https://doi.org/10.36719/2791-3732/9/21-28
Mobil Aslanlı Huntürk
Bakı Dövlət Universiteti
Pedaqogika elmləri doktoru, Dosent
hunturk50@gmail.com
Xülasə
Məqalədə Türk qəhrəmanlıq eposlarından olan “Koroğlu” dastanında təsvir edilmiş döyüş səhnələrində musiqinin, sazın, sözün, qoşma və deyişmələrin misilsiz rolu lazımınca işıqlandırılmışdır. Musiqinin yaratdığı müsbət emosional, psixoloji hisslər cəng savaşlarında döyüş ruhunu, qələbə əzmini qədərincə yüksəltməsi amili məqalədə önə çəkilmişdir.
Müəllif, həmçinin ordunun qələbə əzmini gücləndirən, döyüşkənlik ruhunu daha da artıran ozan və aşıqların da yeri gəldikcə savaş meydanlarında əsl vətənsevər bahadırların igidlik, qəhrəmanlıq, əzmkarlıq keyfiyyətlərini önə çəkir.
Açar sözlər: Musiqi alətləri, mübarizlik, mətinlik, emosional keyfiyyətlər, döyüşkənlik, hərbifiziki vərdişlər, qələbə əzmi, zəfər amili
Mobil Aslanli Huntürk
Baku State University
Doctor of Pedagogy, Assoc. Prof.
hunturk50@gmail.com
MUSIC AS A FACTOR IN VICTORY IN THE KOROGHLU EPIC
Abstract
In the article, the unparalleled role of music, music, words, couplets and dialogues in the battle scenes described in the Koroghlu epic, which is one of the Turkish heroic epics, is adequately highlighted. The positive emotional and psychological feelings created by the music increase the fighting spirit and the determination to win in the battles, the article highlighted in the article. The author also highlights the qualities of bravery, heroism, and perseverance, which strengthen the army’s determination to win and increase the fighting spirit, as true patriots are valuable on the battlefields.
Keywords: Musical instruments, struggle, composure, emotional qualities, combativeness, military-physical skills, determination to win, factor in victory
Giriş
Dədəm Qorqudun qopuzundan tutmuş, Koroğlunun sazına qədər və digər el dastan və eposlarında biz musiqinin, Azərbaycan xalqının yaşam tərzində nə qədər mühüm yer tutmasının şahidi oluruq. Məlum həqiqətdir ki, gerçəkliyi bədii səs və alətlər vasitəsilə göstərən, insanların şüur və psixologiyasına dərin sirayət edən musiqi ecazkar bir qüdrətə malikdir. İnsanların emosional vəziyyətinin konkret və inandırıcı ifadəsini ortaya çıxaran bu sənət növü, bəşəriyyət tarixində böyük ictimai tərbiyəvi əhəmiyyət kəsb etmişdir. Musiqinin insan ruhuna və cisminə verdiyi intəhasız fiziki güc və qüdrəti, iradi əzəməti, bir sıra qeyri-adi emosional təsiri barədə çoxsaylı fakt və sübutlar mövcuddur. Böyük sərkərdə A.V.Suvorov haqlı olaraq qeyd edirdi ki, musiqi ordunun gücünü ikiqat, hətta bəzən üçqat artırmaq gücünə malikdir. Dahi alman bəstəkarı Robert Şuman isə göstərirdi ki, Şopenin əsərləri çiçəklər arasında gizlənmiş toplardır.
Aparılan çoxsaylı tibbi və psixoloji araşdırmalar təsdiq edir ki, musiqi ürək fəaliyyətinə müsbət təsir edir, onu sakitləşdirir, əsəb sisteminin gərginliyini azaldır, məşqdən sonra bərpaedici prosesi gücləndirir. Eyni zamanda emosiyalara yaxşı təsir göstərir, hərəki fəaliyyətin ritmikliyini stimullaşdırır, psixi-fizioloji ehtiyatı işə qoşur, insanın işgörmə qabiliyyətini artırır. Musiqinin söz, hərəkət və s. ilə sintez təşkil etməsi onun təsir gücünü daha da artırır, tərbiyəvi imkanlarını daha da genişləndirir.
Dastanda adamı ovsunlayan, qəlbində intəhasız mərhəmət hissi oyadan, mənəvi ucalığa, humanist əməllərə səsləyən, dərin məna dolu ibrətamiz fikirlər və nəsihətlərə qədərincə yer verilmişdir. Oğuz elində türklərin mədəniyyətə müqəddəscəsinə yanaşmaları onların humanizmindən qaynaqlanır. Məğrurluğu, yenilməzliyi, fədakarlığı özündə ehtiva edən musiqinin dərin ecazkar qüdrəti türkün saysız cahan savaşlarındakı müzəffər yürüşlərində də çox önəmli rol oynamışdır. Yeri-göyü lərzəyə gətirən, gumburlanan döyüş nağarası, ürəyi təpərləndirən altın burmalı tunc borular, damarlarda qanı cuşa gətirən qara zurnanın, iliyi sızıldadan qopuz səsi, davulun, şeypurun əzəmətli sədaları altında hər biri qurd ürəkli nər pəhləvanlar “cıdıra” çıxar, “yallı” tutar, “cəngi” gedər, “türkləri”, “misri”, “çöppü” oynar, qurşaq yapışar, meydan sulayardılar.
Uzun əsrlər bəşəriyyətə ağalıq etmiş türklərin apardığı çoxsaylı cahan savaşlarında ordunun döyüş əzmini yüksəltmək, qoşunu qələbəyə ruhlandırmaq üçün müxtəlif musiqi alətlərindən və hərbi mahnılardan qədərincə istifadə olunarmış. Türk mərasimlərində tətbiq olunan musiqi alətlərinin bəzilərinin adına “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”unda təsadüf edirik. Bəylər bəyi, cahangir vücudlu, nər ürəkli Qazan xan öz bahadırları ilə düşmən üstünə hücum zamanı nağara gumbuldanır, boru çalınır, kəs vurulurdu:
Gumbur-gumbur nağaralar çalındı.
Burması qızıl tunc borular çalındı…[3, s. 169].
Türklər döyüş meydanında savaşların miqyasına görə hər dəfə müxtəlif musiqi alətlərindən istifadə edərmişlər. Nisbətən kiçik yürüşlərlə düşmən üzərinə basqı edərkən nağara və onun növlərindən olan qüvərqə, kügə, cəbrəkə, kusdan istifadə olunurdu. Nabatla nağara arasında orta mövqeyi təbil tuturdu. Döyüşlərə, savaş və yürüşlərə başlanğıcın ilk anı nağara, nabat (naibat) zərb aləti ilə verilərmiş. Bu böyük çalğı aləti dörd atın üstündə aparılarmış. Cəng savaşlarında istifadə edilən çalğı alətlərindən biri də tulumbas imiş. Tulumbas çox vaxt misdən, bəzən isə dəmir, polad və ağacdan düzəldilən kasaya çəkilən dəridən ibarət olarmış. Onun kiçik həcmli növü kimval adlanarmış. Bu alətlər ucu əyri çubuqlarla çalınarmış. Çubuqların ucu isə göndən hazırlanarmış. Bir qayda olaraq, türklər döyüşlərdə nəfəsli alətlərə də geniş yer verərmişlər. Döyüşlərin həyəcan siqnalı gerney və burğu vasitəsilə verilərmiş. Uzun mis borudan hazırlanan, üç tərəfi genişlənən alət kerney (gərənay) adlanardı. Burğu isə borusu halqavari əyilmiş alət olub müasir şeypura bənzəyirdi. Döyüş və yürüş zamanı şeypur (və ya nəfir) adlanan nəfəs musiqi alətləri geniş yayılmışdır. Hərbi marş və mahnıları çalmaq üçün surna (surnay) adlanan və çox təmiz səsə malik olan alət daha çox kara gəlirdi. Bu baxımdan uran və surna eyni zamanda düşmənə psixoloji qorxu yaratmaq üçün geniş istifadə olunan alətlər idi.
Böyük türk savaşlarında ordunun önündə gedən, döyüşçüləri ruhlandıran, coşduran ozanlar – aşıqlar, həm də bu savaşları yaddaşlara yazan, nəsil-nəsil ötürən, bütün zamanlar üçün əbədiləşdirilən törə daşıyıcıları, mənəviyyat sütunları, sənət adamları idi [5, s. 110]. Müzəffər yürüşlərdə yüksək döyüşkənlik ruhu və əzmi, müsbət emosiyalar, xoş ovqat və s. kimi psixoloji hazırlıq məqsədi ilə ənənəvi olaraq istifadə olunan musiqi qələbə zəfərləri üçün lazımi bir vasitə hesab olunurdu. Müxtəlif texniki-taktiki variantları həyata keçirmək, müharibə elanı, ordunun çıxışı, duruşu, hücumu üçün müxtəlif musiqi alətlərindən istifadə olunurdu. Cəng-savaş meydanlarında səsləndirilən musiqi alətlərinin səsi o qədər güclü və qüdrətli olurdu ki, bu qarı düşmənləri lərzəyə gətirərək vahiməyə salardı. Dastanda, eyni zamanda qeyd edilir ki, ozanların surnay-surnay musiqi alətində coşqunluqla ifa etdikləri “cıdırhəngi”, “güləşhəngi”, “atlandırma” və s. kimi cəngavərlik, qəhrəmanlıq havaları el şənliklərində, idman tədbirlərində yarışan oğuz atletlərinin qələbə əzminin yüksəldilməsində önəmli vasitə kimi çox gərəkli olmuşdur. Bu xüsusda tədqiqatçı alim Elçin Aslanovun dəlil və mülahizələri daha inandırıcıdır: “…tənbur ilə el-obanı dolaşan ozanlar oğuzların bütün hərbi yürüşlərində bir qanun olaraq iştirak etmiş, cəng savaş “türkləri”, “cəngi”, “çöppü” və “misri” havaları ilə döyüşçüləri vuruşa ruhlandırmışlar” [1].
Qardaşının həyatını xilas etmək üçün, bilərəkdən ölümün üzərinə şax gedən Səyrək kimi türk oğullarının fiziki hünərinin, yenilməz bahadırlığının fövqündə onun milli qeyrəti və cəsarəti dayanır: “Oğlan gərnəşib ayağa durdu. Qılıncının dəstəyindən yapışdı ki, onu vura, gördü ki, əlində qopuz vardır. Dedi: Ay kafir, Dədəm Qorqudun qopuzuna hörmət edib vurmadım. Əgər əlində qopuz olmasaydı, qardaşımın başına and olsun, səni iki para edərdim” [3, s. 212].
Bahadırlıq və cəngavərliyi özünün həyat devizinə çevirən və tarix səhnəsində zəfərlərlə dolu yürüşləri ilə şöhrətlənən bir etnosun sənətkarı, şübhəsiz ki, öz musiqi və söz repertuarını da həmin ovqat üzərində yaradırdı. Bu səbəbdən də ozanların əsasən qəhrəmanlığı, bahadırlığı tərənnüm edən mahnılar oxuması, şücaətdən, döyüş hünərlərindən bəhs edən dastanlar-oğuznamələr düzüb qoşması və söyləməsi tarixi zərurətdən irəli gələn sənət göstəricisi idi. Ozanlar hələ Atilla dövründən (eranın V əsri) başlayaraq, səlcuqlar da daxil olmaqla, XV əsrə kimi qopuzları ilə saraylarda, şənlik və toplanışlarda bahadırları tərənnüm etmiş, onları tanıdıb yaymışlar. Qədim türk dövlətlərinin saraylarında, həmçinin Mete, Atilla, Alp Ər Tonqa, Çingiz xan, Batı xan, Alp Arslan, Cahan şah, Uzun Həsən, Şah İsmayıl, Nadir şah, Şah Təhmasib kimi xaqan sərkədlərin ordusunda ozan-şairlər və musiqiçilər yaxından fəaliyyət göstərmişlər. XI-XII yüzilliklərdə səlcuq və məmlük ordularının yürüşləri zamanı hücumdan öncə ozanlar qopuz çala-çala qəhrəmanlıq nəğmələri oxuyaraq, döyüşçülərin qələbə ruhunu gücləndirirdilər.
Dastanın dəyərli, cəfakeş tədqiqatçısı professor V.M.Jirmunskinin də bu məsələyə münasibəti dərin diqqət çəkir. Tədqiqatçı alim qeyd edirdi ki, tarixi mənbələrdən əlavə olaraq bu da məlumdur ki, təkcə döyüşdən əvvəl yox, həm də vuruş başa çatdıqdan sonra ozanlar həmin döyüşdə qəhrəmanlıq göstərən bahadırların hünərlərini elə oradaca öyüb tərifləyərək çalıb-çağırırdılar [8, s. 535].
Aşıq sənətinin ən ünlü araşdırıcılarından biri olan professor M.P.Qasımlının qeyd etdiyi kimi, oğuz igidlərinin vuruş meydanlarındakı zəfər dolu şücaətlərini və qalibiyyətli yürüşlərini tərənnüm edən ozanlar bəylər məclisində, şadlıq yığnaqlaında çalıb-çağıraraq etnosun gələcək fəaliyyəti üçün mənəvi zəmin hazırlayırdılar. Eyni zamanda onlar yağı üstünə yollanan igidləri də həmin mahnı və söyləmələrin müşayiəti ilə coşdurub uğurlayırdılar. Bir çox hallarda döyüşün qızğın çağında aşıqlar özləri də bahadırlarla birlikdə qılınc götürüb düşmənə qarşı vuruşurdular [4, s. 166].
Türklərin tarix boyu döyüş və savaş meydanlarında apardıqları qanlı mücadilələrdə ozan-aşıqlar qəhrəmanlıq göstərən döyüşçüləri təkcə saz və sözləri ilə ruhlandırmaqla kifayətlənmir, həm də yeri gəldikcə özləri döyüşə atılaraq igidlik-ərdəmlik şücaəti göstərirdilər. Tanınmış folklorşünas alim bu hadisələrin qırılmaz bağlılığının inandırıcı təsvirini özünəməxsus tərzdə çatdırır.
Qoşunla birgə döyüşə atılan aşıqlar da onlar kimi qıvraq paltarda, daha dəqiq desək, hərbi geyimdə olmalı idilər. Olsun ki, aşıqlar indi əyinlərində gəzdirdikləri hərbi paltarı (aşıq libasını) o vaxtdan etibarən geyinməyə başlamışlar. Düzdür, hazırki aşıq libası on altıncı yüzillikdəki geyimin tam eyni deyildir. O, sonrakı dövrlərdə gedən sosial-siyasi və mədəni proseslər nəticəsində müəyyən dəyişikliyə uğramışdır. Amma geyimdəki ruh, ovqat, tarixi məzmun, demək olar ki, qorunub saxlanılmışdır. Bəzən aşığın geyimini köhnəlik qalığı sayıb, onu dəyişdirməyə və yeniləşdirməyə çağıranlar olur. Onlar bilməlidirlər ki, vətənin, ana yurdun birliyi, bütövlüyü və əmin-amanlığı naminə qılınc çalan türk ordularının şərəf dolu geyim nişanəsinin tarixi əlamətlərini yaşadan aşıq paltarını bu gün el sənətkarının əynindən soyundurmaq yox, onun məzmununda, mahiyyətində yaşayan ulu istəyin, müqəddəs məramın səcdəsinə enmək gərəkdir. Burada tarixi oğuznaməçilik ənənəsinin transformasiya keçirərək aşıq qəhrəmanlıq dastanlarında yenidən təzahür etməsi təbii qanunauyğunluq kimi ortaya çıxır. Ozan mərhələsində oğuz igidlərinin şərəfinə “Oğuznamələr” yaradıldığı, boylar düzümləndiyi, bahadırlıq nəğmələri qoşulduğu kimi, aşığın fəaliyyəti dövründə də qəhrəmanlar və onların hünərləri, cəngavərlikləri, mərdlikləri barədə çox çeşidli folklor örnəkləri yaradılmışdır.
Professor M.P.Qasımlı qeyd edir ki, Koroğlu və onun dəliləri, Şah İsmayıl, Ərəbzəngi, Batmanqılınc və s. dastan obrazları məhz genetik qəhrəmanlıq duyğularının bədii təcəssümünü əks etdirir. Bu mənada Qazan xanı, Beyrəyi, Dəli Domrulu ilə, aşığın Koroğlusu, Giziroğlu Mustafabəyi, Batmanqılıncı, Dəli Alışı, Qaçaq Nəbisi, Qaçaq Kərəmi eyni gene-semantik xətt üzrə gələn alplıqbahadarlıq-qəhrəmanlıq ənənəsinin ayrı-ayrı tarixi mərhələ və sosial-siyasi mühitlərdəki təxəyyül özünün ifadəsidir [4, s.168]. Döyüş meydanında aşıqların oxuduqları qəhrəmanlıq nəğmələrini müşayət edən saz havaları da mənəvi təpər, dözümlülük, əzmkarlıq, dönməzlik və yenilməzlik ruhu yaradan metodik tərbiyəyə malikdir. Buna görə də meydan havaları çalınanda simlərdə yuvalanmış qılınc cingiltisi, at kişnərtisi, şığıyıb gedən bədöy atların ayaqlarının meydangir səsi aydın şəkildə duyulur. Aşıqların hərbi-siyasi mərasimlərə ardıcıl və mütəşəkkil tərzdə cəlb olunmasının əlamətidir ki, hazırki repertuarda yaşamaqda davam eləyən saz havalarının yarıdan çoxu döyüş ovqatlıdır.
Türk döyüş sənəti özünəməxsus tarixi semantikaya malikdir. Burada fiziki yük, bütün hallarda mənəvi enerji – musiqi və söz vəhdətindən magik vasitə kimi istifadə olunur. Professor M.P.Qasımlı haqlı olaraq yazır: “Sonrakı mərhələdə Koroğlunu, Şah İsmayılı meydanda saz və qılıncla görürük. Buna görə də ustad aşıqların qəhrəmanlıq dastanları söylənərkən “Saz qılıncın qardaşıdı” −cümləsini tez-tez diqqət önünə çəkməsi tarixi gerçəkliyə söykənən folklor deyimi kimi son dərəcə qiymətlidir. Fiziki və mənəvi gücün vəhdətini təmsil eləyən saz və qılınc qovuşuğu – könül və qol birliyi türk bahadırlarının tarix boyundakı əsas milli mənlik keyfiyyətidir. Bu keyfiyyətin güclü axarda davam etməsində sazdan başqa zurna (“Oğuznamə”lərdə, o cümlədən də “Kitabi Dədə Qorqud” boylarında “boru” adıyla təqdim olunur) və dəf (“Oğuznamə”lərdə “davul”) də mühüm rol oynamışdır. Yürüş və vuruşda başlıca xətti təşkil etməklə yanaşı, həm də həmin alətlərin quruluşundakı müəyyən detallarda özünü büruzə verir” [4, s. 168].
Ta qədim zamanlardan Azərbaycanda, eləcə də Böyük Turan dövlətlərində, demək olar ki, keçirilən əksər idman yarışmaları, eləcə də döyüş meydanlarındakı cəng və savaşlar daim musiqi ilə müşayiət olunmuşdur. Xüsusilə də atüstü milli xalq oyunlarımız olan qəpəq, çövkan, cirid, eləcə də bütün Şərqdə geniş vüsət almış Azərbaycan türklərinə məxsus olan zorxana oyunları bir qayda olaraq musiqi ilə müşayiət edilirmiş. Musiqinin böyük ruh və dərin ilhamverici qüvvəsinin təsiridir ki, qoşa zurnanın səsi yarış meydanlarından heç vaxt əskik olmazmış. Müasir dövrdə də musiqinin əlahiddə gücünü dərk edərək, məşqlər və yarışlar zamanı ondan geniş istifadə edirlər.
Döyüş səhnələrində musiqinin gücü o qədər mühüm rol oynayırdı ki, hətta savaşın ən çətin anında belə önəmli dəyişikliklər yarada bilirdi. Türk gərənayı, zəng, cərəs, mis boru, davul, nağara qorxunc səslənərək düşmənin bağrını yardığı halda mərd, igid döyüşçüləri savaşa ruhlandırır, qanını coşdurur, döyüşə səfərbər edir, qələbənin qazanılmasında xidmət önəmli rol oynayır. Xalqımızın ən çox sevimli idman növü olan milli güləşin öyrədilməsində təkcə təlim-məşq prosesində deyil, eləcə də yarış və görüşlərin nümayiş etdirilməsində də musiqidən geniş istifadə olunur. Meydana çıxan atletləri “Qaytağı”, “Mirzeyi”, “Koroğlu cəngisi” qəhrəmanlığa, əzmkarlığa, vətənpərvərliyə, hünərə, igidliyə, cəsarətli olmağa çağırır.
Koroğlu dastanın, demək olar ki, bütün qollarında dəliləri döyüşə ruhlandıran, onlara qol-qanad verən, savaşa səsləyən, ürəyə təpər verən saz, söz, aşıq sənətinə çox geniş yer verilir. Hər bir qolun süjet xəttinin əvvəli də, sonu da bir qayda olaraq musiqi bağlamaları, saz-söz məclisi ilə bitir. Məlum olduğu kimi, Koroğlu haqq aşığıdır, onun avazı, məlahətli səsi və nərəsi çox qüvvətlidir. Bu əfsanəvi qəhrəmanın fitri istedadı, bədahətən söz qoşması, məharətli saz çalması, göründüyü kimi, ilahi vergidən qaynaqlanıb.
Koroğluya şairlik də onun nərəsi kimi fövqəladə, daha doğrusu, əsatiri qüvvələr tərəfindən verilir. Koroğlu bir çox səfərlərində düşmənlərini, birinci növbədə, mənəvi cəhətdən sarsıtmaq, ruhunu, iradəsini qırmaq, onların psixologiyasına təsir edib suslaşdırmaq, döyüş qabiliyyətlərini kütləşdirmək məqsədi ilə hərbə-zorbaya keçir, onları sözün qüdrəti ilə məğlub edir. O, yüksək sənətkarlıqla düzüb-qoşduğu yadda qalan şeirləri ilə özünün qoçaqlığından, Qıratından, Misri qılıncından, onların sayəsində qazandığı şücaət və cəngavərliyindən danışır.
Koroğlunun sazında Yanıq Kərəmi, yaxud Göyçə gözəlləməsi çalınmır. O, ruhani ilə də maraqlanmır. Onun sazı, hətta səsi də boğazı üçün, cəngi üçün köklənmişdir. Bu sənətkarlıq qüdrətindən Koroğlu vuruşlarda, döyüşlərdə mütəmadi istifadə edir. Başqa sözlə deyilsə, bu da əsərin mövzusuna, ruhuna tabe etdirilmişdir. Çünki fiziki və mənəvi qüdrət sahibi kimi Koroğlunun timsalında əyilməzlik, qürurluluq, mərdanəlik, vüqarlı davranış və ərdəmlik kimi tipik səciyyəvi xüsusiyyətlər türk mentalitetinin genindən, özülündən qaynaqlanır.
Türk dünyasının ünlü aydınlarından biri, tanınmış türkoloq, professor Kamil Vəli Nərimanoğlu xalq dastanlarımızda qəhrəmanların həyat və məişətində musiqinin önəmli rolunu xüsusi qeyd edir.
Tədqiqatçı alim Koroğlunun dili ilə xalqımızın qan yaddaşına hopmuş milli saz, söz, aşıq sənətinin türkün kimliyinin təyinində də mühüm amillərdən biri olduğunu vurğulayır. Əgər cənginin təsirindən damarlarında qanın coşmursa, ruhani saz havasından ürəyinin yağı ərimirsə, misrinin döyüşkən sədasından cəng meydanına yürümürsənsə, deməli, sən türk oğlu türk deyilsən. “Koroğlunun Bayazid səfəri”ndə İmirzə adlı qul Çənlibeldə belə sınağa çəkilir:
⎯ Ayə, verin mənim sazımı!
Sazı verdilər Koroğluya. Onda üzünü Dəmirçioğluya tutub dedi:
⎯ Ayə, Dəmirçioğlu!
Dəmirçioğlu dedi:
⎯ Can Koroğlu!
Koroğlu dedi:
⎯ Sən onun qollarını al əlinə, gözlərini də dik gözlərnə. Mən çalıb oxuyacağam. Baxarsan, əgər mənim sazım, səsim, sözüm ona əsər ellədi, bil ki, mərd adamdı. Halal süd əmib. Yox, əgər əsər eləmədi, bil ki, namərd adamdı.
Koroğlu sazı basdı döşünə. Başladı, görək nə dedi:
Söylə görüm Ərəb oğlu,
Canından küsdüyün varmı?! Dost yolunda bu dünyada Başından keçdiyin varmı?!…
Söz tamam oldu. Dəmirçioğlu dedi:
⎯ Koroğlu, sözlərinin misli-bərabəri yoxdu. Əvəzsiz sözdü. Amma sən deyən sifətdən bu adamda əsər yoxdu. Koroğlu dedi:
⎯ Oğul, mənim ki, nə sazım, nə səsim, nə sözüm sənə əsər elədi, səndən Koroğlu dəlisi çıxmaz” [2, s. 205].
Sonrakı olaylar göstərir ki, Koroğlu heç də öz fikrində yanılmayıb. Koroğlunun ona etdiyi bir sıra yaxşılıqlara baxmayaraq, qul çox namərd adam çıxır. Doğurdan da, türk oğlu türk sazının səsindən, aşığının gəraylısından duyğulanmırsa, təpər duymursa, iliyi sızlamırsa, ürəyi tel-tel olmursa, onun nəyi türkdür? Bu fikrin davamı kimi yenidən ünlü tədqiqatçı Kamil Nərimanoğlunun fikrinə yaslanırıq:
“Qanında “Varsağı”, “Tərəkəmə”, “İnnabı”, “Gəlin atlandı” yaşamayan, yuxusunda Bamsı Beyrəyi görməyən, xyalında Koroğlu ilə görüşməyən, Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi öz əqrabası bilməyən türkün nəyi türkdür?” [6].
Dastandan məlum olur ki, Koroğlu bəzi qollarda düşmən arasına aşıq kimi daxil olarmış. Dərin fitri aşıqlıq istedadı, mahir saz çalıb-oxumağı çətin məqamlarda onun karına gələrmiş. Dastanda təkcə Koroğlu deyil, dəlilərin də əksəriyyəti saz çalıb, söz qoşur, meydan sulayırlar.
“… Koroğlugil və dəlilər o zaman gəlib Ərzuruma çatdılar ki, hamı pəhləvan meydanına yığılmışdı. Koroğlu işi belə görəndə şəhərin kənarında atdan düşdü, paltarını dəyişdi, bir aşıq paltarı geydi, bir saz da götürüb dəlilərə dedi:
⎯ Biz şəhərə belə girsək, işi bilib Dəmirçioğlunu tələf edərlər. Siz burada dayanıb məni gözləyin. Elə ki, mən nərə çəkdim, onda özünüzü qoşuna vurun!” [2, s. 79].
Dastanın “Məhbub xanımın Çənlibelə gəlməyi” qolunda da biz musiqinin Koroğlu dəlilərinin həyatında nə qədər mühüm rol oynadığının bir daha şahidi oluruq. Həm türkün qənirsiz gözəllərinin vəsfində, həm də cəsur alplarının təqdimində sazın, sözün, musiqinin ecazkar qüdrətinin nə qədər önəmli olmasını görürük. Məhbub xanımın ardınca Rum elinə yollanan Bəlli Əhmədə aşıq Cünun öz sazını verərək deyir ki, qız səni bu sazla tanıyacaq … Qoldan məlum olur ki, saz yarışmasında Bəlli Əhmədin sazının bir simi qırılır. Məhbub xanım Bəlli Əhmədə hamı duyuq düşməmiş Rumdan tez çıxıb getməyi təklif etsə də, Bəlli Əhməd buna razı olmur, sazsız, sözsüz, musiqisiz Koroğlu dəlisi olmaq olmaz:
Çənlibeldən səni deyib gəlmişəm, Usta, qulun ollam, al düzəlt sazı! Qırılıbdı sazım, məəttəl qalmışam,
Usta, qulun ollam, al düzəlt sazı! …
Qoşun çıxdı Çənlibelin düzünə,
Qurban olum şagirdinin gözünə, Xırda sədəf doğra sazın üzünə,
Usta, qulun ollam, al düzəlt sazı!…
Koroğlu deyər, Çənlibeldə bəy mənəm,
Paşaya, xotkara boyun əymərəm,
Al sazımı düzəlt, qorxma dəymərəm,
Usta, qulun ollam, al düzəlt sazı [2, s. 187-188].
Musiqi dastanda nəzərə çarpan ən vacib amil kimi də qəhrəmanın iç dünyasını açan, həm onu savaşa ruhlandıran, həm də sevdiyi gözəlin vüsalına çatması yolunda istifadə edilən bir törəndir. “Koroğlunun Ərzurum səfəri”ndə Cəfər paşanın sarayında iki möhtəşəm meydanın təsvir edilməsi heç də təsadüfi deyil. Meydanın biri dastanın əsas mövzusuna uyğun igidlik, ərdəmlik, cəsurluq kimi fiziki-iradi əzəməti nümayiş etdirən pəhləvanlıq meydanı idisə, digəri də söz, saz, aşıqlıq sənətinin məhək daşını açıqlayan musiqi meydanı idi. Meydanlardan birinin sahibi heç kəs kürəyini yerə vura bilməyən Qara Pəhləvan, digərininki isə ustadlar ustadı Aşıq Cünun idi. Dastanda buna rəğmən yazılır ki, … Cəfər paşa bayram günlərində meydanları bəzədərdi. Uzaqdan, yaxından gələn pəhləvanlar, aşıqlar burada öz güclərini sınardılar. Cəfər paşa belə bir qanun qoymuşdu: meydanlarda basılan yüz tümən verər, basan yüz tümən alardı. Amma sən gəl ki, bu neçə il ruzigar hələ bu meydanlarda nə Qara pəhləvan basılmışdı, nə də Aşıq Cünun. Pəhləvan meydanında Qara pəhləvan nə qədər qol-qabırğa sındırmışdısa, aşıq meydanında da aşıq Cünun bir o qədər aşığın sazını əlindən alıb dil-ağzını bağlamışdı [2, s. 54].
Dahi şairimiz S.Vurğun mənsub olduğu türk millətinin yenilməz məğrur qəhrəmanlarının misilsiz şücaətləri barədə epik yaradıcılığında geniş bəhs etmişdir. Türklüyündən, turançılığından dərin qürur və fəxarət duyan şair türk xalqlarının qəhrəmanlıq keçmişi, türk yurdunun bütövlüyü uğrunda rəşadət göstərmiş ulularımızın ölməz obrazlarını yüksək bədii surətlərlə yaratmasıdır. Dahi şairimizin fikrincə, bütün türk xalqlarının milli iftixarı olan Koroğlu yalnız qəhrəman olaraq qalmır, o, həm də mənsub olduğu xalqın milli şairi və ozanıdır. Bəlli olduğu kimi, dastanda qılıncla, sözün kəsəri sıx vəhdətdədir. Söz və qılınc sahibi, dillər əzbəri olan yenilməz el qəhrəmanımızdakı bu fitri istedadı, fiziki və əqli yüksəlişi böyük heyranlıq doğurur.Xalqımızın təfəkküründə yaşayan bədii söz məfhumu, insanlığın böyük-böyük idealları, humanizm və idrakın təntənəsi uğrunda aparılan mübarizədə hər zaman mühüm bir vasitə olmuşdur. Heç də təəccüblü deyildir ki, Azərbaycanın bir çox məşhur dövlət xadimləri və el qəhrəmanları, eyni zamanda öz dövrünün qabaqcıl şairləri olmuşdur [7, s. 70].
Dastanın istər quruluşu, istər məzmunu, istərsə də bədii xüsusiyyətləri olduqca diqqətəlayiqdir. Buradakı bütün qollar müstəqil, bitkin əsər olmaqla yanaşı, həm də ümumi süjet xəttində qovuşurlar. Dastanda nəzm və nəsr hissələri üzvi vəhdətdədir. Nəsr hissəsi sadə xalq dilində təsvir və təhkiyyələrdən, nəzm hissəsi isə qəhrəmanların daxili aləmini, hiss və həyəcanlarını, sağlam ruhunu, cəngavərlik xüsusiyyətlərini, fiziki-cismani əlamətlərini tərənnüm edən qoşmalardan ibarətdir. Dastanın əsas məziyyətlərindən biri, onun xalq bədii dilinin təsvir vasitələrin zənginliyini özündə ehtiva etməsidir. Koroğlunun söylədiyi dərin məna yüklü fəlsəfi fikirlərə söykənən qoşma və bayatılarda sadə xalq dilinin gözəl yozumlarının şahidi oluruq:
Məndən salam olsun əcəm oğluna,
Meydana girəndə, meydan mənimdi!
Qıratım köhləndi, özüm qəhrəman,
Çalaram qılıncı, düşman mənimdi!
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam;
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda bütün hər yar mənimdi!
Adımı soruşsan, bil, Rövşən olu,
Atadan, babadan cinsim Koroğlu. Mənəm bu yerlərdə bir dəli-dolu,
Gündoğandan ta günbatan mənimdir! [2, s. 19].
Nəticə
Fikrimizin yekunu kimi, bir daha musiqinin, sazın, sözün, şeir sənətinin xalqımızın genetik ruhunun daşıyıcısı olmaqla yanaşı, həm də onun qəhrəmanlıq salnaməsinin yaranmasında, nə qədər mühüm inkişaf yolu keçməsinin bir daha şahidi oluruq.
Ədəbiyyat
- Aslanov E.M. “Kitabi-Dədə Qorqud” əsəri və əski musiqi mədəniyyətimiz. “Ədəbiyyat” qəz., 5 noyabr 1999-cu il.
- Azərbaycan dastanları, 5 cilddə, IV c., | Tərtib edəni: M.Təhmasib. Bakı: Lider nəşriyyat, 2005, səh. 295-296.
- Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988, səh. 169.
- Qasımlı M.P. Aşıq sənəti. Bakı: Uğur, 2011, səh. 166.
- Qasımlı M.P. Ozan və qopuz ənənələri. // Məqalələr toplusu. Bakı: Sultan qrafiçs, 1999, səh. 110.
- Nərimanoğlu K.V. Müstəqil demokratik Azərbaycan: ideologiya və mədəniyyət. “Azərbaycan” qəz., 27 fevral 1993-cü il.
- Vurğun S. Azərbaycan ədəbiyyatı haqqında. Seçilmiş əsərləri, 5 cilddə, V c., Bakı: Şərq-Qərb, 2005, səh. 70.
- Жирмунски В.М. Огузский героический эпос. Л.: Наука, 1974, с. 535.
Daxil oldu: 12.09.2024
Qəbul edildi: 11.10.2024