GÖZƏLLİYİN KONTRASTLARI: ÇİRKİNLİYİN ESTETİKASI

https://doi.org/10.36719/2791-3732/9/54-59

Şəfa Fərəcova

Avrasiya Universiteti magistrant

Shafafaracli@gmail.com

 

Xülasə

Məqalədə, çirkinliyin estetik dəyəri və onun gözəlliklə qarşılıqlı əlaqəsi dərindən araşdırılır. Gözəllik və çirkinlik arasındakı ziddiyyətlər və kontrast, estetik düşüncənin inkişafı və müxtəlif anlayışların yaranmasına imkan verir. Çirkinlik, ənənəvi olaraq mənfi bir xüsusiyyət olaraq qəbul edilsə də, sənət və fəlsəfə sahəsində bu anlayışın estetik bir komponent kimi qəbul edilməsi, gözəllik anlayışını daha geniş və dərin şəkildə anlamağa gətirib çıxara bilər. Beləliklə, çirkinlik və gözəllik arasında yaranan gərginlik, estetik təcrübənin zənginləşməsinə və daha çox müzakirə edilən mövzuların formalaşmasına şərait yaradır. Çirkinlik bəzən sadəcə xoş olmayan və gözə çarpan bir xüsusiyyət olaraq deyil, həm də insanın estetik təcrübəsi üçün vacib bir amil kimi qiymətləndirilə bilər. Çirkinliyin özünün estetik təhlili, bəzən onun sənət əsərlərində daha mürəkkəb və fəlsəfi bir şəkildə təzahür etməsinə yol açır. Məsələn, sənətdə çirkinlik tez-tez insanları təəccübləndirmək, onları sarsıtmaq və fərqli düşünməyə sövq etmək üçün istifadə olunan bir vasitə kimi çıxış edir. Çirkinliyin estetikası yalnız zahiri gözəlliyin əksinə olmaqla kifayətlənmir, həm də estetik təcrübənin sərhədlərini genişləndirir, insanın vizual və emosional həssaslığını inkişaf etdirir. Bu məqalə, çirkinliyin estetik bir kateqoriya olaraq necə qiymətləndirildiyini və gözəlliklə olan qarşılıqlı əlaqəsini araşdırarkən, həm də estetik kontrastın insan psixologiyası və mədəniyyətində necə yer tutduğunu diqqətə alır. Çirkinlik və gözəllik arasındakı bu mürəkkəb əlaqə, həm fərdi, həm də sosial səviyyədə insanların estetik zövqlərinin və dünyagörüşlərinin necə inkişaf etdiyini göstərir. Çirkinliyin estetik dəyəri, yalnız fiziki xarakteristika ilə əlaqəli deyil, həm də insanın daxili dünyası, mədəniyyəti və tarixlə necə əlaqə qurduğu ilə bağlı dərin mənalar daşıyır.

Açar sözlər: çirkinlik, estetika, estetik kontrast, incəsənətdə çirkinlik, mədəniyyət.

 

Shafa Farajova

Eurasiya University,

Master’s student

Shafafaracli@gmail.com

 

CONTRASTS OF BEAUTY: THE AESTHETICS OF UGLINESS  

Abstract

The article explores the aesthetic value of ugliness and its interaction with beauty. The contradictions and contrast between beauty and ugliness allow the development of aesthetic thinking and the emergence of different concepts. Although ugliness is traditionally perceived as a negative characteristic, the acceptance of this concept as an aesthetic component in the field of art and philosophy can lead to a broader and deeper understanding of the concept of beauty. Thus, the tension between ugliness and beauty creates conditions for the enrichment of aesthetic experience and the formation of more discussed topics. Ugliness can sometimes be regarded not only as an unpleasant and conspicuous feature, but also as an important factor in the aesthetic experience of a person. The aesthetic analysis of ugliness itself sometimes gives way to its manifestation in works of art in a more complex and philosophical way. For example, ugliness in art is often used as a tool to surprise people, shock them and make them think differently. The aesthetics of ugliness is not only the opposite of external beauty but also expands the boundaries of aesthetic experience and develops a person’s visual and emotional sensitivity. This article examines how ugliness is valued as an aesthetic category and its interaction with beauty, while also considering how aesthetic contrast is embedded in human psychology and culture. This complex relationship between ugliness and beauty shows how people’s aesthetic tastes and worldviews evolve, both at the individual and social level. The aesthetic value of ugliness is not only related to physical characteristics, but also has deep meanings related to how a person relates to his inner world, culture and history.

Keywords: ugliness, aesthetics, aesthetic contrast, ugliness in art, culture

 

Giriş

Gözəllik, tarix boyu sənət və fəlsəfənin əsas mövzularından biri olmuş və bu gün də belədir. Onun əksi olan çirkinlik də eyni dərəcədə vacib bir estetik anlayış kimi əsaslı yanaşmaları zəruri edir. Gözəlliyin kontrast tərəfi olan çirkinlik onun formalaşma və daha dərindən anlaşılmasında mütləq rol oynayır. Ümumiyyətlə, gözəllik və çirkinliyin sənətdə necə təzahür etdiyini, estetik bir kateqoriya halına gəldiyini və bu kontrastın insanların dünyagörüşünə və sənət anlayışına təsirini bir problem olaraq aydınlaşdırılması vacib məsələlərdəndir.

Çirkinlik sənət anlayışı ilə yan-yana işləndikdə ironik bir təsəvvür formalaşdırır. Görüb müşahidə etdiyimiz çirkin ünsürlər ən azı gözəllik qədər təsirlidir və fərqli düşüncə yaratmaq qədər tipikdir. Bu fərqlilik həyatı dərk anlamında müasir incəsənətin izləyiciyə olanları çatdırmaq istəyindən qaynaqlanır. Yəni, sənət əsərləri gözəllik anlayışını təkcə ideal estetik dəyərlərdən deyil, həm də fərqli və “eybəcər” hesab edilən elementlərdən qidalandırır. Gözəllik və çirkinlik bir-birinə zidd görünsə də, sənətdə yan-yana istifadə edildikdə hər ikisi güclü emosional və estetik təsir yaradır.

Gözəllik və çirkinlik anlayışlarının fəlsəfi mənşəyi və yanaşmalar. Çirkinlik və gözəllik anlayışları arasındakı ziddiyyət sənətdə bir növ paradoks yaradır. Bu paradoks insanın gözləntilərini pozur və müxtəlif mənəvi-psixoloji qatlara görə təhlil edilməsinə səbəb olur. Belə əsərlər izləyicinin daxili aləminə təsir etməklə onda narahatlıq yaradan məsələlərə yenidən baxmağa vadar edir. Sənətdə eybəcərliyin istifadəsi də “gözəllik nədir?” sualını yenidən düşünməyə vadar edir. Əsərin eybəcər elementləri izləyicinin öz zövqünə, estetik dəyərlərinə yenidən nəzər salmasına səbəb olur. Bu yanaşma sənət vasitəsilə yeni gözəllik anlayışını təbliğ etmə və qəbul etmək üçün təkan rolunu oynayır. Sənətkarın daxili aləmində yaşadığı çətinliklər, qorxu və münaqişələr bəzən “eybəcər” kimi təcəssüm olunur. Bu, əsərin müəllifinin hiss və düşüncələrini birbaşa izh etməyə kömək edir, izləyiciyə müəllifi daha yaxından tanımağa imkan verir.

Qədim Yunan mədəniyyəti dünyada çirkinliyin və səhvin mövcudluğunu qəbul edirdi. Yunan mifologiyasında həm müsbət, həm də mənfi cəhətlər, gözəllik və çirkinlik var. Bu baxımdan Yunan mədəniyyəti dünyanı bütöv, gözəl və kamil varlıq kimi görmür; əksinə, dünyanın çoxşaxəli, qarışıq və bəzən də çirkin tərəflərini əks etdirən bir anlayışla təqdim edir. Xristianlıq dini isə dünyada hər şeyi Allahın əsəri olduğunu, mükəmməl yaradıldığı üçün hər şeyi gözəl görür və əgər çirkinlik varsa da, bu kamillik çərçivəsində yox olub gedəcəyini vurğulayır. “Antik Yunan mədəniyyəti dünyanın bütövlüklə gözəllik olduğunu düşünmür.Yunan mifologiyasında dünyanın çirkinlikləri və xətalarından da bəhs olunur. Mənəvi cəhətdən yanaşdıqda bütün kainat gözəldir, çünki hər şey Tanrının əsəridir. Hətta bütöv gözəllik müəyyən mənada çirkinliyi də aradan qaldıraraq yox edir” [4]. Qədim Yunan mədəniyyəti dünyanın təkcə gözəl deyil, həm də çirkinlikləri və səhvləri olduğunu qəbul edir.

Antik dövrdən orta əsrlərə qədər müxtəlif estetik nəzəriyyələr çirkinliyi gözəlliyin antitezisi, fiziki və mənəvi gözəllik qanunlarını pozan bir uyğunsuzluq, hər hansısa bir varlığın təbii olaraq sahib olmalı olduğu çatışmazlıq kimi görürdülər. “Çirkin varlıqlar və məxluqlar mövcud olsa da, sənət onları gözəl şəkildə ifadə etmək gücünə malikdir. Çünki gözəlliyi münasib yollarla məqbul edən bu təqlidin gözəlliyidir” [6]. Bu ifadə gözəllik və çirkinlik arasındakı əlaqəni və sənətin bu əlaqəni necə ifadə etdiyini göstərir. Əsas ideya ondan ibarətdir ki, sənət çirkin və ya qeyri-adi olanı gözəl şəkildə ifadə etmək gücünə malikdir, bununla da gözəlliyi təqlidedici və ya uyğun şəkildə təqdim edir.  Çirkin varlıqlar və məxluqlar mövcud olsalar da, bu o demək deyil ki, onlar sənət vasitəsilə gözəlliyə çevrilə bilməzlər. İncəsənət çirkin və ya qeyri-adi olanı müəyyən bir gözəllikdə və ya uyğunluqda təqdim etmək gücünə malikdir. Burada “məqbul edən təqlid” dedikdə incəsənətin gözəlliyi müəyyən formada və ya üslubda təqdim etməsi mənasına gəlir. Çirkinlik sənətə gözəllik gətirə bilər, çünki sənət müəyyən məqsəd və ya estetik dəyərlə çirkinliyi təqdim edərək onu məqbul və gözəl edə bilir.

“İnsanın həzz almağına mane olan elementlər hər hansısa əsəri və ya obyekti çirkinləşdirir. Bir işin və ya əşyanın həzz elementi olması üçün insana çirkinliyi xatırlatmamalıdır. Əyri, məhdud, dar və qapalı bir obyekt və ya sənət əsəri eybəcərliklə qarşı-qarşıya qalır” [9]. Burada ifadə olunan fikirdə deyilir ki, insanın həzz almasına mane olan elementlər əşyanı və ya sənət əsərini çirkinləşdirir. Yəni bir şeyin estetik baxımdan gözəl olması üçün o, insana özünü yaxşı hiss etdirməli, onu rahat və açıq şəkildə qəbul etməsinə imkan verməlidir. İfadədəki “əyri, məhdud, dar, qapalı obyekt” ifadəsi estetik cəhətdən qüsurlu və aşkar şəkildə narahat edən xüsusiyyətlərə işarə edir. Bu cür xüsusiyyətlər gözəl olmayan bir şeylə əlaqələndirilir, çünki onlar insanda çirkin və ya xoşagəlməz hiss yarada bilər. Bir şeyin “gözəl” olması üçün insana açıq, rahat və harmonik bir təcrübə yaşatmalı, çirkinlik və eybəcərliklə əlaqəli hər hansı bir elementi üzərində daşımamalıdır.

“Qərb mənşəli bəzi estetik nəzəriyyələr çirkinliyi estetik məsələlərin tamamilə xaricində qoyurlar.Çünki çirkinliyi nisbi olaraq qəbul edirlər, başqa sözlə desək, gözəllik “mütləq” olduğu üçün çirkinliyin olmadığını iddia edirlər” [2]. Bəzi Qərb estetik nəzəriyyələrinin çirkinliyi bu məsələlərdən kənarda tutduğu bildirilir. Başqa sözlə, bu nəzəriyyələrə görə, çirkinlik gözəllik kimi əsl estetik kateqoriya deyil, daha çox insanların fərdi və mədəni gözləntiləri və təcrübələri ilə əlaqəli bir anlayışdır. Cümlədəki “gözəllik mütləqdir” ifadəsi onu göstərir ki, bəzi estetik nəzəriyyələr gözəlliyə obyektiv və universal keyfiyyət kimi baxırlar. Bu nəzəriyyələrə görə, gözəllik hər bir insanda həmişə eyni şəkildə və müəyyən standarta uyğun olaraq qəbul edilməlidir. Bu yanaşmaya görə, eybəcərlik gözəlliyin əksi deyil, sadəcə olaraq nisbi anlayışdır və ona görə də çirkinlik estetik cəhətdən mövcud olmamalıdır.

“Çirkinlik estetika elmi tərəfindən gözəlliyin əksi və dəyərsizliyi ifadə edən anlayış kimi qəbul edilir.Gözəlliklə ziddiyyət təşkil edən çirkinlik daha çox zövqlə əlaqələndirilir. Zövqün hakim olduğu nöqteyi-nəzərdən eybəcərlik [8]. Bu cümlə eybəcərliklə gözəlliyin əlaqəsi və eybəcərliyin estetik dəyəri haqqında düşüncəni ifadə edir. Burada əsas fikir çirkinliyi gözəlliyin əksi kimi deyil, daha çox subyektiv təcrübə və insan zövqünün təzahürü kimi göstərməyə çalışmaqdır. Eybəcərlik estetik nəzəriyyələrdə gözəlliyin “əksi” və ya “əhəmiyyətsizliyi” kimi qəbul edilir. Bu yanaşmaya görə, çirkinlik obyektin özü ilə deyil, onu müşahidə edən insanın zövqü və emosional reaksiyası ilə əlaqələndirilir. Çirkinlik sadəcə olaraq o byektin “pis”və ya”aşkar” xüsusiyyətləri ilə deyil, insanın həmin obyektə qarşı keçirdiyi xoşagəlməzlik, narahatlıq və ya ikrah hissi ilə ölçülür. Ona görə də estetik baxımdan çirkinlik obyektin özünün fiziki və ya formal xüsusiyyətlərinə əsasən yox, insanın onu qavraması və ona münasibəti ilə bağlıdır.

“Bir varlığa formal olaraq yanaşdıqda çirkinlik ondakı ahəngsizlik, nizamsızlıq, mütənasiblik təşkil etməyəndir. Təbii ki, eybəcərlik tamamilə iyrənc və xoşagəlməz olsa da, onun insanı cəzb edən və zövq verən bir tərəfi də ola bilər, buna çirkinlik paradoksu deyirlər” [3]. Burada çirkinlik və gözəllik anlayışlarının daha mürəkkəb və subyektiv olduğunu vurğulayan bir fikir əks etdirilir. Eybəcərlik təkcə ikrah və xoşagəlməzliklə bağlı deyil, bəzən eybəcərlik hansısa estetik dəyərə malik olub insanları özünə cəlb edə bilir. Buradakı “çirkinlik paradoksu” o deməkdir ki, bir şey ümumiyyətlə çirkin və səliqəsiz olsa da, müəyyən situasiyalarda və fərqli baxış bucağında gözəlliklə birləşdirilə bilər. Məsələn, bəzi sənət əsərləri və ya təbiət mənzərələri çirkin kimi təsvir edilsə də, insanın onlardan aldığı estetik zövq və emosional təsir bir növ gözəllik sayıla bilər. Bu da gözəllik və çirkinliyin estetikada daha elastik bir anlayış olduğunu göstərir. Estetik təcrübə çox şəxsidir və mədəniyyətdən, zamandan və məkandan asılıdır. İnsanların gözəllik və çirkinlik haqqında müxtəlif təsəvvürləri vardır. Bir cəmiyyətin “gözəl” dediyi şey başqa bir mədəniyyətdə “çirkin” sayıla bilər. Məsələn, bir çox cərəyanlar (sürrealizm, ekspressionizm, Dadaizm) çirkinliyi və qeyri-adi formaları gözəlliyin bir hissəsi kimi təqdim edirdi. Bu baxımdan eybəcərliklə gözəllik arasında sərhədlər tamamilə aradan qalxa bilir.

Estetik zövqün subyektivliyi: fərqli baxışların rolu. Çirkinlik hər dövrdə müəyyən qədər də olsa, sənətdə öz yerini almışdır. Lakin estetik bir ifadə vasitəsi olaraq əsasən, Orta əsrlərdə vı sonrakı dövrlərdə daha geniş yayılmağa başlamışdır.”Çirkinliyin sənət cərəyanları çərçivəsində estetikləşdirilməsi və hətta estetik problemlərindən kənarlaşdırılması ilə yanaşı, deyə bilərik ki, Aristotel iyrənclik və eybəcərlik hissi vasitəsilə gözəlliyə çatmağın yolunu estetika ilə mümkün olduğunu söyləmişdir Əslində çirkinlik yoxdur, çirkinlik gözəlliyin başqa bir ifadəsidir” [7].Yəni, eybəcərlik estetik kontekstdə gözəllik anlayışının tamamlayıcı və ya başqa forması kimi görünür. Bu onu deməyə əsas verir ki, estetikada “eybəcərlik” anlayışı mənfi bir şey deyil, gözəlliyi başqa prizmadan anlamağa kömək edən bir vasitədir. Aristotelə istinad edərək bildirir ki, iyrənclik və çirkinlik hissləri insanı gözəlliyə çatdırmağa kömək edə bilər. Eybəcərliyin özü də estetik dəyərə malikdir və onu sənət və estetika çərçivəsində qiymətləndirmək olar. Eybəcərlik və çirkinlik hissləri insanı təkcə gözəlliyə deyil, həm də onun arxasında dayanan daha dərin məna və həqiqəti dərk etməyə yönəldən bir vasitədir. Yəni çirkinliklə əldə edilən gözəllik anlayışı daha güclü və mənalıdır.

Beləliklə, çirkinlik və gözəllik bir-birinə zidd, lakin bir-birini tamamlayan anlayışlar kimi təsvir olunur. Əslində, “çirkinlik” anlayışını yalnız mənfi və ya rədd edilmiş bir fenomen kimi görməmək lazımdır. Əksinə, çirkinlik estetik anlayışlar arasında bir harmoniya yaradaraq fərqli duyğuları və təcrübələri ortaya çıxara bilər. Bu da gözəlliyin mütləq olmadığını, müxtəlif formalarda özünü göstərə biləcəyini vurğulayır.Çirkinlik mahiyyətcə gözəlliyə ziddir, lakin bu ziddiyyət olmadan gözəlliyi tam başa düşmək mümkün deyil. Başqa sözlə desək, çirkinlik gözəlliyin dərinliyini və onun daha dolğun formada qavranılmasını təmin edir. Bu yanaşma həm də estetik dəyərlərin subyektiv və nisbi olduğunu göstərir.

Çirkinlik– sənətdə sosial mesajlar üçün vasitə kimi. Müasir sənət cərəyanlarına qədər Platonun ideya konsepsiyasına əsaslanaraq, gözəlliyə və yaxşılığa çatmaq üçün bir vasitə olaraq qəbul edilən gözəllik məvhumu çirkinliyin bütün tərəflərini görməzlikdən gəlirdi. Lakin sonrakı dövrlərdə sənət cərəyanları çərçivəsində çirkinliyin ülviliyi və qələbəsi kimi yeni mənalar formalaşardı. Gözəllik kimi çirkinlik də Tanrının yaratdığı hər şeydə mövcud olduğu düşünülməyə başlandı. Beləliklə, eybəcərlik sənətin müxtəlif sahələrində təriflənməyə başlandı. “Mənfi simmetriya kimi qəbul edilən çirkin estetikanın əsas anlayışları və fərziyyələri futuristlərlə birlikdə dəyişdi. Futuristlərə görə, boş xəyal və inanclardan ibarət olan ideyalar dünyası gerçək dünyada sənəti formalaşdıra bilməz. Həyatın ağrı və əzablarını rədd edərək boş xəyalları təqlid etmək tarazlığı pozur” [7]. Əvvəllər eybəcərlik və mənfi simmetriya sənət və estetikada mənfi, yad, çirkin anlayışlar hesab olunurdu. Lakin futuristlər bu yanaşmanın əleyhinə çıxdılar və sənətin və estetik fikrin həyatın əsl təlatümlərini və ağrılarını əks etdirən daha dinamik və mütərəqqi bir forma almasını təklif etdilər. Onlar təklif edirdilər ki, sənət və gözəllik anlayışları təkcə ideal gözəllik və simmetriya ilə bağlı olmamalı, həm də həyatın müxtəlif aspektlərini – hətta ağrı, iztirab və ədalətsizliyi də əhatə etməlidir. Futuristlər əvvəlki dövrlərdə sənət aləmində çox istifadə edilən idealist və təxəyyül, yaradıcı və romantik mövzuları tənqid edirdilər. Onlar müdafiə edirdilər ki, incəsənət təkcə boş xəyallara, inanclara deyil, həm də real dünyaya, məişət və müasir problemlərə diqqət yetirməlidir. İncəsənət təkcə ideallaşdırılmış, gözəl və saf subyektləri əks etdirməməli, həm də reallıqları, iztirabları, çətinlikləri, balanssızlıqları təsvir etməlidir. Onlar həyatın ağrısını və əzabını rədd edən və yalnız xəyallara sığınan sənət anlayışını narahat edici, səmərəsiz və gerçək dünyadan uzaq sayırdılar. Belə bir yanaşma, sənətin “tarazlığını pozur” və sənətçinin dünyanı yalnız ideal bir şəkil olaraq görməməsi lazım olduğunu vurğulayar.

“Çirkinlikdə mənəvi gözəllik tapan Kokoschka insan tragediyasında sadə bir üslubla saf və təbii duyğuları canlandırmağa çalışmış, kapitalizm yaşayış şəraiti və mühitinin insanda yaratdığı xaotik əhval-ruhiyyəni orjinallığını pozmadan bilavasitə həyatın bir parçası kimi təsvir etmişdir” [7]. Burada Kokoschkanın sənətinin özünəməxsus xüsusiyyətlərinə və dünyagörüşünə diqqət çəkilir. Onun sənətindəki çirkinliklə gözəlliyin qarşılıqlı əlaqəsinə, insanın daxili dünyasının mürəkkəbliyinə, kapitalizm şəraitində həyatın yaratdığı mənəvi gərginliyin olduğu vurğulanır. Kokoschka insanın həyatının təbii duyğularını və reallığını təhrif etmədən, bəzəmədən olduğu kimi göstərməyə çalışmış, onu sadə və təbii şəkildə təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Kapitalizm şəraitində yaranan mənəvi-emosional xaos onun əsərlərində həyatın bir parçası kimi orijinal şəkildə əks olunur. Bu fikir həm də onu göstərir ki, Kokoschka sənətində müasir dünyanın çağırışlarını, insanların yaşadığı daxili mübarizələri simvolik və real şəkildə ifadə etməyə çalışıb.

İnsanın mürəkkəb duyğularını və təbii vəziyyətini sadə, lakin estetik və mənəvi cəhətdən güclü şəkildə təcəssüm etdirərək, kapitalizmin xaosunu və onun təsirlərini insan psixologiyası çərçivəsində təqdim edir.

Kokoschka ilə bağlı Altuner öz əsərində bildirir ki, “Keçmiş dövrlərin sənətkarlarının son dərəcə simmetrik, demək olar ki, mükəmmələ yaxın yaradılmış əsərləri cəmiyyətdəki real həyatın içərisində aşağı təbəqənin insanları üçün heç bir məna ifadə etmir. Bu kontekstdə çirkinlik kimi təsvir edilən anlayışlar Kokoschka üçün həyatın bir parçası və Tanrının yaratdığı hər şeydə öz əksini tapmış gözəllikdir” [1]. Bu nöqteyi-nəzərdən keçmiş dövrlərin sənəti ilə onun cəmiyyətlə əlaqəsi arasında müqayisə aparılır. Keçmiş dövrün sənətkarlarının əsərləri simmetrik, mükəmməl və ideallaşdırılmış obrazlarla zəngin idi və bu əsərlər əsasən yüksək təbəqə üçün nəzərdə tutulmuşdu. Belə əsərlər cəmiyyətin real həyatını və xüsusən də aşağı təbəqənin gündəlik yaşantılarını, duyğularını, problemlərini əks etdirmirdi. Bu baxımdan bu əsərlər onlara mənasız və uzaq görünürdü. Bunun əksinə olaraq Kokoschka həyatın sadə, təbii tərəflərini, hətta eybəcərliyini də öz sənətində təbii gözəllik kimi təqdim edirdi. Çirkinliyi və digər “mənfi” görünən xüsusiyyətləri gözəlliyin bir hissəsi kimi qəbul edir və hər şeyin, Tanrının yaratdığı hər şeyin, özünəməxsus bir gözəllik daşıdığını vurğulayırdı. Həqiqətən də, çirkinlik və gözəllik arasındakı sərhədlər çox vaxt süni olur və cəmiyyətin gözləntiləri ilə formalaşır. Kokoschka öz sənətində insan təcrübəsinin bütün tərəflərini, hətta həmin təcrübələrin ən çətin və çirkin tərəflərini də yüksək qiymətləndirir və onları gözəlliyin bir hissəsi kimi göstərir. Bu yanaşma onu göstərir ki, Kokoschkanın sənətində həyatın müxtəlifliyi və mürəkkəbliyinə daha realist, humanist və daha dərin baxış var. Sənət vasitəsilə həyatın bütün tərəflərini, hətta çirkin görünən tərəflərini də gözəllik və insan təcrübəsinin bir hissəsi kimi təqdim etməyə çalışır.

Gözəlliyin estetiklik rolu. Gözəllik qədim zamanlardan bəri qüsursuz nizam, parlaqlıq və bütövlüyün mövcudluğu kimi dəyərləndirilmişdir. Yəni bir əşyanın, bir insan vücudunun və ya hər hansısa bir bitkinin bütün xarakteristik xüsusiyyətləri öz zahiri görünüşündə əks etdirməyi onun gözəl olduğunu deməyimə kifayət edir. Estetikadan danışdıqda bəzən bu anlayışı gözəllik kimi qələmə veririk, çirkinliyin və eybəcərliyin üzərində  çox da durmuruq. Və adətən çirkinliyi gözəlliyin əksi kimi dəyərləndiririk. Umberto Eko eybəcərliyin estetik-mədəni təhlilini apararkən, onun gözəlliklə qarşıdurmasından daha çox, çirkinliyin cəmiyyətin və dövrün estetik prinsipləri ilə necə bağlı olduğu vurğulamışdır. O, çirkinliyi gözəlliyin əksi kimi görməkdənsə, çirkinliyin özünün xüsusi estetik dəyəri olduğunu söyləyir. Eko vurğulayır ki, “çirkinlik” anlayışı zamanla təkamül edir və mədəniyyətə görə dəyişən bir fenomendir. Yəni bir dövrdə çirkin sayılan bir şey başqa bir dövrdə gözəl sayıla bilər. “Bu baxımdan çirkinlik termini əksiklik, çatışmazlıq, assimmetriya və ya çürümə kimi anlayışları özündə əks etdirə bilir. Bəzən çirkinliyi ifadə etməyimiz üçün əksik olmağı vacib olmur, bir canlının altı barmaqlı olması kimi artıqlıq da təbiətin qəribə görünüşü kimi dəyərləndirilərək çirkinlik olaraq qəbul edilə bilir” [5]. Yəni çirkinlik anlayışının təkcə fiziki qüsurlar, ləkələr və ya naqisliklərlə əlaqələndirilməməsi, əksinə, çirkinliyin daha geniş və mürəkkəb bir anlayış olduğu vurğulanır. Eybəcərlik təkcə “çatışmazlıq” və “asimmetriya” ilə bağlı deyil, bəzən təbiətin və ya varlığın qeyri-adi və ya təbii olan tərəflərinin də çirkinlik kimi qəbul oluna bilməsidir. Məsələn, bir varlıqda tarazlıq və harmoniya yoxdursa, onu çirkinlik kimi qəbul etmək olar. Bu cür əksikliklər, xüsusən də gözəlliklə müqayisə edildikdə, çirkinlik əlaməti sayıla bilər. Bununla belə, çirkinlik yalnız çatışmazlıq və asimmetriyadan ibarət olmamalıdır. Çirkinlik bəzən həddindən artıq və qeyri-adi xüsusiyyətlərdə də özünü göstərə bilər. Məsələn, bir heyvanın “altı barmağının olması”, çoxsaylı və ya qeyri-adi xüsusiyyətlərin olması kimi bir vəziyyət də çirkinlik kimi qiymətləndirilə bilər. Təbiətin “qəribə” və ya “normadan fərqli” görünməsinə baxmayaraq, bu cür həddindən artıqlıq və dəyişikliklər çirkinlik kimi qəbul edilə bilər. Burada çirkinliyə təbiətin və varlığın özünün qəribəlikləri, anormal vəziyyətlər və qeyri-adi görünüşlər daxildir. İstənilən artıqlıq, xüsusən də “normal” ölçülərdən kənara çıxanlar çirkinlik kimi qiymətləndirilə bilər.

 

Nəticə

Bütün bunlara əsasən delə bilərik ki, çirkinlik anlayışı təkcə fiziki və ya estetik qüsurlarla bağlı deyil, həm də cəmiyyətin, dövrün və mədəniyyətin gözəllik və çirkinlik anlayışından asılı olaraq dəyişir. “Çirkin” sayılan bir şey o dövrün və ya mədəniyyətin normaları və gözləntiləri ilə müəyyən edilir. Bu, çirkinliyin sabit və obyektiv bir anlayış olmadığını göstərir. Bu anlayış estetik və sosial, fəlsəfi və mədəni kontekstlərə görə dəyişə bilər. Məsələn, müəyyən bir zaman və ya mədəniyyətdə çirkin hesab edilən bir şey başqa bir zamanda və ya mədəniyyətdə gözəl və ya dəyərli sayıla bilər. Bu onu göstərir ki, çirkinlik anlayışı dinamikdir və zamanla inkişaf edə bilər.

Çirkinlik çox vaxt obyektiv və sabit bir anlayış kimi qəbul edilmir. Filosoflar qeyd etmişlər ki, eybəcərlik insanın mədəni, sosial və tarixi kontekstindən asılı olaraq dəyişir. Məsələn, Rosenkranz çirkinliyi formaların asimmetriyası, təsadüf və təhriflərlə əlaqələndirir. Eyni zamanda, Umberto Eko eybəcərliyi insanın cəmiyyətdəki müxtəlif norma və gözləntilərinə uyğun olaraq təkamül edən fenomen hesab edir. Bir şeyin çirkin olub-olmaması cəmiyyətin gözəllik anlayışından və dövrün estetik anlayışından asılıdır. Onlar bildirirlər ki, çirkinlik gözəlliyin tam əksi deyil, bəzən onun təbii və vacib hissəsidir. Kokoschka kimi rəssamlar çirkinliyə sənətin və həyatın bir hissəsi kimi baxırlar. Çirkinlik gözəlliyin yalnız müsbət cəhəti deyil, həyatın bütün cəhətlərini və təcrübələrini özündə əks etdirən bir anlayışdır. Çirkinlik həm də insanın təbiətinin, daxili halının təzahürü ola bilər və bəzən bu “eybəcərlik” yeni bir anlayışa və ya hissə səbəb ola bilər.

 

Ədəbiyyat

  1. Altuner H. (2015). Ekspresyonizmde Hıristiyanlık ve “Çarmıhta İsa” Tasvirinin kullanımı, SDU Faculty of Arts and Sciences Sosyal Bilimler Dergisi Journal of Social Sciences, Sayı: 34, S. 250-251.
  2. Ayvazoğlu B., “Estetik ve Tasavvuf”, Vefatının 10. Yılında Mehmet Zahid Kotku Vefatı ve Tasavvuf Sempozyumu, 1991, S. 203.
  3. Cevizci A., Felsefe Sözlüğü, İstanbul: Paradigma Yayıncılık, 3. Baskı, 1999, S. 193.
  4. Demir M., Umberto Ecoda güzelliğin ve çirkinliyi estetik yorumu. Yüksek Lisans Tezi. Mardin Artuklu Universitesi. 2018. S. 108.
  5. Eko U.,2009, Çirkinliğin tarihi, Doğan Egmont yayıncılık, Hong Kong, səh 9-15.
  6. Eko U.,2006, Güzelliğin tarihi, Çeviren: A. C. Akkoyunlu. İstanbul: Doğan Egmont Yayıncılık. Səh. 133.
  7. Sakallı M., Çağdaş sanatta beden kullanımı olarak çirkinin estetiği, Işık üniversitesi, 2018, S. 128.
  8. Sanur R., Kuranda Güzellik ve Çirkinlik, İzmir, 2022, səh 14.
  9. Tolstoy L.N., Sanat nedir?, İstanbul: İlgi Kültür sanat, 2. Baskı, 2021. Səh. 64.

 

Daxil oldu: 16.10.2024

Qəbul edildi: 19.11.20

 

 

https://doi.org/10.36719/2791-3732/9/60-64

Səma Məmmədli

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi syamammadli088@gmail.com

 

QADIN BƏŞƏRİYYƏTİN ANASIDIR

 

Xülasə

Qadınlar bəşəriyyətin dayaq sütunudur, ailənin gücü və inkişafında əsas rol oynayır. Məqalədə qadının ailə içindəki əhəmiyyəti, onun fədakarlığı, cəsarəti və ailə üzvlərinə olan bağlılığı vurğulanır. Qadınların fədakarlığı adətən gözardı edilir, lakin onlar ev işlərini idarə etmək, uşaqlara qayğı göstərmək və bəzən eyni zamanda işləmək kimi çətinliklərlə qarşılaşırlar. Ailə quruluşunda qadınların əsas rolu Dədə Qorqud dastanında da öz əksini tapıb. Burada qadınlar yalnız ev işləri ilə məşğul olmamış, döyüşlərdə də iştirak etmişlər. Qadınların tövsiyələrinə və fikirlərinə hörmət edilib, ailə problemləri onların müdrikliyi ilə həll olunub. Qadın həm də ana obrazıdır. “Cənnət anaların ayaqları altındadır” kimi ifadələr qadının əhəmiyyətini göstərir. Analığın təbiətindəki fədakarlıq heç vaxt dəyişməyib. Qadınlar öz övladları üçün hər cür çətinliyə sinə gərərək onlara həyat verməyə çalışırlar. Məqalədə Dədə Qorqud dastanından misallar gətirilir. Həyat yoldaşına, övladına olan sevgisi ilə qadınlar böyük fədakarlıq göstərir. Dirsə xanın xanımının göstərdiyi qəhrəmanlıq, Burla Xatunun döyüşçü rolu qadınların gücünü və dözümünü nümayiş etdirir. Qadınlar ailə içində, cəmiyyətdə güc və şəfqəti simvollaşdırır. Onlar həm də döyüşçü ruhları ilə tanınır. Bu cür qadın obrazları, “Dədə Qorqud” dastanında olduğu kimi, hər dövrün qadınlarının həyatını və mübarizələrini təsvir edir. Nəticə olaraq, qadınların əhəmiyyətini dərk etmək, onların hüquqlarına və haqlarına daha çox dəyər vermək cəmiyyətin inkişafı üçün vacibdir. Qadınların həyatda, ailədə və cəmiyyətdəki rolunu tanımaq və onlara dəyər vermək lazımdır.

Açar sözlər: qadın, ana, ailə, fədakarlıq, “Dədə Qorqud”, həyat yoldaşı, döyüşçü qadın, cəsarət,

qadın hüquqları, sevgi

 

Sama Mammadli

Turkay Dayanat Vaqfi Baku Turkish liseum syamammadli088@gmail.com

 

A WOMAN IS THE MOTHER OF HUMANITY

 

Abstract

Women are the pillars of humanity; they play a key role in the strength and development of the family. The article emphasizes the importance of a woman in the family, her dedication, courage and commitment to family members. Women’s sacrifices are often overlooked, but they face the challenges of managing household chores, caring for children, and sometimes working at the same time. The main role of women in the family structure is also reflected in the Dede Korkut saga. Here, women were not only engaged in housework but also participated in battles. Women’s advice and opinions were respected, and family problems were solved with their wisdom. A woman is also a mother figure. Expressions like “Heaven is under the feet of mothers” show the importance of women. The sacrifice in the nature of motherhood has never changed. Women try to give life to their children by facing all kinds of difficulties. The article gives examples from the Dede Korkut saga. With their love for their husbands and children, women make great sacrifices. The heroism shown by Dirsa Khan’s wife and the warrior role of Burla Khatun demonstrates the strength and endurance of women. A woman’s role in the family and her warrior spirit are often overlooked. However, the article highlights how women are doing great things as both mothers and warriors. Women symbolize strength and compassion in the family and in society. They are also known for their warrior spirits. Such female characters depict the lives and struggle of women of all times, as in the Dede Korkut saga. In conclusion, realizing the importance of women and giving more value to their rights and rights is important for the development of society. The role of women in life, family and society should be recognized and valued.

Keywords: woman, mother, family, sacrifice, ‘Dede Korkut’, wife, warrior woman, courage, women’s rights, love

 

Giriş

Ailəni ayaqda tutan kimdir?

Hər dəfə soruşulsa, cavabımın heç vaxt dəyişməyəcəyi suallardan biri də budur. Hər zaman “Ailəni ayaqda tutan qadındır” deyərəm. Qadınların ailəsi üçün etdiyi fədakarlıqlar çox zaman gözardı edilir. Halbuki ev işlərini öhdəliyinə götürən, uşaqlara baxan qadınlardır. İndiki dövrlərdə bu çətinliklərə baxmayaraq işləyən qadınlar çoxdur. Bu səbəbdən “evin dirəyi kişidir” deyimi və ya ayrı-seçkiliyə yol açan hər hansı bir fikir məncə doğru deyil. İnsan qruplaşması, nə etsək də, hər zaman mövcud olacaq bir şeydir. Və “Dədə Qorqud” dastanında da qadınların qruplaşması yer alır:

  1. Solduran soy (nəsli solduran)
  2. Dolduran toy (yiyən top)
  3. Evin dayağı (dirəyi)
  4. Nə qədər desən bayağı (əvvəlki kimidir)

Burada aparılan qadın bölgüsündən də anlaşıldığı kimi, əslində evi ayaqda tutan qadındır. Qədim dövrlərdə kişilər döyüşür, qadınlar sadəcə uşaqla və evlə məşğul olurdu fikrini “Dədə Qorqud” dastanı da yalanlayır. Qadınlar da kişilərdən fərqlənmədən ox atır, ova çıxır, düşmənə qarşı döyüşürdülər. Qadının fikrinə, tövsiyəsinə önəm verilirdi. Başları nə vaxt darılsa, ailə böyüklərindən, Dədə Qorquddan, qadınlardan məsləhət alırdılar. Hər zaman da problem həll olunurdu.

Qadın həm də anadır;

“Cənnət anaların ayaqları altındadır.” Hz. Məhəmməd (s.ə.s.). Hər qadın, övladı olsa da, olmasa da bir anadır. Mənim fikrimcə, bütün dövrlərdə    anaların övladlarına olan qayğısı atalara nisbətən daha çoxdur. O vaxt kişilərin düşündükləri nəsillərinin davam etməsi, oğul övladlarının ad qazanması idi. Amma heç vaxt dəyişməyən bir şey isə qadınların sadəcə ana olmaq arzusu idi. Dastanda da deyildiyi kimi, “Ana haqqı Tanrı haqqıdır.” Nə edirsən et, bu haqqı ödəmək mümkün deyil.

Dastanda adı keçən, bir müddət övlad həsrəti çəkmiş, övladı üçün ərini qarşısına alan fədakar analardan biri də Dirsə Xanın həyat yoldaşı olmuşdur. Qamqanın oğlu Bayandır Xanın dəvətində qara otaqda oturdulur və digərləri tərəfindən təhqir edilir. Evə gəldikdə isə Dirsə xan sanki günahkar xanımıymış kimi ona bağırır. Xanımı isə ona “ac görsə doyur, borcu olanı borcdan qurtar, çılpaq olanı geyindir” deyə tövsiyə edir. Və Allah onlara bir övlad nəsib edir. Qadının verdiyi tövsiyələrdən, ağıllı nəsihətdən birini burada görmüş olduq.

Dirsə xan qırx igidin dediyi bircə sözə inanır və oğlunu öldürməyə çalışır. Niyə? Oğlunun ayıbını örtüb deməsinlər deyə. Halbuki bu sözlərin doğru olub-olmadığını araşdırmadan, heç kimin olmadığı bir yerdə oğlunu ölümə tərk edib evinə dönür. Amma xanımı, Dirsə xanın tək gəldiyini görən kimi Boğaçı soruşur. Dağa-daşa çıxıb oğlunu tapır, dağ çiçəyi toplayıb məlhəm hazırlayır və övladını sağaldır. Bütün bunları yoldaşından xəbərsiz edir.

Mən “yoldaşını qarşısına alan” dedikdə məhz bunu nəzərdə tutmuşdum. O dövrdə qadının yoldaşından xəbərsiz bir iş görməsinin nə qədər çətin olduğunu nəzərə alsaq, Dirsə xanın böyük bir cəsarət göstərmişdir. Əgər bir qadın anadırsa, övladına zərər gəlməsin deyə ağlınıza gələn hər cür təhlükəni gözə alar. Uşaqları bir dəqiqə çox yaşasın deyə öz ömründən illər verir. Onları boya-başa çatdırmaq üçün bütün həyatınlarını övladlarına həsr edirlər. Daha sonra Dirsə xanın başı bəlaya girir. Oğlu kömək etmək istəməsə də, anası onu razı salır. Nəticədə Dirsə xan xilas olur. Ola bilsin ki, xanımı oğlunu razı salmasaydı, Dirsə xan xilas olmayacaqdı. Beləliklə uşağı olmur deyə Bayandır xanın dəvətindən dönüb hirsləndiyi, küsdüyü, günahlandırdığı xanımı onu xilas etmiş oldu.

Dədə Qorqud Hekayələrində Həyat Yoldaşı

Dastanda sadiq, ailəsinə bağlı, namuslu həyat yoldaşları təsvir edilir. Həyat yoldaşları vəfat etdikdən, əsir götürüldükdən sonra belə başqasını sevib evlənmirlər. Bəzi sözlər var ki, demək asandır, amma həyata keçirmək çətindir. Sadiqlik kimi. Sadiq həyat yoldaşlarından danışarkən ilk ağla gələn adlardan biri də Banu Çiçəkdir.

Beyrək və Banu Çiçək beşik kərtmələridirlər. Beyrək ov zamanı təsadüfən Banu Çiçəyin çadırına gəlir. Lakin Banu Çiçək əvvəlcə özünü mürəbbiyə kimi tanıdır. Beyrəyin igidliyini, gücünü  sınağa çəkir, evlənəcəyi şəxsin necə bir cəsur olduğunu görmək istəyir. O dövrlərdə hər qadın həyat yoldaşının ən yaxşı döyüşən, gücü ilə ad qazanan cəsur olmasını istəyərdi. Evlilikdə də qadınlar, söz hüquqlarına sahib idilər.

Birlikdə ox atırlar, güləşirlər, amma sonunda Beyrək qalib gəlir. Qız daha sonra özünün Banu Çiçək olduğunu deyir. Bir müddət sonra evlənmə qərarı alırlar, amma evlənəcəkləri gecə Beyrəyin bəylik çadırına hücum edib onu əsir aparırlar. Banu Çiçək tam on altı il onu gözləyir, yas tutur. Qardaşının verdiyi “Kim Beyrəyin ölüm xəbərini gətirərsə, bacımı ona verəcəyəm” sözləri üzündən Yalancı oğlu Yalıncıq ilə nişanlanmaq məcburiyyətində qalır. Lakin Beyrək sağ-salamat geri qayıdır və evlənirlər. Banu Çiçək on altı il Beyrəyi gözləyir, üzüyünü çıxarmır, başqası ilə nişanlansa da Beyrəyi unuda bilmir.

Göründüyü kimi qadınların fədakarlığı yalnız övladları üçün deyil. Həyat yoldaşına bağlı, onu sevən, canını belə verməyə hazır qadınlardan biri də Dəli Domrulun xanımıdır.  Dəli Domrul Əzrailə qarşı Allah tərəfindən xoş qarşılanmayan sözlər söyləyir, Allah onun işinə qarışdığı, sorguladığı üçün cəzalandırır. Əzrailə Dəli Domrulun gözünə görünməsini deyir. Yetərincə peşman olan Dəli Domrul Allaha onun bağışlaması üçün yalvarır. Allah da bir can qarşılığında onu bağışlayacağını bildirir. Dəli Domrul özünün canını verəcəyini düşündüyü üçün ana və atasının yanına gedir. Amma onlar Dəli Domrula canlarını vermirlər. Sonunda həyat yoldaşının yanına gedir və o belə deyir:

“…Ərş şahid olsun, kürsü şahid olsun

Yer şahid olsun, göy şahid olsun

Qadir Tanrı şahid olsun

Mənim canım sənin canına qurban olsun.”

Dəli Domrul Əzrail gəldikdə həyat yoldaşına qıya bilmir və Allaha yalvarır. Allah da onu bağışlayır: göründüyü kimi aralarındakı sevgi onları xilas edir.

Uzun Boylu Burla Xatun

Burla Xatun həm həyat yoldaşı, həm də ana olaraq iki fərqli boyda mövcuddur. 4 fərqli qrupa ayırdığımız qadınlardan “evin dayağı” olan qadınlardandır. O, Qazan xanın həyat yoldaşıdır. Qazan xanın olmadığı bir zamanda kafirlər evi yağmalayırlar. Bütün qadınları əsir alırlar. Qazan xanın ailəsini utandırmaq istəyən kafirlər Burla Xatuna içki içirmək istəyirlər. Burla Xatun namusunu kirlətməmək üçün bütün qadınlara onu gizlətməsi üçün xəbərdarlıq edir. Kafirlər hər kəsin olduğu yerə gəlib “Burla Xatun kimdir?” deyə soruşurlar. Bütün qadınlar bir ağızdan “Mən” deyə bağırırlar. Kafirlər Burla Xatunu tapa bilməyincə, Uruzun ətini bütün qadınlara yedizdirmək qərarına gəlirlər. Burla xatun öz övladının ətini yeməsə onu tapacaqdılar. Bu səbəblə Burla xatun başına gələnləri oğluna danışandaUruz:

“Ağzın qurusun ana, dilin çürüsün ana!

Ana haqqı Tanrı haqqı olmasaydı; Davranıb yerimdən qalxaydım,

Yakan ilə boğazından tutaydım… Bu nə sözdür!” deyə demişdi.

Yaxşı ki, Qaraca Çoban və Qazan xan tam zamanında yetişdilər. Burla Xatun bir ömür boyu nə övlad acısı, nə də namus ləkəsi ilə yaşamaq məcburiyyətində qalmadı. Burla Xatun həm də döyüşçü qadınlardan olmuşdur. Qazan, oğlunun ad alması üçün onu qan çıxartmağa aparır. Kafirlər onları tapıb döyüşürlər. Hər kəs Uruz anasının yanına gedib deyə düşünərkən, əslində o əsir düşmüşdür. Qazan evə gəldikdə baş verənləri anlayıb oğlunu xilas etməyə gedir, amma Burla Xatuna heç nə demir. Salur Qazan kafirlərlə döyüşərkən boyu uzun Burla Xatun qırx cariyəsi ilə, qılıncını quşanıb yanına gəlmişdir. Onun arxasınca Oğuz bəyiləri yetişirlər. Qazan və Uruzu xilas edirlər.

Burla Xatun, bir ananın oğluna olan sevgisini, gözünü qırpmadan etdiklərini və eyni zamanda

döyüşçü qadınlarımızı təsvir etmişdir.

 

Sarı Geyimli Selcan Xatun

Burla Xatun kimi qadınlarımızdan biri də Selcan Xatundur. Belə qadınlar yalnız Banu Çiçək, Sarı Geyimli Selcan Xatun, Uzun Boylu Burla Xatun deyildi. O zamanlar yaşayan qadınların böyük bir əksəriyyəti ox atır, müharibəyə gedə bilərdi. Kafirlərin basqınları tez- tez olduğu üçün qadınların döyüşməsi normal bir şey idi. Yoldaşları evdə olmadığı zaman, uşaqlarını qorumaq qadınların öhdəsinə düşürdü və onlarda qorxmadan layiqincə bu işi görürdülər. Bəzən yoldaşları ilə birgə döyüşürdülər. Damarlarında Türk qanı axan qadın, kişi fərqi etməz, hər kəs döyüşçü doğular.

Selcan xatun Dastanda “Yoldaşı yerindən qalxmadan qalxan, döyüş atına minmədən minən, qanlı kafir elini tapmadan başını kəsən qadın” kimi təsvir olunur. Sarı Geyimli Selcan Xatunla çoxları evlənmək istəyirdi. Amma bunun üçün öküz, aslan və dəvəni məğlub etmək lazım idi. Belə bir qadını asanlıqla istəmək olmazdı, əlbəttə. Qan Turalı, evdə oturan Türkmən qızı deyil, Selcan Xatun kimi bir yoldaş istəyirdi. Beləliklə, Qan Turalı üç heyvanla döyüşməyə, Selcan Xatunu almağa gedir. Bu zaman Selcan Xatun meydanda tikdirdiyi köşkdə baxırdı. Yanındakı bütün qadınlar qırmızı paltar geyinmiş, o isə sarı geyimi ilə seçilirdi. Buna görə də adı ‘Sarı Geyimli’ olaraq qalırdı.

Qan Turalı heyvanları məğlub edib Selcan Xatunu alıb yola çıxır. Yuxusu gəldiyi üçün yuxuya gedir, amma unutduğu bir şey var idi. Selcan Xatunun çoxlu aşiqi vardı. Asanlıqla Selcan Xatunu almasına icazə verməyəcəkdilər. Uzaq görən Selcan Xatun Qan Turalının atına zireh geyindirir, özü də zireh geyinir, nizəsini götürür və yüksək bir yerə çıxır. Ona doğru gələn altı yüz kafiri seçir. Selcan Xatun atını sürür və yoldaşını oyadır. Qan Turalı atına minib kafirlərə doğru gedərkən Selcan Xatun da onunla birgə döyüşməyə başlayır.

 

Nəticə

İndiyə qədər qadınlarla bağlı hekayələr, şeirlər, sözlər oxuduq. Hamısında qadınlarımıza nə qədər dəyər verildiyini gördük. Onların fədakarlığı, özlərərinə güvənmələri, cəsarətləri, döyüşçü ruhları və saymaqla bitməyən xüsusiyyətləri ilə qarşılaşdıq. Qadının yaradılışında vardır bunlar.

Qadın olmanın gözəl tərəfləri güclü və şəfqətli olmaqdır. Uşaq dünyaya gətirmək, bütün uşaqlara ana ola bilməyi bacarmaqdır. Qadın olmaq zəriflikdir, incəlikdir, hər şeyə rəğmən qadın olduğunu unutmamaqdır.

Dədə Qorqud hekayələrində çoxlu qadın tipləri mövcuddur. Oxuduqlarımızın hər biri nümunəvi ana, həyat yoldaşı, qadın olublar. Pis qadın xüsusiyyətlərinə sahib biri dastanda yer almır.

Dədə Qorqud hekayələrində problemləri həll edən obrazlar olaraq kişilər ön planda olsa da, qadın obrazlarına da az yer verilməmişdir. Daha çox cəmiyyətin kişinin gücünə ehtiyacı olduğu vurğulanmışdır. Buna görə də Dədə Qorqud dastanı ideal bir kitapdır. Kişi-qadın ayrımının olmadığı, sətiraltı mesajlar verən bir dastandır.

Mustafa Kamal Atatürkün çox sevdiyim və mövzu ilə uyğun bir sözü var: “Yerdə gördüyümüz hər şey, qadının əsəridir”.

Canı verən Allahdır, o canı dünyaya gətirən isə analarımızdır. Onların qiymətini bilməli və onları xoşbəxt etməliyik. Qadın xoşbəxt olanda ailə xoşbəxt olur. Xoşbəxt ailədən yaranan cəmiyyət hər zaman irəliləyir və inkişaf edir.

Peyğəmbərimiz (s.a.s.) qadınların könüllərini ən çox xoş edən idi. Qurani-Kərimdə qadına, anaya dəyər verilməsiylə bağlı ayələr mövcuddur. Bu cür müqəddəs bir kitabda belə haqlarından bəhs edilən qadınlarımızı qorumalı, gözəl yaşamaları üçün əlimizdən gələni etməliyik.

 

 

Ədəbiyyat

  1. Atatürkün qələmə aldığı” Vatandaş İçin Medeni Bigiler” əsəri
  2. Azmun Y. Dədə Qorqudun üçüncü əlyazması. Soylamalar və iki yeni Boy ilə Türkmən Səhra Nüsxəsi. Metin-Çeviri-Sözlük-Tıpkıbasım. İstanbul: Kutlu Yayınevi, s. 176
  3. Dergi Park “Dede Korkut Hikayelerinde kadın ve aile kavramları”
  4. Əliyev S. “Dədə Qorqud” kitabının Drezden və Vatikan əlyazmaları. Dədə Qorqud Dünyası. Məqalələr. Bakı, “Öndər”, 2004, s. 240
  5. Goody, J. (2009). “Sözlü Kültür”. Milli Folklor, 21(83), 128-132
  6. Özçelik “Dede Korkut Oğuz Beylerinin Destanlaşmış Hikayeleri” kitabı.
  7. İmam Buxari tərəfindən toplanılmış “Səhih əl-Buxari” hədis kitabı
  8. Kitabi-Dədəm Qorqud. Bakı, Yeni nəşrlər evi, 1999.
  9. Şimşek, A. H., (2016). “Türk Destanlarında Kadın İmgesi”, (Ed. Ş. Ulusan, S. Kayhan).
  10. Türk Dünyasında Kadın Algısı (s.15-23), Manisa: Manisa Celal Bayar Üniversitesi Yayınlar.

 

 

Daxil oldu: 18.10.2024

Qəbul edildi: 11.11.2024