09.04.2025 tarixində BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvan toponimləri adlı elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” laboratoriyasının müdiri, fil.f.d Almara Nəbiyeva, fil.ü.f.d., k.e.i. İbrahimova Ülviyə Akif qızı, k.e.i. Babanlı İlhamə Məhəmməd qızı və laboratoriyanın digər əməkdaşları iştirak ediblər. Elmi seminarı giriş sözü ilə açan Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarın əhəmiyyətindən və aktuallığından söz açaraq, “Kitabi-Dədə Qorqud” dastanının ümumtürk abidəsi və millli mədəni inkişafımızda olan xüsusi mövqeyi haqqında bir neçə nüansı nəzərə çatdırıb.
Mövzu ilə bağlı məruzə edən “Dədə Qorqud” laboratoriyasının kiçik elmi işçisi İbrahimova Ülviyə Akif qızı dastanda işlənən Naxçıvan toponimlərinin öyrənilməsi, ictimai- siyasi və mənəvi cəhətdən mühüm əhəmiyyəti barədə məlumat verərək, xalqımızın şah əsərindəki hadisələrin ulu babalarımızın yaşadığı bütün torpaqlarda, o cümlədən Naxçıvanda cərəyan etməsini və “Dədə Qorqud” dastanında adları çəkilən Əlincə qalası, Dərəşam, Əyrək, Qaraçuğ kimi yer adları Naxçıvan ərazisi ilə bağlı olmağını diqqətə çatdırıb. Bundan əlavə Səfərəli Yaqub oğlu Babayev – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağının inandırıcı dəlillərlə sübut olunmağı haqqında da məlumat verib. Laboratoriyanın digər əməkdaşı Ağayeva Fərqanə Məhəddin qızı Naxçıvan toponimlərindən bir neçəsinin adını çəkərək Oğuzdaş, Oğuzkənd, Dərəşam toponimləri haqqında daha geniş və ətraflı məlumat verib. Sonra mövzuyla bağlı əməkdaşlar öz fikirlərini bölüşərək, maraqlı faktları danışıblar. Daha sonra, seminar müzakirələrlə yekunlaşıb.