“Kitabi-Dədə Qorqud” dastanının dünya arealına inteqrasiyası mövzusunda elmi seminar keçirilib

Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasında “Kitabi-Dədə Qorqud” dastanının dünya arealına inteqrasiyası mövzusunda elmi seminar təşkil olunub. 11 mart 2026-cı il tarixində keçirilən seminarda laboratoriyanın müdiri filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, kiçik elmi işçi Aidə Yaşar qızı Əzimova, laborant Fərqanə Məhəddin qızı Ağayeva və laboratoriyanın digər əməkdaşları iştirak ediblər. Seminarı giriş sözü ilə açan laboratoriyanın müdiri Almara Nəbiyeva mövzu ilə bağlı çıxış edərək bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı tariximizin, mədəniyyətimizin, ictimai fikrimizin və milli-mənəvi düşüncəmizin formalaşmasında müstəsna əhəmiyyətə malik olan abidələrdəndir. O qeyd edib ki, türk dastanları sırasında xüsusi yer tutan bu epos türk-Azərbaycan elminə məlum olmamışdan əvvəl onun tədqiqi ilə ilk dəfə Avropa şərqşünas alimləri məşğul olublar. Daha sonra laboratoriyanın kiçik elmi işçisi Aidə Əzimova məruzə ilə çıxış edərək vurğulayıb ki, müxtəlif ölkələrin alimləri tərəfindən dastanın tədqiqi və tərcüməsi həyata keçirilmiş, nəticədə epos beynəlxalq elmi inteqrasiyaya daxil olmuşdur. O qeyd edib ki, alman şərqşünası H.F. fon Dits 1815-ci ildə dastanın “Təpəgöz” boyunu alman dilinə tərcümə edərək nəşr etdirib. T. Nöldeke isə əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamağa cəhd göstərib. Görkəmli şərqşünas alim Vasiliy Bartold 1894–1904-cü illərdə dastanın dörd boyunu rus dilinə tərcümə edərək çap etdirib, 1922-ci ildə isə əsərin tam tərcüməsini başa çatdırıb. Həmin tərcümə 1950-ci ildə Bakıda Həmid Araslının və Məmmədhüseyn Təhmasibin redaktəsi ilə, 1962-ci ildə isə Moskvada nəşr olunub. Vasiliy Bartold dastanı geniş və əhatəli şəkildə tədqiq edərək onun tarixi mənbə kimi böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. Seminar çərçivəsində çıxış edən laboratoriyanın laborantı Fərqanə Ağayeva isə qeyd edib ki, dastanın beynəlxalq səviyyədə tanıdılmasında mühüm hadisələrdən biri də UNESCO tərəfindən “Dədə Qorqud irsi, dastan mədəniyyəti və musiqisi”nin 2018-ci ildə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsidir. Bu qərar dastanın qlobal mədəni irs kimi qəbul olunduğunu göstərir və onun dünya mədəniyyətləri arasındakı əhəmiyyətini təsdiqləyir. Seminarda həmçinin Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı aparılan tədqiqatların və görülən işlərin əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu istiqamətdə həyata keçirilən elmi araşdırmaların genişlənməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı mühüm rol oynayıb.

Elmi seminar mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.