“Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

TƏBRİK EDİRİK

         17 may 2023-cü il tarixində BDU-nun Filologiya fakültəsinin “Dədə-Qorqud” elmi-tədqiqat laboratoriyasının “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda könüllü tələbələrlə birgə keçirdiyi elmi seminar keçirildi. Seminarda Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, “Dədə Qorqud” milli fondunun prezidenti, “Azərbaycan dünyası” adlı beynəlxalq dərginin redaktoru Eldar İsmayılov və “Azərbaycan dünyası” adlı beynəlxalq dərgisinin katibi və “Dədə Qorqud” milli fondunun vitse-prezidenti Nərgiz Namiq qızı, ADPU ETM-in əməkdaşı, Respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyeva, professor-müəllim heyyəti, laboratoriyanın əməkdaşları və fakültənin könüllü tələbələri iştirak edirdilər. Elmi seminar Dövlət himni ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Filologiya üzrə fəlsəfə doktoru, Aşıqlar Birliyinin üzvü, “Dədə Qorqud” ETL-nın müdiri Almara Nəbiyeva “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda çıxış etdi. O, çıxışında Azərbaycan dövlətçiliyində silinməz izlər qoymuş, milli mənsubiyyəti ilə ömür boyu fəxr etmiş, qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin fəaliyyəti haqqında fikirlərini çatdırdı. Ulu Öndərin təşəbbüsü ilə beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESKO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin “Qız qalası” və “Şirvanşahlar Saray Kompleksi” Dünya İrs Siyahısına daxil edilməsinin bariz nümunədir. Bununla yanaşı Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti boyu gənclərə vətənin, xalqın gələcəyinin onların əllərində olmasını, gələcək Azərbaycanın məsuliyyətinin onların üzərinə düşdüyünü tez-tez xatırladırdı. Ulu Öndər bütün ömrünü Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin: din, dil, ədəbiyyat, tarix, mədəniyyət və s. qoruyaraq gənc nəslə ötürmüşdür. Prezident Heydər Əliyevin gənclərə göstərdiyi qayğının nümunəsi olaraq 2 fevral 1997-ci ildə verdiyi sərəncamı göstərmək olar. O cümlədən 2 fevralın “Gənclər günü” kimi keçirilməsi MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Bundan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün keçirilməyə başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilir. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx izlənildi.

ADPU-nun ETM-nin elmi işçısi, Respublikanın Əməkdar müəllimi Zülfiyyə Vəliyeva da maraqlı çıxış etdi: “Azərbaycanın gənc nəsli fəxr edə bilər ki, Heydər Əliyev kimi Ulu Öndəri var. Ondan öyrənməklə, onun nümunəsində Azərbaycanın gələcəyi olan gənc nəsil tərbiyə olunur! Zəka sahibləri olan insanlar İlahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Bu gün gənc nəslin formalaşdırılmasinda H.Əliyev nümunəsi vardır.

BDU könüllülərinin sədr müavini Quliyev Rəvan çıxışında Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatında rolunu qeyd etdi. FL-149 qrupun tələbəsi Ayşən Heybətlinin təqdimatında şeirlər və mahnılar ifa olundu.

Elmi seminarda iştirak edən “Dədə Qorqud” milli fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının redaktoru Eldar İsmayılov çıxışında 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin “Kitabi Dədə Qorqud” dastanı ilə bağlı verdiyi sərəncamla Bakı Dövlət Universitetində fəaliyyətə başlayan “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının Türk dünyasının ədəbi abidəsi olan “Kitabi- Dədə Qorqud” eposunun genişmiqyaslı tədqiqatlarının nəticəsi olaraq “Dədə Qorqud” mükafatına layiq görüldüyünü vurğuladı və dastanı “Dədə Qorqud dünyası” beynəlxalq elmi-nəzəri jurnal vasitəsi ilə dünyaya tanıdılmasında görülən işlərini nəzərə alaraq “Azərbaycan Dünyası” beynəlxalq dərgisi, “Dədə Qorqud Milli Fondu” və Dünya Azərbaycanlılarının 17 may 2023-cü il tarixli qərarı ilə “Dədə Qorqud” mükafatını Filologiya üzrə fəlsəfə doktoru, Aşıqlar Birliyinin üzvü Almara Nəbiyevaya təqdim etdi”.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov yekun olaraq qeyd etdi ki, “Dədə Qorqud” ETL-in  könüllü tələbələri ilə birlikdə keçirdiyi elmi seminar  H. Əliyev və onun siyasi fəaliyyətinin gənc nəslə tanıdılması ilə bərabər onlara  vətənə, millətə bağlılığı eyni zamanda ədəbiyyatımızın (xüsusən “Kitabi-Dədə Qorqud” dastanının) aşılanmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Anar fərəcov bir nüansa da toxunaraq qeyd etdi ki, bu gün Almara Nəbiyevanın “Dədə Qorqud” mükafatına layiq görülməsi əslində sadəcə Almara xanımın deyil “Dədə Qorqud” laboratoriyasının uğurudur, bütün bu zaman aşamasında zəhmətlərinin bəhrəsidir.  Elmi seminarın təşkilində əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.

A.Nəbiyeva: «Bəli, əməyimizə verilən dəyər şübhəsiz ki, bizi sevindirir və həm də gələcək fəaliyyətimiz üçün stimuldur. Sevindirici haldır ki, 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı verdiyi sərəncamla Bakı Dövlət Universitetində fəaliyyətə başlayan “Dədə-Qorqud” elmi tədqiqat laboratoriyası  Türk dünyasının “dədəsi”  “Kitabi – Dədəm Qorqud” eposu ilə bağlı  elmi tədqiqat işlərinin nəticəsi olaraq bu mükafata layiq görüldük. Təşkilatın rəhbəri  Eldar İsmayılova təşəkkür edirik».