“Qorqud nəfəsli şair, yaxud “Sazımın sözü” Dədə Qorqudun dili ilə” mövzusunda elmi seminar keçirilib.

22 aprel 2026-cı il tarixində Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasında “Qorqud nəfəsli şair, yaxud “Sazımın sözü” Dədə Qorqudun dili ilə” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriyanın müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, kiçik elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Samirə Quliyeva və digər əməkdaşlar iştirak ediblər. Almara Nəbiyeva bildirib ki, xalqımızın ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları əsrlər boyu yazıçı və şairlər üçün ilham mənbəyi olub. Bu mövzuda müxtəlif əsərlər yazılmış, dastanlar hətta nəzmə çəkilmişdir. Elmi seminardə məruzə ilə çıxış edən Samirə Quliyeva qeyd edib ki, Cənubi Azərbaycanda anadilli ədəbiyyatın inkişafında mühüm rol oynamış Bulud Qaraçorlu Səhənd vətənpərvər və mübariz ruhlu sənətkar kimi ədəbiyyat tariximizdə xüsusi yer tutur. Onun yaradıcılığında milli azadlıq ideyaları, qəhrəmanlıq, vətən sevgisi və mənəvi dəyərlər əsas xətti təşkil edir. Məruzədə şairin “Sazımın sözü” əsərinə xüsusi diqqət yetirilib. Bildirilib ki, bu əsər Səhəndin daxili dünyasını və xalq ruhuna bağlılığını dolğun şəkildə əks etdirir. Əsərdə saz yalnız musiqi aləti kimi deyil, həm də sözün və milli yaddaşın rəmzi kimi təqdim olunur. Şair saz vasitəsilə keçmişlə bu gün arasında mənəvi körpü yaradır. Vurğulanıb ki, “Sazımın sözü” müasir Cənubi Azərbaycan ədəbiyyatında “Heydərbabaya salam” əsərindən sonra ikinci mühüm ədəbi hadisə kimi qiymətləndirilir. Müəllif bu əsərdə “Kitabi-Dədə Qorqud” boylarını nəzmə çəkərək hər dastanın əvvəlinə “Başlanış”, sonuna isə “Qurtarış” əlavə edib və onları xalqın ictimai həyatı ilə əlaqələndirib. Sonda məruzəçi qeyd edib ki, Səhəndin dili sadə və axıcı olmaqla yanaşı, dərin məna qatları ilə zəngindir. Şair sözlərini sazın ahəngi ilə ifadə edir, hər misrasında tarixi yaddaşı yaşadır. Onun yaradıcılığı “Kitabi-Dədə Qorqud” ruhuna yaxınlığı ilə seçilir.

Elmi seminar mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam edib.