danışılan söhbət yarımçıq qalır, dialoqda suallara cavab verilmir, sitatlarda ixtisar aparılır. Məsələn: – Sabah gələcəksən? – Nə bilim, vallah …;

-Adın nədir?

– … ;

…S.Hüseyn ədəbiyyatın həyata münasibəti məsələsini özünəməxsus bir yolla həll edirdi. Ə. Dəmirçizadə “Ədəbiyyat” qəzetində “gülüş” haqqında yazırdı: “…Gülməklə gülünc olmaqdan uzaqlaşmaq mümkündür”.

Tire çox hallarda defislə səhv salınır. Qeyd etdiyimiz kimi, defis durğu işarəsi deyildir. O, adətən, qoşa sözlər arasında işlənir və Azərbaycan dilində dörd vəzifəni yerinə yetirir:

  1. Mürəkkəbləşmiş söz və ifadələrin yazılışında: ala-bəzək, az-az, ad-san, qeyri-rəsmi, əks- hücum və s.
  2. Söz hissələri arasında: a) sətirdən-sətrə keçirmədə: işlə-yir, dola-yır, dinləmiş-dir və s.;
  3. ayırca yazılan şəkilçinin əvvəlində: – dan, – çı, – lar, -mı, – dı və s.;
  4. rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rəqəm arasında: 9-cu, 3-cü və s. Tireni defislə

müqayisə edərək onun daha çevik işarə olduğunu göstərirlər.

Xəbərlik şəkilçisinin ixtisar olunduğu yerdə tirenin qoyulması rus dilinin təsiridir. Rusca “cтарший брат-мой учитель” cümləsində tiredən istifadə olunur (19,144). Bu cümlə Azərbaycan dilinə “Böyük qardaşım mənim müəllimimdir” şəklində tərcümə olunur. Buradan aydın şəkildə görünür ki, tireni xəbərlik şəkilçisi əvəz edir, ona görə də Azərbaycan dilində “Bakı – gözəl şəhərdir” cümləsi qrammatik normalara uyğun deyil, çünki burada “tire” işarəsinə ehtiyac yoxdur. Bəzən belə də demək və ya yazmaq mümkündür: “Ana haqqı – Tanrı haqqı”.

Mürəkkəb cümlədə koordinasiya bağlayıcısından əvvəl ikinci hissədə gözlənilməz hadisə barədə xəbər olduqda və ya birinci hissənin məzmunu ilə kəskin ziddiyyət yarandıqda tire qoyulur.

Tire çox işlənən durğu işarələrindən sayılır. Daha çox dialoqlardan və replikalardan (əsasən dram əsərlərində) əvvəl işlənir. Cümlə üzvlərinin əlavələri tire ilə ayrılır, ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire qoyulur. Vasitəsiz nitqdə də tiredən istifadə olunur. Xəbərdə şəxs sonluğu iştirak etməyəndə həmçinin tiredən istifadə olunur. Ara cümlələr bəzən tire ilə ayrılır. Mətn arasına girən cümlələr (rusca «вставное предложение») mətndən ya mötərizə ilə ayrılır, ya da onun hər iki tərəfinə tire qoyulur. Məsələn:

Araz – Kür çayının qolu suyunun çoxluğuna görə Cənubi Qafqazda ikinci çaydır;

  • Quzum, yavrum adın nədir? – Gülbahar (H.Cavid);
  • Gətirdin?
  • Bəli, gətirdim;

–    “Xəstənin vəziyyəti yaxşıdır, – dedi, – sabah gəlib dəyərsiniz”; Qəza rəisi (O, yerli Azərbaycan bəylərindəndir) uryadniki müdafiə üçün söz tapa bildi.

Mötərizənin əsas vəzifəsi söylənilən fikri tamamlamaq və əsas məsələyə dair əlavə izah verməkdir. Ərəbcə “daxildə olan” mənasını verən mötərizə iki yarımdairəvi xətdən ibarətdir. Əlavə söz və cümlələr, dram əsərlərinin remarkaları, dialoqlararası remarkalar, mətndə araya girən cümlələr, sitatların mənbəyi, tarixi illər bu işarədən istifadə yolu ilə verilir. Aydınlaşdırma, əlavə izah tələb olunan yerdə və danışan fikrə münasibət bildirdikdə də mötərizədən istifadə olunur. Məsələn:

Oğlu Bayram üçün gözəli istəməyə gedən ağsaqqallar (indi onların heç biri sağ deyil) qız evinin razılığını alar-almaz Teybə bu əhvalatdan xəbər tutan kimi, başı alovlu atası evinə yüyürüb, qardaşlarının üstünə qışqırdı … (M.Hüseyn); Vay, əleyküm-salam, buyurun, əyləşin (Səfərə) adə, siz də buyurun bu tərəfə. Xeyr, axund yerim çox yaxşıdır (kənara). Zalım oğlu yaxşı duyub işi (C.Cabbarlı); – And olsun o yediyimiz çörəyə! – dedi (Hərçənd mən onunla çörək yeməmişəm)

(Ə.Haqverdiyev); “XX əsrin 80-ci illərində üzə çıxan erməni millətçiliyinin dalğası Başkənddən də kənarda qala bilməzdi”. Aşıq Ələsgər (1821-1926) Göycə mahalının Ağkilsə kəndində anadan olmuşdur.

Əlavə konstruksiyalar adlanan birləşmələr də çox vaxt mötərizə ilə ayrılır. Məsələn: Elyar üz döndərib Aygün tərəfə Baxdı o gözlərə, baxdı son dəfə. (Elə ki məhəbbət cavabsız qalır,

Ürək bulud kimi dolub boşalır)

Dırnaq qoşa işlədilən durğu işarəsidir. O, Azərbaycan və rus yazısında “ ” və « » şəklində göstərilir. Dırnaqdan daha çox vasitəsiz nitqdə və sitatları göstərərkən istifadə olunur. Yazılı kommunikasiya zamanı hər hansı bir müəllif və ya mətndən istifadə edərkən həmin parça dırnaq arasına alınır. Məlumdur ki, ondan əvvəl gələn müəllif sözlərindən sonra qoşa nöqtə qoyulur.

Məsələn:

O, taxta yaxınlaşıb: “Ulu xaqan, əmrinizi gözləyirik”, – dedi, – qoşun sərhədə yaxınlaşır”.

Vasitəsiz nitq müəllif sözlərinin tərkibinə daxil olarkən yalnız dırnaqdan istifadə olunur, başqa durğu işarəsi işlədilmir. Məsələn, “Müsibəti-Fəxrəddin” faciəsinin təhlilini verən müəllif belə bir ifadə işlədir: Əsərin bir yerində Fəxrəddin “Torpaq kəndlinin olmalıdır” fikrini irəli sürür və kəndli hüququnu bir demokrat kimi müdafiə edir [12, 118].

Dövlət mükafatı və təltifləri (orden, medal, nişan), eləcə də əsər, qəzet, jurnal, nəşriyyat və s. adları dırnaqda yazılır. Məsələn, “Şöhrət” ordeni, “Dəhnamə” poeması, “Görüş” filmi, “Füyuzat” jurnalı, “Təhsil” nəşriyyatı və s.

Söz kinayə ilə deyildikdə də dırnaq içində yazılır. Bu zaman fikir əks mənada başa düşülür. Məsələn, “Ölülər” komediyasında baş qəhrəman Heydər ağa və Əliqulu bəyi “elm dəryası” adlandırır. Bu ifadə kinayə ilə işlədilmişdir.

Sual işarəsi informasiya prosesində cavab almaq məqsədi daşıyır. Bəzən sual cümlələrini qiymətverici və təyini sual-cavab cümlələri şəklində 2 qrupa ayırırlar; “Qiymətləndirici sual cümlələri bitmiş məzmun ifadə edir, təyini sual cümlələri isə cavabda izahı tələb olunan cümlə üzvünü əks etdirir” [51, 312-313]. Əgər sual verən öz danışığında sual əvəzliklərindən istifadə edirsə, bu təyini sual-cavab cümləsidir. Məsələn, Bəs balalarımı nə ilə dolandırım, ay ana, – dedi; Hansı tarixi şəxsiyyətləri tanıyırsınız?

Ritorik sual cümlələri kommunikasiyada (danışıqda və bədii dildə) fikrin sual tərzində qoyulmasıdır. Məsələn:

Nə qəşəngdir yol boyunca söyüdlər?!; …Nədir qəlbindəki payızlar, qışlar?!

Buradan belə bir nəticə çıxır: Suallı nida işarəsini ayrıca işarə kimi qeyd etmək özünü doğrultmur. Həmin işarəni ayrıca qeyd edən prof. K.Əliyev əslində özü də yazılı nitqdə bu işarələrin “sırf üslubi yükü – fikrin ifadə tərzindəki incəlikləri” nəzərə çarpdırmaq üçün işlədildiyini qeyd edir [34, 152].

Çoxsuallı və çoxnidalı cümlələrdə də həmin məqsəd nəzərdə tutulur. Məsələn:

–  Hə??? Susss!!! – Bomba kimi partlayıb sözünü ağzında qoydum.

Nida işarəsi emosionallıq, hiss-həyəcan, qarğış, alqış, yalvarış ifadə edir, nidalardan sonra və cümlənin sonunda qoyulur. Belə cümlələr inam, heyrət, təəccüb, qorxu, sevinc, qəm, kədər, hətta yalvarış bildirə bilər. Təkcə nida cümlələrində yox, əmr cümlələrində də nidalar işlənir. Bunların bir qismi hərbi termin kimi komanda şəklində işlənir (Farağat! Sağa dön!), predikativlərlə ifadə olunan söz “cümlə”lər də nida ilə işlənir. Məsələn, Əfsus!,Əhsən!, Xeyr a! və s.

Elə cümlələr var ki, adlıq cümlələrə bənzəyir, dilçilkdə “seqment cümlə” adı ilə tanınır; onların birinci hissəsindən sonra nida işarəsi qoyulur. Məsələn:

Ana! Ana! O adın qarşısında bir qultək; həmişə səcdədə olmaq mənə fəxarətdir (C.Cabbarlı); Vətən! Çoxmu sevir məni o vətən?! (S.Vurğun).

Bu tipli cümlələrdə birinci hissə hiss-həyəcanla verilir, ikinci hissə isə emosionallığın anlaşılmasına yardım edir; belə cümlələrə “seqmentləşmiş konstruksiya” deyilir [10, 231]. Bunlar adlıq cümlələrə bənzəsə də, yerinə yetirdikləri kommunikativ funksiya etibarilə onlardan ciddi şəkildə fərqlənir.

 

Nəticə

Beləliklə, məlum olur ki, şifahi nitqdə intonasiyanın yerinə yetirdiyi işi yazılı kommunikasiyada durğu işarələri öz üzərinə götürür. Durğu işarələri nə qədər çoxplanlı olsa da, təbii ki, şifahi nitqi eynilə əks etdirə bilməz. “…canlı danışıq(dialoq) nitqində intonasiyanın çox mühüm, bəlkə də, birinci dərəcəli əhəmiyyəti vardır… İntonasiya müəyyən ünsiyyət şəraitində cümlələrin məna və məzmununu konkretləşdirməkdə və onların kommunikativ növlərini təyin etməkdə mühüm rol oynayır [11, 45]. Yazılı kommunikasiya zamanı durğu işarələri onları uğurla əvəz edir. Bunun üçün durğu işarələrinin qrammatik təbiətini və mətn daxilində işlənmə yerlərini dərindən bilmək lazımdır.

 

 

Ədəbiyyat

  1. Abdullayev A. S. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı: “Maarif”, 1978, 278 səh.
  2. Abdullayev Ə.,Seyidov Y.,Həsənov A. Müasir Azərbaycan dili. IV hissə (sintaksis). Bakı: “Şərq-Qərb”, 2007,424 səh.
  3. Adilov M.,Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri.Bakı: “Maarif”, 1989, 364 səh.
  4. Ağayeva F.Şifahi nitqin sintaksisi (dialoq nitqi). Bakı: “Maarif”, 1975, 117 səh.
  5. Azərbaycan dili. Bakı: DİM nəşri, 2019, 327 səh.
  6. Azərbaycan dili (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait). Bakı: TQDK nəşri, 2016, 626 səh.
  7. Azərbaycan dilinin tədrisi. II hissə. Bakı: “Maarif”, 1966, 283 səh.
  8. Budaqova Z. Azərbaycan dilində durğu işarələri. Bakı: “Elm”, 1977, səh.
  9. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə (fonetika, orfoepiya, orfoqrafiya). Bakı: “ŞərqQərb”, 2007, 256 səh.
  10. Əliyev K.Y. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı Universiteti nəşriyyatı, 1998, 240 səh.
  11. Həsənov M. /Feillərlə ifadə olunan həmcins xəbərlərdə vergül /- Seçilmiş əsərləri (I cild). Bakı: “Elm və təhsil”, 2010, 368 səh.
  12. Həsənov M., Mustafayeva S. 7-8-ci siniflərdə sintaksis və durğu işarələrinin tədrisi (metodik vəsait). Bakı: “Maarif”, 2001, 128 səh.
  13. Həsənov M. /Semantik – qrammatik prinsip durğu işarələri tədrisinin əsasıdır/- Seçilmiş əsərləri (I cild). Bakı: “Elm və təhsil”, 2010, 368 səh.
  14. Həsənov M. Vergülün qoyulması qaydalarından biri – Həsənov M. Seçilmiş əsərləri (I cild). Bakı: “Elm və təhsil”, 2010, 368 səh.
  15. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı Universiteti nəşriyyatı, Bakı, 2003, 394 səh.
  16. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis(ali məktəblər üçün dərslik). V nəşr. Bakı: “Elm və təhsil”, 2010, 500 səh.
  17. Qulamoğlu N. Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri. Bakı: “Elm və təhsil”, 2019, 110 səh.
  18. Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (dərslik). Bakı: “Elm və təhsil”, 2021, 512 səh.
  19. Голуб И. Б. Русский язык и культура речи. «Логос», Москва, 2010,432 c.

 

 

Daxil oldu: 10.10.2024

Qəbul edildi: 25.11.2024