TÜRK DİLLƏRİNDƏ DİL VƏ MƏDƏNİYYƏTİN QARŞILIQLI ƏLAQƏSİ

https://doi.org/10.36719/2791-3732/9/44-48

Qətibə Mahmudova

AMEA Nəsimi adına Dilçilik İnstitutu,

Filologiya elmləri doktoru, Dosent

Dr.gatibegmail.com

 

Xülasə

Dil və mədəniyyət bir-birini qarşılıqlı olaraq formalaşdıran və təsir edən iki əsas sosial fenomen təşkil edir. Dil, yalnız kommunikasiya vasitəsi olaraq deyil, həm də bir xalqın düşüncə tərzini, dünyagörüşünü, tarixi və mədəni dəyərlərini özündə əks etdirən bir sistemdir. Mədəniyyət isə xalqın həyat tərzini, ənənələrini, əxlaqını və tarixini göstərən bir sahədir. Türk dilləri, geniş coğrafi ərazilərə yayılaraq müxtəlif mədəniyyətlərlə qarşılıqlı təsirə girməklə, dil və mədəniyyət arasında sıx əlaqələr formalaşdırmışdır. Bu araşdırmada, Türk dillərində dil və mədəniyyətin qarşılıqlı əlaqəsi və bu əlaqənin frazeoloji birləşmələr, terminologiya və dilin digər xüsusiyyətləri üzərində necə təsir göstərdiyi öyrəniləcəkdir.Türk dillərində mədəniyyətlə bağlı sözlər ortaq köklərə malik olsa da, tarixi, coğrafi və sosial faktorlar bu leksikanın müəyyən fərqliliklər qazanmasına səbəb olmuşdur. Türk xalqlarının zəngin mədəni irsi bu dillərin leksikasında əks olunmuşdur. Gələcək araşdırmalar üçün bu dillər arasındakı semantik fərqliliklərin daha dərin təhlili mühüm əhəmiyyət daşıyır.

Məqalədə türk dillərində mədəniyyətlə bağlı sözlərin leksik-semantik xüsusiyyətləri təhlil ediləcək və oxşar, fərqli cəhətləri vurğulanacaqdır. Məqalənin yazılmasında müxtəlif dilli elmi mənbələrdən istifadə olunub.

Açar sözlər: Türk dilləri, dil və mədəniyyət, frazeoloji birləşmələr, mədəni terminologiya, linqvokulturoloji xüsusiyyətlər, mədəniyyətin dilə təsiri.

 

Gatibe Mahmudova

Institute of Linguistics of the National Academy of Sciences of Azerbaijan, Doctor of Philology, Assoc. Prof. 

Dr.gatibe@gmail.com

 

THE INTERRELATION OF LANGUAGE AND CULTURE IN TURKIC LANGUAGES

 

Abstract

Language and culture are two key social phenomena that mutually shape and influence each other. Language is not only a means of communication but also a system that reflects a nation’s way of thinking, worldview, history, and cultural values. Culture, on the other hand, represents a society’s lifestyle, traditions, morals, and history. Turkish languages, which have spread across vast geographical areas and interacted with various cultures, have established a strong connection between language and culture. This study examines the interaction between language and culture in Turkish languages and how this interaction affects phraseological units, terminology, and other features of the language. Although culture-related words in Turkish languages share common roots, historical, geographical, and social factors have led to certain differences in this lexicon. The rich cultural heritage of Turkish peoples is reflected in the lexicon of these languages. Future research will focus on a deeper analysis of the semantic differences between these languages, which holds significant

importance. This paper will analyze the lexical-semantic features of culture-related words in Turkish

languages and emphasize their similarities and differences. Various multilingual scientific sources have been used in the writing of this article.

Keywords: Turkish languages, language and culture, phraseological units, cultural terminology, linguistic-cultural features, the influence of culture on language.

 

Giriş

Dil bir cəmiyyətin hafizəsi, yaddaşıdır. Bir xalqın əsrlər boyu yaratdığı, qoruduğu maddi və mənəvi mədəni dəyərlərin izlərini dil daşıyıcılarının lüğətlərində tapa bilərik. Dil xalqın musiqi, rəsm, memarlıq, ədəbiyyat, adət-ənənə, xalq təbabəti, heyvandarlıq, din, kulinariya, geyim-keçim və s. bir çox sahələrdəki anlayışları öz tərkibində, təməl leksikasında hifz edir. Hər nəsil yaratdığı dəyərləri və bu dəyərlərin reallaşdığı leksik vahidləri növbəti nəslə ötürür.  Latın dilində “torpağın becərilməsi” mənasını verən “cultura” sözü türk dillərinin bəzilərinə latın dilindən keçərək “kültür, kultura” şəklində işlənir. Azərbaycan dilində isə ərəb dilindən keçmiş “mədəniyyət” sözündən istifadə edilir. “Mədəniyyət insan oğlunun öyrəndiyi, qazandığı bilikləri, inancları, sənəti, əxlaqı, adət və ənənələri əhatə edir” [5, s.4].

XVII əsrdən etibarən xalqların həyatındakı yaşam tərzi ilə əlaqədar olaraq mədəniyyət anlayışının daşıdığı semantikada dəyişikliklər müşahidə olunmuşdur. XVIII əsrdə ziyalılar bitki və torpaq kimi insan zehninin də inkişafı mənasında istifadə olunmuşdur. Beləliklə, ilk öncələr “yetişdirmə, tərbiyə etmə” mənalarında istifadə olunan “kültür, kultura” termini insan zehninin inkişaf etdirilməsi, bu prosesin vasitələri və zehnin irəli inkişaf vəziyyəti mənalarında istifadə olunmağa başlamışdır. XVIII əsrdə antropologiyanın da inkişafı ilə müəyyən bir cəmiyyətin, xalqın bütün yaşam tərzi mənasında yayğın olaraq istifadə olunmağa başlamışdır [3, s.19]. Z. Gökalpa görə kültür/mədəniyyət bir millətin dini, əxlaqi, hüququ, bədii, dil, iqtisadi həyatının bir məcmuəsidir.

Maddi mədəniyyət dəyərləri cəmiyyətin tarixi prosesdə yaratdığı texnoloji inkişaf, hünər və bacarıqlarını ifadə edir. Geyim-keçim, yemək-içmək, musiqi alətləri, əkinçilikdə istifadə olunan alətlər, gündəlik həyatda istifadə olunan əşyalar və s. maddi mədəniyyət ünsürləridir [4, s.10]. Mənəvi mədəni dəyərlər isə cəmiyyətdəki fərdlərin bir-birləri ilə qurduğu əlaqələr sonunda yaranmış sözlü və yazılı qaydaları, əsərləri və s. ifadə edir.

Dil, sənət, ədəbiyyat, adət və ənənələr, inanc sistemi və b. mənəvi mədəniyyət ünsürləridir. Mədəni dəyərlərin cəmiyyətin, xalqın özünəxas bir özəlliyi vardır. Məhz buna görə də hər bir xalqın mədəni dəyərləri məhz onun özünə aiddir. Müxtəlif xalqlar bir-birindən yalnız aid olduğu mədəni dəyərlərə görə fərqlənirlər. “İnsan toplumlarını millət halına gətirən mədəniyyətləridir. Eyni bir dili danışan insanlar başqalarından ayrı bir cəmiyyət, topluluq yaradırlar” [7, s.17].

Bir xalqın yüz illər boyunca din, ədəbiyyat, sənət, memarlıq, musiqi, əxlaq qaydaları, adət və ənənələri, yemə-içmə, geyim-keçim kimi maddi və mənəvi sahədə yaranmış mənəvi dəyərlər bir nəsildən digər nəslə yalnız dil vasitəsilə ötürülür. Məhz bu baxımdan dil yazılı və şifahi olaraq mədəni dəyərlərin əsas ötürücüsü funksiyasını yerinə yetirir. “Hər millət dilini və mədəniyyətini yüz illər boyunca yoğurur. Bu əsnada o, axan bir çay kimi, içindən keçdiyi hər torpaqdan bəzi ünsürləri alır. Hər mədəni millətin şifahi və yazılı dili, daşıdıqları mədəniyyətlə bağlı söz və deyimlərlə zəngindir. Bu baxımdan hər millətin dili o millətin əsrlər boyunca yaşadığı tarixin bir növ xülasəsidir. Dilə bu gözlə baxılırsa məna qazanır” [7, s.20].  Dil və mədəniyyətin qarşılıqlı əlaqəsi dilçiliyin linqvokulturologiya bölməsində öyrənilir. Linqvokulturologiya, dil və mədəniyyətin qarşılıqlı əlaqəsini tədqiq edən bir sahədir. Bu sahə dilin, bir xalqın və ya cəmiyyətin mədəniyyətini necə əks etdirdiyini və eyni zamanda mədəniyyətin dili necə formalaşdırdığını öyrənir. Yəni, linqvokulturologiya, dilin bir toplumun dünyagörüşünü, dəyərlərini, inançlarını və sosial strukturlarını necə nümayiş etdirdiyini araşdırır.

Bu sahə həm də dilin insanların sosial həyatı, ənənələri və mentalitetləri ilə əlaqəsini araşdırır. Misal üçün, bir xalqın dilində müəyyən sözlər və ifadələr, onların mədəniyyətini və həyat tərzini əks etdirə bilər. Beləliklə, linqvokulturologiya dil və mədəniyyət arasında qarşılıqlı əlaqəni anlamağa kömək edir [9, s.89].

Linqvokulturologiya bir dilçilik sahəsi kimi XX əsrin sonlarında yaranmışdır. N. Cəfərov bu haqda yazır: “…mədəniyyət dilə təsir göstərdiyi kimi dil də mədəniyyətə təsirsiz qalmır. Və əslində, həmin qarşılıqlı təsirlərin mexanizmini, yaxud “fəlsəfə” sini aydınlaşdırmaq yeni elmin birbaşa vəzifəsidir” [1, s.145]. Alimin fikrincə, hər bir xalq üçün onun dili sadəcə sərbəst işarələr sistemi, yaxud adi ünsiyyət vasitəsi olaraq qalmır, həm də etnosun ümumi xarakterini özünəməxsus prinsiplərlə ehtiva edərək əks etdirir.

Wenying Jiang üçün dil, mədəniyyətin mühüm bir hissəsidir və mədəniyyət daxilində vacib bir rol oynayır. Jiang, dil və mədəniyyəti bir buzdağına bənzədir; buzdağının görünən hissəsi dil, buzdağının suyun altında qalan hissəsi isə mədəniyyətin görünməyən hissələridir. Jiang’ın başqa bir bənzətməsi də belədir: “Dil bədən, mədəniyyət isə qan kimidir. Mədəniyyət olmazsa, dil ölür. Dil olmazsa, mədəniyyət formalaşa bilməz” [6, s .330].

Dil və mədəniyyətin qarşılıqlı əlaqəsi ilə bağlı bir çox nəzəri yanaşmalar mövcuddur. Dil, bir xalqın mədəniyyətinin daşınması və ötürülməsi vasitəsidir. Ferdinand de Saussure, dilin yalnız strukturdan ibarət olmadığını və mədəniyyətin bu struktura təsir etdiyini qeyd edir. Dilin quruluşu, mədəni dəyərlərin və ənənələrin dil vasitəsilə ifadə olunmasına şərait yaradır. Eyni zamanda, dil, mədəniyyətin sosial həyatda necə tətbiq edildiyini göstərir.

Linqvokulturoloji yanaşma, dilin mədəniyyəti necə əks etdirdiyini və əks etdirildiyini izah edən bir yanaşmadır. Bu yanaşma dilin mədəni kodlarını, simvollarını və mənalarını təhlil edərək, hər bir dilin özünəməxsus mədəniyyətini necə formalaşdırdığını göstərir. Türk dillərində bu qarşılıqlı əlaqə xüsusilə maraqlıdır, çünki Türk xalqları tarix boyu müxtəlif coğrafi, etnik və dini mədəniyyətlərlə qarşılaşmışdır. Bunun nəticəsində, dilin strukturu və istifadəsi, mədəniyyətin ehtiyaclarına və şəraitlərinə uyğunlaşmışdır.

Türk dilləri geniş bir coğrafi ərazini əhatə edir və bu dillər bir çox mədəniyyətin təsiri altında inkişaf etmişdir. Türk dillərinin zənginliyi, həm də müxtəlif mədəniyyətlərlə qarşılıqlı təsirin nəticəsidir. Türk xalqlarının tarixi və mədəniyyəti dilə böyük təsir göstərmişdir. Bu təsir frazeoloji birləşmələrdən tutmuş, gündəlik danışıq dilində istifadə olunan ifadələrə qədər geniş bir sahəni əhatə edir.

Türk dillərindəki frazeoloji birləşmələr, dilin mədəniyyətlə qarşılıqlı əlaqəsini əks etdirən ən bariz nümunələrdən biridir. Bu birləşmələr, xalqın dünya görüşünü, həyat fəlsəfəsini və mədəniyyətini göstərən ifadələrdir. Məsələn, “göz var nizam var” deyimi, türk mədəniyyətində təşkilatçılığın və intizamın əhəmiyyətini vurğulayır. Həmçinin, “kervan yolda düzələr” ifadəsi, kollektivin gücünü və birgə əməkdaşlığın vacibliyini simvollaşdırır. Belə frazeoloji birləşmələr, yalnız dilin deyil, həm də mədəniyyətin bir hissəsi olaraq, cəmiyyətin dəyərlərini və həyat tərzini ifadə edir.

Dil, mədəniyyətin təzahür etdiyi əsas sahələrdən biridir. Mədəniyyətin hər sahəsində istifadə olunan terminlər, müəyyən bir xalqın həyat tərzini və düşüncə dünyasını əks etdirir. Türk dilində mədəniyyətə aid terminlər, xalqın keçmişini, ənənələrini, gündəlik həyatını və sosial münasibətlərini göstərir.

Türk mədəniyyətindəki ənənələr və dəyərlər, dilin leksikasına da təsir etmişdir. Məsələn, “sofra” (masa), “misafir” (qonaq) kimi sözlər, türk mədəniyyətində qonaqpərvərliyin və ailə bağlarının vacibliyini simvollaşdırır. “Sözün qüdrəti” kimi ifadələr isə türk xalqlarının dilə və sözə verdiyi dəyəri göstərir. Beləliklə, mədəniyyətin dilə təsiri, həmin xalqın mədəniyyətinin və dəyərlərinin dil vasitəsilə necə yaşadığını göstərir.

Türk dillərində dil və mədəniyyətin qarşılıqlı əlaqəsi, frazeologiya və terminologiyada açıq şəkildə təzahür edir. Bu əlaqənin bəzi nümunələrini aşağıdakı kimi sıralamaq olar:

  1. Frazeoloji birləşmələr: “Göz var nizam var”; “Ağa qapıda, qız evdə”; İki daş arasında; Hacı hacıyı Mekke`de derviş dervişi tekkede bukur; Haline bakmaz, Hasandaı`na oduna gider; Bit pazarında kuyruk toplar, Beyoğlun`da beylik satar; Çingene çalar, Kürt oynar; İspanya`da şato kurmak [8, s.200]; kimi frazeoloji birləşmələr, türk xalqlarının mədəni dəyərlərini və həyat tərzini əks etdirir. Bu ifadələr, cəmiyyətdə əxlaqı, tərbiyəni, intizamı və əməkdaşlığı təmsil edir.
  2. Atalar sözü: Türk dillərində bir çox ortaq atalar sözü mövcuddur. Bu atalar sözləri, müxtəlif türk xalqları arasında paylaşılır və ümumilikdə xalqın təcrübəsini, hikmətini və həyat fəlsəfəsini əks etdirir.Türk xalqının mədəniyyətində kəlam və atalar sözləri mühüm yer tutur. “Ağaç yaşken eğilir”,”Dost kara günde belli olur”, Həcdən gələn mən, Məkkədən xəbər verən sən?; Hər oxuyan Molla Pənah olmaz; Qafil yaşamaqdan ölmək yaxşıdır; Qələm qılıncdan itidir; Qələm əyri yonulsa da düz yazar; Elmsiz adam qanadsız quş kimidir və s. kimi ifadələr, türk xalqlarının müdrikliyini, əxlaqını və sosial münasibətlərini göstərir. Bu atalar sözləri, həm Türk dilində danışan xalqlar arasında, həm də bir çox digər mədəniyyətlərdə qarşılıqlı olaraq yayılıb və insanların həyat təcrübələrini, gündəlik həyatlarına dair hikmətləri özündə cəmləşdirir.
  3. Mədəniyyətə aid terminlər: Türk dillərində mədəniyyətlə bağlı terminlər, mədəniyyətin müxtəlif aspektlərini ifadə edən və bu sahədəki anlayışları aydınlaşdıran söz və ifadələrdir. Bu terminlər, adətən bir xalqın, toplumun və ya cəmiyyətin həyat tərzini, dəyərlərini, ənənələrini, incəsənətini, dilini, sosial quruluşunu və davranışlarını izah edən anlayışlardır. Mədəniyyətlə bağlı

bəzi əsas terminlər aşağıdakılardır: düğün / toy, Kına / kına gecəsi, Bayram, Novruz, dizdan (türkmən dilində qadınların iç geyimi), kəlağayı, Buhara donı (türkmənlərdə geyim növü); çarıq, don; ləçək, ağça (bütün türk dillərində işlənən pul vahidi); badya; bardaq [2, s.90]; kimi sözlər, Türk xalqının adət-ənənələrini və mədəniyyətinin müxtəlif aspektlərini əks etdirir. Hər biri müəyyən bir mədəni mərhələnin və ya hadisənin simvoludur.

  1. Dini və islam mədəniyyəti ilə bağlı ifadələr: Türklər islamdan öncə tək Tanrıya tapınmışlar. Bu da onların ortaq leksikasında öz izini saxlamışdır. Tanrı mənəm, yağmaram-tərslik edən, yola gəlməyən, inadkarlıq göstərən adam haqqında işlədilən ifadə; Tanrısına təpik atmaq– naşükür, nankor olmaq, qudurmaq; ~ cızığından çıxmaq, yolunu azmaq, həddini aşmaq; Tanrıya pay aparmaq–boyu çox uzun olmaq; ~ Allaha pay aparmaq və s.

İslam dini türklərin mədəniyyətinə çox böyük təsir göstərmişdir. İslamla bağlı türk dillərində olduqca çoxlu sayda leksik vahidlər mövcuddur. Türk dillərində İslam dini ilə bağlı frazeoloji birləşmələr və atalar sözləri geniş yer tutmuş və mədəniyyətin bir hissəsi olaraq insanların dünya görüşünü, dini anlayışlarını və sosial münasibətlərini əks etdirmişdir. Bu frazeologizmlər və atalar sözləri, adətən dini inanclar, həyat prinsipləri və etik davranışlarla əlaqəlidir. İslam dini ilə bağlı bəzi tipik frazeologizmlər və atalar sözləri aşağıdakılardır: Allah’a emanet ol – Birini vidalaşarkən istifadə edilən və o şəxsin Allaha təvəkkül edərək qorunmasını arzulayan bir ifadə. “Yola çıxmadan əvvəl, Allah’a emanet ol.” – Yola çıxmadan əvvəl Allah’a əmanət ol.; Allahın işine karışmak – Allahın iradəsini dəyişdirməyə çalışmaq, insanların öz imkanları ilə Allahın planına müdaxilə etməyə çalışması. “Böyle işler Allah’ın işine karışmak olur” – Bu cür işlər Allahın işinə müdaxilə etmək olar. “Hakkını helal et” – Birinə minnətdarlıq bildirərək, keçmişdəki hər hansı bir əməlinin bağışlanmasını istəmək. “Yaptıklarımı unuttuysan, hakkını helal et” – Yaptıqlarımı unudubsansa, haqqını halal et. Bismillah, İnşallah, Əzrayıla bir can borcu olmaq, Azralil`e ense çekmek; Azrail`le burun buruna gelmek; Allahın əmri, Allahın evi; Allah`tan bulmak; Allah`tan sıska, ne yapsın muska; Allah`a çok, insanı az bir yer və s. kimi ifadələr gündəlik danışıq dilinin ayrılmaz bir hissəsinə çevrilmişdir və bu ifadələr mədəniyyətin dindən təsirləndiyini göstərir.

 

Nəticə

Türk dillərində dil və mədəniyyətin qarşılıqlı əlaqəsi, dilin yalnız kommunikasiya vasitəsi olmadığını, həm də bir xalqın mədəniyyətini, dünyagörüşünü və sosial dəyərlərini təmsil etdiyini göstərir. Dil, mədəniyyətin təzahürü, qorunması və ötürülməsi üçün ən vacib vasitədir. Frazeoloji birləşmələr, kəlamlar, terminologiya və dilin digər elementləri, Türk xalqlarının həyat tərzini və mədəniyyətini təmsil edir. Türk dillərinin müxtəlif coğrafiyalarda yayılması və fərqli mədəniyyətlərlə qarşılıqlı təsiri, dilin mədəniyyətlə necə qarşılıqlı əlaqəyə girməsini daha da zənginləşdirir. Bu tədqiqat, dil və mədəniyyət arasındakı bu qarşılıqlı əlaqənin Türk dillərinin inkişafında və mədəniyyətinin qorunmasında əhəmiyyətini vurğulayır.

 

Ədəbiyyat

  1. Cəfərov, N. Multidissiplinar dilçilik / Bakı: Elm və təhsil, 2022
  2. Əsgərov, H. Azərbaycan dilində maddi mədəniyyət leksikası / Bakı: 2006.
  3. Gökalp, Z. Türkçülüğün esasları T.C.Anadol Üniversitesi Yayını, 2019
  4. Gökçür, E.Türkmen kültürü ve türkmen külütrüne dayalı söz varlığı / Konya, 2022.
  5. Güvenç, B. İnsan və kültür. – İstanbul: Remzi Kitabevi, –2002.
  6. Jiang, W. The relationship between culture and language. ELT journal, 54(4), 2000, 328-334
  7. Kaplan, M. Kültür ve Dil / – İstanbul: Dergah Yayınları, – 1997.
  8. Turan Sinan A. Türkçenin deyim varlığı / İstanbul: Kesit, 2015.
  9. Маслова, В. Лингвокультурология. Учеб. Пособие для студ. Высш. Учеб, заведений. М.: Издательский центр “Академия”, 2001.

 

 

Daxil oldu: 14.10.2024

Qəbul edildi: 27.11.2024