11.12.2025-ci il tarixində təşkil olunan seminarda “Dədə Qorqud” laboratoriyasının müdiri, fil. f. d. Almara Nəbiyeva, fil. f. d., k.e.i. Ülviyyə Akif qızı İbrahimova, k.e.i. İlhamə Məhəmməd qızı Babanlı və laboratoriyanın digər əməkdaşları iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva mövzu ilə bağlı çıxış edərək vurğulayıb ki, Azərbaycan dilində tabeli mürəkkəb cümlə komponentlərini bağlayan vasitələrin, bu tip cümlələrin quruluş və budaq cümlə növlərinin təşəkkülünü izləmək üçün Orxon-Yenisey yazılı abidələri və “Kitabi-Dədə Qorqud” dastanları olduqca zəngin material verir. Sonra laboratoriyanın kiçik elmi işçisi Ülviyyə İbrahimova məruzə ilə çıxış edərək qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanının dili tabeli mürəkkəb cümlələrin geniş istifadəsi ilə səciyyələnir. Dastanda budaq cümlələrin müxtəlif növlərinə rast gəlinir ki, bu da həm nəqlin genişliyinə, həm də şifahi danışıq üslubunun təbiiliyinə xidmət edir. Bundan başqa laboratoriyanın kiçik elmi işçisi İlhamə Babanlı qeyd edib ki, Kitabi-Dədə Qorqud dastanın dilində budaq cümlənin bütün növlərinə rast gəlinir ki, belə cümlələr dastanın dilini daha zəngin və bədii edir, müxtəlif fikir və hisslərin ifadəsinə imkan yaradır.
Seminarda bildirilib ki, müasir ədəbi dildə olduğu kimi, dastanın dilində də tamamlıq budaq cümləsi ən çox işlənən və rəngarəng xüsusiyyətləri ilə seçilən budaq cümlə növüdür. Dastanda tamamlıq budaq cümlələrinin geniş işlənməsi təsadüfi deyil; çünki epik məzmunun böyük hissəsi nitqin, düşüncənin və niyyətin məzmununu açıqlamaq üzərində qurulub.
Seminar qarşılıqlı fikir mübadiləsi ilə davam edib.









