DÜNYA ƏDƏBIYYATINDA “BASATIN TƏPƏGÖZÜ” ÖLDÜRDÜYÜ BOYUN MÜQAYISƏLI TƏHLILI

Rəna Tofiq qızı Cavadova

ren-bdu@mail.ru

   XÜLASƏ

Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos ənənəsinin mövcudluğu, xüsusilə xalq dastanlarının qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi  hesab olunur. Tədqiqatçılar şumerlərin “Bilqamış”, hindlilərin “Mahabharata”, “Ramayana”, yunanların “İliada”, “Odisseya”, midiyalıların “Avesta”, farsların “Şahnamə”, oğuz türklərinin “Xəmsə”, “Oğuz kağan”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, qırğızların “Manas”, özbəklərin “Alpamış”, ingilis-saksonların “Beovulf”, britaniyalıların “Robin Qud”, fin-uqorların “Kalevala”, slavyanların “İqor polku haqqında dastan” kimi yazılı epos və ədəbi abidələri daxil olmaqla dünya mədəniyyəti xəzinəsində 110 əsər müəyyən etmişlər. 110 yazılı epos və xalq yaradıcılığından törəyən ədəbi yazılı abidələr içərisində 18 möhtəşəm əsər türk epik təfəkkürünün məhsuludur.

Açar sözlər: epos, “Kitabi-Dədə Qorqud”,  oğuz türkləri, dünya ədəbiyyatı

Bir cəhət maraqlıdır: “İliada” və “Odisseya” Yunanıstan, “Beovulf” və “Robin Qud” isə Britaniya adasının sərhədlərindən kənara çıxmayıb. Türkün isə təkcə “Koroğlu”sunu xatırlamaq kifayətdir ki, Bessarabiyadan, Moldovadan başlamış, Çinə, Ərəbistana qədər istər müsəlman, istərsə də onlarla xristıan, bütpərəst xalq arasında, gündoğandan günbatana qədər uzanan ayrı-ayrı ölkələrdə yayılıb. Təsadüfi deyil ki, ötən əsrin 40-cı illərində məhz Türkün yaratdığı “Kitabi-Dədə Qorqud” eposunun qüdrəti Mikoyan, Stalin kimiləri qorxutmuş və bu əsər repressiya qurbanları sırasına daxil edilmişdi. Azərbaycanın görkəmli filosofu Heydər Hüseynov həm də “19-cu əsr Azərbaycan fəlsəfi fikri”nin qaynağı kimi “Dədə Qorqud”dan bəhs açdığına görə məhv edilmiş, türkmən alimi, “Koroğlu” eposunun böyük tədqiqatçısı akademik Bəymühəmməd Karrıyev isə “Dədə Qorqud”u təbliğ etdiyinə görə 10 il həbs cəzasına məhkum edilmişdi. Ancaq dünya xalqlarının heç bir qədim yazılı epik əsərində “Kitabi-Dədə Qorqud”da qoyulduğu şəkildə humanizm, vətənpərvərlik, ailə-əxlaq məsələlərinə yer verilməyib. Təkcə bu gün dünyanın hər yerində aktual olan gender probleminin “Kitab”dakı qoyuluşunu xatırlamaq kifayətdir. Qadın ailədə kişilərlə eyni hüquqdadır, hətta bəzi məqamlarda onlardan tədbirli olmasına, mərdliyinə, dəyanətinə, sevgidə sadiqliyinə görə üstün göstərilir. «Kitabi-Dədə Qorqud» eposunun nəşr və tədqiq tarixi 200 illik bir dövrü əhatə edir. Xatırladaq ki, «Kitabi-Dədə Qorqud» haqqında ilk məlumatı Yakob Reyske (1716-1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer verib. Lakin “Kitabi-Dədə Qorqud” dastanının nəşri və tədqiqinə XIX əsrdən başlanıb. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Fon Dits olub. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar edib, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək “Odissey”in nağıl səciyyəli təkgözlü Siklopun – Polifemin kor edilməsi süjetinin yeni variantı kimi nəşr etdirib.

Dədə Qorqud eposunun ən qədim süjetlərlə zəngin laylarından biri Basatın Təpəgözü öldürdüyü boydur. “Dədə Qorqud kitabı”nı araşdıran alimlərin əksəriyyəti Təpəgöz surətinin mənşəyilə dərindən maraqlanmış, məsələnin bu cəhətinə xüsusi diqqət yetirmiş, apardıqları müxtəlif paralellər və müqayisələr əsasında müəyyən fikirlər söyləmişlər. Məsələnin elmi əhəmiyyətini Kamran Əliyev düzgün dəyərləndirərək yazır: “Təpəgözün əsl mahiyyətinin açılması və elmi izahı onun mənşəyinin nə dərəcədə və nə qədər bəlli olmasından asılıdır”.

Təpəgöz süjetinin mənşəyindən yazan Avropa, rus və türk qorqudşünaslarının əsərlərində də başlıca olaraq iki mövu nəzərə çarpır:

  1. Bu süjet oğuz mənşəlidir. Yunan siklopu ilkin qaynaq deyil. Yunanlar onu oğuzlardan götürmüşdür.
  2. Bu süjet yunan mənşəlidir. Oğuz süjeti yunanlardan götürmüşdülər.

Fon Dits yazmışdır ki, “Oğuz siklopu yunanlarınkından deyil, əksinə yunanlarınkı oğuzlardan götürülmüşdür”.

Herodot bu süjeti yunanların iskitlərdən eşitdiklərini yazır. Yunanlar Taygözün adını da iskit dilindən götürmüşlər. A.Strabon yazırdı ki, “Homer təkgöz siklop motivini skiflərin tarixindən götürmüşdür”. Skiflərlə oğuzlar isə qohum tayfalardandır. Ş.Cəmşidov yazır ki, Ön Asiyadakı skiflər “Aşquz” və “İşquz” şəklində iki hissədən ibarət olmuşdur. “İşquz” əslində “iç oğuz” deməkdir. Ellin ədəbiyyatında, məsələn, Feokritdə Polifem dinc yaşayan insanlarla düşmən olmayan və insan əti yeməyən bir çobandır. Deməli, ellin ədəbiyyatındakı polifemlər “Odisseyada”kı  Polifemin əcdadı sayıla bilməz.

Bu süjetin mənşəyi məsələsində alimləri çaşdıran məsələlərdən biri də oğuzların tarixinin saxtalaşdırılması, onların guya Orta Asiyadan Qafqaza IX-XI əsrlərdə gəldikləri və.s kimi yanlış fikirlərin elmdə dərin kök salması olmuşdur. Son araşdırmalar bu fikirlərin tamamilə əsassız olduğunu göstərir. Ona görə də burda oğuzların qədimliyini təsdiqləyən bir neçə tarixi fakta diqqət yetirmək lazımdır.

Təpəgöz süjetinin türkmən folklorunda da müxtəlif variantları var. Q.N.Potanin hələ XIX yüzilliyin sonlarında Sibir türklərindən toplandığı folklor örnəklər arasında da Təpəgöz surətinə rast gəlinir. Həmin mətnlərdə də Təpəgözün mağarası dağda yerləşir.

Təpəgöz obrazından və süjetindən danışarkən Qafqaz xalqları arasında geniş yayılmış, “Nart” epik silsiləsini də diqqətdən kənarda qoymaq olmaz. Osetin alimləri daha çox İran və yunan təsirinə meyl göstərirlər. Onlar bu süjetlərin skiflərdən götürüldüyünü, skiflərin də osetinlərin əcdadları olduğunu yazırlar, lakin skifləri İran mənşəli xalq adlandırmaqda yanılırlar.

E.M.Meletinski yazırdı ki, “Nart” eposundakı qədim motivlər onu “Kalevala”, “Edda”, “Bilqamıs” daha sonra isə yakut, monqol, irland eposları ilə müqayisə etməyə imkan verir. “Kalevala” və “Edda”da yetərincə türk motiv və süjetləri var. “Bilamıs”la türk eposları arasındakı etnopoetik bağlılığı görməmək mümkün deyil.

Azərbaycan folkloru da Təpəgöz süjetlərilə zənginlik baxımından ayrıca tədqiqat tələb edir. Azərbaycan ədəbiyyatında Təpəgözün sələfləri olmuşdur. Azərbaycan folklorunda  DQK-dakı “Təpəgöz” və “Kəlləgöz” nağılları müxtəlif əfsanə və rəvayətlər mövcuddur. Azərbaycanın ayrı-ayrı bölgələrində bu gün də yazıya alınmış və alınmamış çoxlu Təpəgöz süjetləri xalqın yaddaşında yaşamaqdadır.

R.Əliyev “Basatın Təpəgözü öldürdüyü boy”u  “Kəlləgöz” və “Təpəgöz” nağılları ilə tutuşdurub yazır: ”mənşəyi etibarilə, “Təpəgöz” nağılı daha qədimdir və bilavasitə Təpəgöz obrazının mifoloji köklərini hərtərəfli əks etdirir.

Buryatların “Gizir” eposunda da Təkgöz obrazı vardır. Onun adı Qal-Nurmandır. Bu təkgözü də Gizir öldürür. “Manas” eposunda Təpəgöz obrazının xüsusi yeri var. Burada təpəgözlər çoxdur və onların hər birinin insan kimi adı var. Onlardan biri Malqundur və Katayın sərhədlərini qoruyur. Almambet və Sırqatla qarşılaşır. “Dədə Qorqud”un “Təpəgözü kimi o da diş batmazdır, ona ox və qılınc batmır. Yeganə ət olan yeri gözüdür və ölümü də gözündəndir. “Manas” eposundakı Təpəgöz süjetinin mənşəyindən danışan alimlər arasında da yekdil bir fikir yoxdur.

Türk folklorundakı bütün Təpəgöz obrazları və onunla bağlı süjetlər bir-birinə çox yaxındır. Ümumiyyətlə, Azərbaycan, qırğız, türkmən, özbək, altay, qaraqalpaq, başqırd, tatar, balkar, tuva və.s türk xalqlarının folklorunda Təkgöz, Taygöz, Təpəgöz süjetləri çoxdur. Anadoludan toplanmış ağız ədəbiyyatında da bu obraza çox rast gəlinir. Hazırda Topqapı muzeyində saxlanan və “Dədə Qorqud”a çox yaxın olan bir variant məhz Anadoludan toplanmışdır. Onu O.İ.Gökyay 1938-ci ildə nəşr etdirdiyi “Dədə Qorqud” kitabına daxil etmişdir. Onun qısa məzmunu belədir: “Pusat igid və güclü bir gəncdir. Tez-tez şir ovuna gedir. Bir dəfə şir axtara-axtara gəlib Qaf dağının arxasında-Təpəgözün yaşadığı yerə gəlib çıxır. Bir balaca Təpəgözü tutub evə gətirir və onu böyüdür.

Anadolu variantı ilə “Dədə Qorqud”un süjeti çox oxşardır. M.H.Təhmasib onlardan üçünü ayrıca qeyd etmişdir:

  1. Qəhrəmanların adları Basat və Pusat, azman isə Təpəgözdür.
  2. Anadolu variantında Pusat, “Dədə Qorqud” da Aruz Təpəgözü evində bəsləyib böyüdür.
  3. Pusat şir ovuna gedir, Basat aslan südü ilə böyüyür.

Mətn yarımçıq olduğundan, Anadolu variantında hadisələrin sonra necə inkişaf etdiyini bilinmir. Ancaq mövcud parçadakı bu oxşarlıqlar süjetin inkişafı haqqında fikir söyləməyə imkan verir.

Son olaraq demək lazımdır ki, Avropa o cümlədən yunan mədəniyyətinə türk təsirini ayrı-ayrı obraz, motiv və süjetlərlə məhdudlaşdırmaq olmaz. Arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət abidələri göstərir ki, yer kürəsinin çox böyük əraziləri Turan mədəniyyət zonasına daxildir.

ƏDƏBİYYAT

  1. Cəmşidov Ş. Kitabi-Dədə Qorqud.- Bakı, 1977.
  2. Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə, Bakı, Kitab aləmi NPM, 2011
  3. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988
  4. Мелетинский Е.М. Происхождение героического эпоса. Ранние формы и архаические памятники. М., 1963 2. B.Ögəl. Türk mifologiyası. I

A COMPARATIVE STUDY OF THE CHAPTER “HOW BASAT KILLED TEPEGOZ’ IN WORLD LITERATURE

Javadova  Rena Tofig

BSU “Dede Gorgud” ETL

 SUMMARY

      Key worlds: epic, “Kitabi-Dede Gorgud”, Oghuz Turks, world literature

One of the facts confirming the antiquity of the roots of the world’s peoples is the existence of epic traditions, as well as the transfer of oral folklore samples to paper in the Middle and Ancient Ages. Research scientists have identified 110 samples in the treasury of world literature, we will list some of them: “Bilgamysh” (Sumerians), “Mahabharata”, “Ramayana” (Hindus), “Iliad”, “Odyssey” (Greeks), “Avesta” (Medes), “Shahnameh” (Persians), “Khamsa”, “Oguz Khagan”, “Kitabi-Dede Gorgud” (Oguz Turks), “Manas” (Kyrgyz), “Alpamysh” (Uzbeks), “Beowulf” (Anglo-Saxons), “Robin Hood” (English), “Kalevala” (Karelian-Finns), “The Tale of Igor’s Campaign” (Slavs), etc. Of the 110 written epics, 18 are examples of the Turkic epic genre.

СРАВНИТЕЛЬНОЕ ИССЛЕДОВАНИЕ СКАЗАНИЯ «ПЕСНЬ О ТОМ, КАК БАСАТ УБИЛ ТЕПЕГЁЗА» В МИРОВОЙ ЛИТЕРАТУРЕ

Джавадова Рена Тофик кызы

БГУ, НИЛ “Деде Горгуд”

РЕЗЮМЕ

         Ключевые слова: эпос, «Китаби-Деде Горгуд», огузские тюрки, мировая литература

Одним из фактов подтверждающих древность корней мировых народов является наличие традиций эпоса, а также  перенос на бумагу образцов устного народного творчества в средние и в древние века. Учёные-исследователи  выявили  110 образцов в  сокровищнице мировой литературы. Перечислим некоторые из них: «Бильгамыш» (шумеры), «Махабхарата», «Рамаяна» (индусы), «Иллиада», «Одиссея» (греки), «Авеста» (мидийцы), «Шахнаме» (персы), «Хамсе», «Огуз каган», «Китаби-Деде Горгуд» (огузские тюрки), «Манас» (кыргызы), «Алпамыш» (узбеки), «Беовульф» (англо-саксоны), «Робин Гуд» (англичан), «Калевала» (карело-фины), «Слово о Полку Игореве» (славяне) и т.д. Из 110 письменных эпосов  18 являются образцами тюркского эпического жанра.

Şərh yazın