Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib.
“Şanlı Tariximizin Əbədi Qələbəsi -5il”
2025-ci il oktyabrın 22-də Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasında (ETL) “Şanlı tariximizin əbədi qələbəsi -5il” adlı elmi-nəzəri seminar keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
“Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva Zəfər günü münasibəti ilə əməkdaşları təbrik edib bildirmişdir ki, 8 Noyabr – Zəfər Günü xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış şanlı gündür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və sərkərdəliyi ilə 30 illik işğala 44 gün ərzində son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmiş və ölkəmiz qalib dövlətə çevrilmişdir. Vətən müharibəsinin başa çatmasından dərhal sonra Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilmiş, bu torpaqlarda həyat yenidən canlanmışdır. Bu qələbə dövlətçilik tariximizin ən şanlı səhivəsi oldu.
Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Videoçarx nümayiş etdirildikdən sonra, laboratoriyanın əməkdaşları :
Ülviyyə İbrahimova çıxış edərək bildirmişdir ki, 8 Noyabr 2020-ci il Vətən müharibəsində qazanılan böyük qələbənin rəmzidir. Bu qələbə ilə Ali Baş Komandan, ordu, xalq birliyi öz sözünü deyə bildi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, milli ləyaqətimiz, tarixi ədalət, xalqın özünə inamı bərpa edildi.
Samirə Quliyeva öz çıxışında qeyd etmişdir ki, müharibə zamanı ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri dini və milli dəyərlər ətrafında birləşərək vətən sevgisini nümayiş etdirmişdir. Zəfər yürüşünün ilk addımları Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd və Kənd Horadiz kimi ərazilərindən başlanmışdır. Bu torpaqlar bu gün bizim üçün xüsusi mənəvi əhəmiyyət daşıyır – burada qələbəmizin təməli qoyulmuş, düşmən məğlubiyyətinin başlanğıcı yazılmışdır. Qələbənin rəmzi olan “nida” isə, qeyd etdiyi kimi, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox əvvəllər qoyulmuşdur.
İlhamə Babanlı çıxış edərək qeyd etmişdir ki, 8 Noyabr – Zəfər Günü təkcə 30 illik işğalın deyil, iki əsrlik zülm və soyqırımı faciələrinin sonu, xalqımızın tarixi ədaləti bərpa etdiyi gündür. Azərbaycan xalqı sanki çiynindəki ağır yükdən azad olmaq üçün bütün gücünü səfərbər etmişdir. Bir sözlə qeyd etmək istəyirəm ki, şəhidlər vətənimizin şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular, ölümləri ilə əbədi ölməzlik qazandılar.
Rəna Cavadova vurğulamışdır ki, xalqımızın əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq–iqtidar birliyi ölkəmizin tarixi qələbəsini təmin edən əsas amillər olmuşdur. Azərbaycan xalqı ulu əcdadlarının dövlətçilik və hərb ənənələrindən ilhamlanaraq yeni qəhrəmanlıq salnaməsi yazmış və bütün dünyaya özünün qalib xalq olduğunu sübut etmişdir.
Əliyeva Fərqanə çıxışında vurğulamışdır ki, 8 Noyabr xalqımızın şanlı tarixinə qızıl ilmələrlə işlənmişdir. Qarabağ zəfərinin simvolu sayılan Şuşa əməliyyatı müasir hərb tarixində yeni taktiki üsullarla həyata keçirilmiş və bütün dünyanın diqqətini cəlb etmişdir.
Fərqanə Ağayeva da çıxışında 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatından bəhs etmişdir. O vurğulamışdır ki, düşmənin uzun illər ərzində qurduğu müdafiə xətti artıq müharibənin ilk günlərində yarılmış, Azərbaycan Ordusu qətiyyətlə irəliləyərək ardıcıl şəkildə yaşayış məntəqələrimizi azad etmişdir.
Sonda Zəfər günü ilə əlaqədar keçirilmiş “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar Abbas Bağırov “Xudayar təsnifi”, Çinarə Məlikzadənin “Azərbaycan”, Azad Şabanov “Qarabağdan Salamlar” (məktub) ilə yekunlaşdı.
İştirak etmişdir: 9 nəfər –1 prof., 3 fil.ü.f.d, 2 k.e.i., 2 b.l.,2 l.
